İki məşhur vəkil arasında növbəti qarşıdurma yaranıb.
Söhbət vəkil Aslan İsmayılovla Qurban Məmmədov arasında yaranan qarşıdurmadan gedir.
Buna səbəb isə vəkil Qurban Məmmədovun 2010-cu il parlament seçkilərinə dair verdiyi açıqlama olub. Həmin açıqlamada qeyd edilib ki, Aslan İsmayılov seçkilərdə bitərəf namizəd Adil Əliyevə uduzub. Məmmədovun bu fikri Aslan İsmayılovun ciddi narazılığına səbəb olub. İsmayılov həmkarı Qurban Məmmədovdan bu açıqlamaya izahat verməsini istəyib. Qurban Məmmədov isə xatırladıb ki, vaxtilə Aslan İsmayılovun özü bəyan edib ki, A.Əliyev İsa Qəmbəri və onu seçkilərdə udub.
Bundan sonra tərəflər arasında mübahisə daha da qızışıb. Lakin tərəflər uzun müzakirələrdən sonra yekdil fikrə gələ bilməyib. Ən maraqlısı isə odur ki, 2010-cu il seçkilərində Qurban Məmmədov Aslan İsmayılovun vəkili olub.
Fikrət Yusifovla Natiq Cəfərlinin məhkəməsi başlayır
Sabiq Maliyyə naziri Fikrət Yusifovla Respublikaçı Alternativ Hərəkatının icraçı katibi Natiq Cəfərli arasında başlanan mübahisə məhkəmədə həll edilir. Artıq iki iqtisadçı münasibətlərini məhkəmə və hüquq müstəvisində aydınlaşdıracaq. Dünən Yasamal rayon məhkəməsində bununla bağlı hazırlıq iclası keçirilməli idi. Lakin gözlənilmədən proses noyabrın 3-nə qədər təxirə salınıb. Az sonra isə məlum olub ki, prosesin təxirə salınması təşəbbüsü Natiq Cəfərlidən gəlib. Belə ki, məhkəmədən gələn zəngdən sonra Cəfərli seçki prosesində iştirak etdiyini diqqətə çatdıraraq hakimdən xahiş edib ki, prosesi bir qədər təxirə salsın. Hakim isə bu reallığı nəzərə alaraq məhkəmə prosesini noyabrın 3-nə qədər təxirə salıb. Qeyd edək ki, məhkəmədə iddianı sabiq nazir qaldırıb. O, Natiq Cəfərlini mətbuatda təhqirə yol verdiyi səbəbindən bu addımı atıb.