Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün Çexiya Parlamentinin nümayəndə heyəti ölkəmizə səfər edəcək. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı Səfirliyindən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Azərbaycanın Çexiyadakı Səfirliyində Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin şərəfinə Azərbaycanın Çexiyadakı Səfirliyində ziyafət təşkil edilib. Ziyafətdə Çexiya Parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Yan Hamaçek və Parlamentin digər üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev və Yan Hamaçek çıxış ediblər. Səfir F.Şəfiyev öz çıxışında Çexiya-Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri, inkişaf etməkdə olan siyasi və iqtisadi əlaqələr, habelə iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri haqqında söhbət açıb. Diplomat, həmçinin noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərini izləmək üçün Çexiya qanunvericilik orqanını təmsil edən deputatlar qrupunun Azərbaycana səfər edəcəklərini qeyd edib.
Sonra çıxış edən Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek ölkəsinin Azərbaycanla əməkdaşlığa verdiyi önəmdən bəhs edib və bu əməkdaşlığın daha da dərinləşməsinə ümid etdiyini vurğulayıb.