20 Oktyabr 2015 16:06
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Penitensiar Xidmətin rəisi, general Mədət Quliyevin Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

M.Quliyevin avtobioqrafiyasını təqdim edirik. Azərbaycanın Milli Qəhrəmanı, ədliyyə general-leytenantı M.Quliyev son təyinata qədər Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi olub.

M.Quliyev 1958-ci il sentyabrın 27-də Gəncədə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib. Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb.

1992-1994-cü illərdə Terrorizm və Banditizmlə Mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi olub.

1995-ci il dekabrın 25-də Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1996-2001-ci illərdə isə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin idarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2004-2006-cı illərdə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışan M.Quliyevə 2005-ci ildə Prezident sərəncamı ilə polis general-mayoru rütbəsi verilib. O, Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.

2011-ci ildə Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib. 2012-ci ildə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib. M.Quliyev Penitensiar Xidmətin rəisi vəzifəsində çalışarkən bir sıra islahatlar həyata keçirib. Nazir müavini cəzaçəkmə müəssisələrində narkotik vasitələrin istifadəsinə qarşı ciddi mübarizə aparıb, vaxtaşırı mediada yayılan bu məlumatlar Penitensiar Xidmətin xüsusi sayıqlığının nəticəsi kimi ictimaiyyətdə dəyərləndirilib.

Bundan başqa, cəzaçəkmə müəssisələrində şərait köklü surətdə dəyişib, hətta ən qapalı həbsxanalarda binalar təmir edilib, kommunikasiya şəraiti yaxşılaşdırılıb, hazırda İstintaq Təcridxanası ən müasir standartlara cavab verir. İctimai həssaslığı ilə seçilən bu qurum sistemdə olan rüşvət hallarının qarşısının alınması istiqamətində son illər əhəmiyyətli uğurlar əldə edib. Mədət Quliyevin rəis olduğu müddətdə açıqlanan Penitensiar Xidmətin illik hesabatlarında neqativ hallara görə kimin və necə cəzalandırılması haqda ictimaiyyət ətraflı məlumatandırılıb, şəffaflıq təmin olunub. Bütün bu uğurlar isə M.Quliyevin peşəkar kadr imicini formalaşdırıb.


Müəllif:

Oxşar xəbərlər