17 Oktyabr 2015 16:31
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyeva Beynəlxal Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, xalq artisti, köməkçisi Mehriban Hüseynovanın onu öldürmək istədiyini və yeməyinə dərman əlavə etdiyini qeyd edib, saxta sənədləri, vəsiyyətnaməsini və səs yazısını mətbuat nümayəndələrinə təqdim edib: “Bu gün mənim sizə çox kədərli etiraflarım var. İl yarım bundan əvvəl evimə Mehriban Hüseynova köməkçi və xadimə qismində gəldi və onu Lider Televiziyasının işçisi Lamiyə Ələkbərovanın vasitəsi ilə tanıdım. Mənim yanımda işləmək üçün özünü sırımağa başladı. Çox hiyləgər bir insandır. Mən də işə götürdüm. Evimdə xadiməçəlik etməklə yanaşı kömək də edirdi. Zamanla o, mənim evimdə çox xoşagəlməz işlər görüb. İlk görüşdən oğlumun dostuna deyib ki, qardaş, mənə zəhər tap. İlhaməni öldürmək istəyirəm. O da deyib ki, nə zəhər, nə dərman? Bu sözlərdən sonra oğlumun dostu onun dediklərini telefonuna yazdırıb. Deyib ki, niyə öldürmək istəyirsən? Bildirib ki, İlhamə, niyə bu qədər yaşasın, onun varı-dövləti bizə qalmalıdır. Maşının açarını da sənə verəcəm. Yatdığı yerdə adam çağırtdırıb venasına hava yeritdirəcəm. Mənimlə bağlı bütün planlarını oğlumun dostuna danışıb. Bir gün oğlumun dostu mənə dedi ki, İlhamə xanım, evə kamera yerləşdir. Təəccübləndim. Ona deyib ki, vəsiyyətnamə gətirmişəm və burada onun imzası da var. Orada evim, var-dövlətim hamısı onundur və yalnız imza atmaq qalıb. Sənəd düzəldib və adamlar mənim imzamı həkk etmək üçün pul istəyiblər. O isə evimdə olan məbləğdən 5000 min oğurlayıb və öz pulumla Zəminə xanımın yanına gedib. Zəminə xanım da mənə dedi ki, sizə gəlmək istəyirəm. Ona pul ödəyib ki, imzamı sənədə həkk etdirsinlər. Bundan sonra vəsiyyətnaməni bizə gətirdi və oğlumun dostu bütün səs yazılarını qarşıma qoydu. Orada elə dəhşətli sözlər var idi ki, “mən onu öldürəcəm, ikinci İlhamə Quliyeva olacam”. Belə ki, var-dövlətimi oğlumun dostu ilə paylaşacağını bildirib. Evimə çağırtdırdım və ona məhkəmə qurduq. Vəsiyyətnaməni açdıq və bütün dediklərini ona göstərdik. Bağışlaması üçün yalvardı. Evimdə xadiməlik edən vaxt özümü əzgin hiss edirdim. Başımda dəhşət ağrılar olurdu. Ayaqlarım işləmirdi. Oğlumla, yaxınlarımla, dostlarımla əlaqə yaratmağa qoymurdu. Hər kəslə əlaqəmi kəsməyə çalışırdı. Mənə psixtrop dərmanlar verirdi. Oğlumun dostundan zəhər dərmanını istəyib və o da “C” vitamini verib. Görür ki, yeməyimə qatdığı dərmanın təsiri yoxdur. Zəng edir ki, nə dərmanı vermisən, günü-gündən yaxşılaşır. 10 gündür ki, onu evimdən qovub tutdurmuşam və normal insanam. Deyirəm də, gülürəm də. Məni çox pis günə qoymuşdu”


Xalq artisti onu da dedi ki, evindən çoxlu sayda zinət əşyalarını oğurlanıb: “ Evimdən brilliant üzük, bahalı ətirlər və xəz paltomu oğurlayıb. Bunlarla yanaşı məni öldürmək üçün cadular da yazdırıbmış. Hazırda xüsusi adamlar onun mənə etdirdikləri caduları təmizləyirlər. Evim cadularla doludur. Cadunun birində yazılıb ki, “İlhamə Quliyeva fevralın 5-dən, martın 5-dək ölməlidir”. Eşitdiyimə görə, xadimə kimi getdiyi evlərdə pulları oğurlayırmış. Bir-iki tanınmış ailəlrin də pullarını oğurlayıb və onları tutdurub. Bunun arxasında kimsə durur, bunlar zəncirvari işlərdir. O həşərat o işləri görə bilməz”.

Xalq artisti onu dedi ki, Bakı Şəhər Baş Polis idarəsindən bildiriblər ki, İlhamə Quliyevanın işi ilə bağlı qeydiyyat yoxdur: “Necə olur ki, oktyabrın 5-də polis idarəsindən evimə gəlib, araşdırma aparıblar, amma qeydiyyata salmayıblar. Oğlum, oğlumun dostu hamısı polis idarəsinə gediblər və izahat veriblər. Sual vermək istəyirəm ki, necə olur mənim evimdə araşdırma aparırlar, amma qeydiyyat yoxdur. Niyə qeydiyyat yoxdur? Deməli burada anlaşılmazlıq var. Mən özüm onu polislərin necə maşına otuzdurduqlarını gördüm. Və mənə bildirmişdilər ki, onu Kürdəxanıya aparıblar. Qurban bayramı günü bağdan gələndə uşaqlara dedim ki, onun yaşadığı məhəllədən gedək. Gördüm ki, rəfiqəsi ilə maşındadır. Bizi görəndə qışqırmağa başladılar və dedi ki, sənin oğlunu tutduracağam. Oğlumun üzərinə hücum çəkdilər. Maşından mən düşən kimi getdilər. Bundan sonra oğlum 102-yə zəng etdi. Əslində onu tutdurmaq istəmirdim. O qadın məni şantaj elədi. Onu müdafiə edən adam mənə xəbər yolladı ki, İlhamənin taclarını əlindən alarıq, əgər Mehribanın bir tükü əskik olsa. Buna görə də mən israr etdim ki, o qadın tutulmalıdır”.


İlhamə Quliyevanın sözlərinə görə Mehribanın yoldaşına da kömək edirmiş: “Özü deyirdi ki, yoldaşım alfonsdur. Ona pul verirdim, yazığım gəlirdi. Yoldaşı da mənə yalvarırdı ki, arvadımı bağışla, bir qələtdir edib”.

Xalq artisti hazırda təhlükədə olduğunu və Prezidentə, daxili işlər naziri Ramil Usubova məktubla müraciət edəcəyini vurğulayıb: “Gecələr binamın qarşısında dayanırlar. Dövlətim hər zaman məni qoruyub və haqq-ədalət öz yerini tapacaq. O mənim mülkiyyətimi ələ keçirmək və məni öldürmək istəyib. O cəzasını çəkməlidir. Qatildir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər