19 Oktyabr 2015 12:40
2 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra nazirlikdə əməliyyat keçirildiyi və bir neçə nəfər rəhbər şəxsin həbs olunduğu barədə informasiyalar yayılır.

Virtualaz.org saytı xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.

Saxlanılan şəxslər hazırda MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə, məlumatlı mənbələrin verdiyi informasiyaya görə, o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır.

Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar.

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.

Hüquq-mühafizə orqanlarının nümayəndələri MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh vermirlər.


Müəllif:

Oxşar xəbərlər