24 Oktyabr 2015 14:05
3 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Palma yağının insan sağlamlığına təhlükə törətdiyi barədə yayılmış xəbər cəmiyyətdə narahatlıq yaradıb. Artıq Rusiyada bu yağdan qida kimi istifadənin məhdudlaşdırılması ilə bağlı rəsmi açıqlama da verilib.

Palma yağının zərəri nədədir və ölkəmizə bu bitki yağı idxal edilirmi?

Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub.

Gömrük Komitəsinin statistikasında palma yağı haqqında məlumat verilməsə də, ilin 9 ayı ərzində bitki və heyvan mənşəli piylərin idxalının 70 faiz təşkil etdiyi bildirilib.

Texniki palma yağı qida palma yağından fərqlidir

Araşdırma zamanı məlum oldu ki, hazırda dünyada ən çox istifadə edilən bitki yağlarından biri də palma yağıdır. Palma ağacının meyvəsindən hazırlanan bu yağ əsasən İndoneziya və Malayziyada istehsal olunur. Gavalı boyda qırmızı meyvənin bərk qabığının altında yumşaq lifli meyvə əti yerləşir ki, palma yağı məhz bundan alınır.

Təzə sıxılıb emal olunmamış palma yağı texniki yağ olaraq sabun, kosmetika, diş pastası, krem kimi məhsulların hazırlanmasına yarayır.

Qida sənayesində isə palma yağları emal edilməli, zərərli tərkibdən təmizləndikdən sonra istifadə edilməlidir. Dondurmanın, şokoladın, çipslərin, süni südün, uşaq qidalarının, hazır sıyıqların, un məmulatlarının (peçenye, vafli, tort və s.) istehsalında palma yağından da istifadə oluna bilir. Rusiyanın “Elm və həyat” jurnalında “Palma haqqında həqiqətlər” məqaləsində yazılır ki, həmin qidaların hazırlanmasında toksik maddələrdən ibarət texniki palmanın istifadəsi mümkün deyil, mümkün olsaydı, bu dünya səviyyəsində böyük qalmaqala səbəb olardı.

Azərbaycana idxal edilən, eləcə də ölkədə istehsal olunan məhsulların etiketində bu yağın olub-olmaması haqqında məlumata rast gəlinmir.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov hesab edir ki, palma yağının orqanizmə faydası və zərəri haqqında ancaq qida mühəndisləri danışa bilər, bu yağ barədə rəy vermək nə kulinarların, nə də həkimlərin işidir.

Azərbaycan Texnologiya Universitetinin Qida məhsulları mühəndisliyi ixtisasını bitirən məzunlarından bir neçəsi ilə əlaqə saxladıq, bildirdilər ki, bizə yalnız çörəyin, qənnadı məhsullarının qatqıları barədə məlumat verə bilərlər, yağlar haqda yox.

Kiloqramı 60 qəpiyə...

Vahid Məhərrəmovun fikrincə, palma yağının cazibəsi qiymətindədir, çünki 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır: “Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur.

Hər halda mən marketlərdə, digər satış məntəqələrində palma yağına rast gəlməmişəm. Palma yağı xarici görkəminə görə kərə yağına oxşayır. Bu gün kərə yağı maya dəyərindən ucuz satılırsa, bu, onu deməyə əsas verir ki, palma yağı əsasən kərə yağı adı altında, dəyərindən 8-10 dəfə baha qiymətə istehlakçılara satılır.

Bir məsələ də var ki, palma meyvəsindən daha çox yağ əldə etmək üçün bu bitki gen modifikasiyaya çox məruz qalır. Əgər GMO məhsulların ölkəyə idxalına qadağa qoyulubsa, o zaman 47,6 min ton palma yağı niyə idxal edilir? Kiloqramı 60 qəpiyə alınan yağın nə keyfiyyəti olacaq? Kim istisna edir ki, ölkəyə texniki məqsəd üçün istifadə edilən palma yağı gətirilib, qida məhsulu kimi istifadəyə verilmir?"

Vahid Məhərrəmovun sözlərinə görə, bu sahəyə nəzarət çox zəif olan digər ölkələrdə də palma yağından istifadə edilir: “Rusiya, Ukrayna bazarlarında belə məhsullar var. Həmin ölkələrdə də yağların qablaşdırılması ilə məşğul olan sahibkarlar bundan istifadə edirlər”.

Palma yağı qadağan deyil, amma...

Həkim Vahid İsmayıl deyir ki, palma yağı zərərsizdir, amma daha ucuz olan, qida üçün istifadəsi qəti qadağan edilmiş texniki palma yağının qidaya qatılması böyük yanlışlıqdır: “Palma yağı digər bitki yağlarından nə çox faydalıdır, nə də zərərli. ”Palma yağının ərimə temperaturu bədən hərarətindən yüksək olduğu üçün həzm edilmir" fikri yanlışdır. Çünki yağlar bağırsaqda enzimlər tərəfindən yağ turşularına parçalanaraq həzm edilir, burda ərimə temperaturunun heç bir rolu yoxdur.

“İnkişaf etmiş ölkələrdə palma yağı qadağandır” fikri də doğru deyil. Bütün dünyanın palma yağı istifadəsinin 10 faizi ABŞ-ın payına düşür. Məsələ bunda deyil. Palma yağının texniki növü var. Bax yediyiniz yağa onu qatırlar, bu, əsl cinayətdir.".

Həkim tövsiyə edir ki, qida məhsulları alarkən paketin üzərində hansı qatqıdan nə qədər istifadə olunması haqqında məlumat verən şirkətin məhsulu alınsa, daha etibarlıdır.

“Azstandart” təkzib edir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyir ki, palma yağının kərə yağı adı ilə satılması haqda yayılan xəbər düzgün deyil: “Hər hansı məhsulda nöqsan aşkarlanırsa, bununla bağlı ictimaiyyəti dərhal xəbərdar edirik. Palma yağının özünün istifadə sahələri var və həmin istiqamətdə onun işlədilməsi üçün qadağa yoxdur. Amma kərə yağına palma yağının qatılmasına rast gəlməmişik.

Müntəzəm araşdırma aparırıq. Hər hansı məhsulun tərkibi haqqında laboratoriya sınaqlarının nəticələrinə əsasən fikir bildirmək olar. Əgər sınaq aparılmayıbsa, bu barədə hansısa mülahizə yürütmək düzgün deyil.
Biz məhsulları ancaq yoxlayırıq. Əgər məhsulun keyfiyyəti verilən sənədlərlə düz gəlmirsə, onun sertifikatını ləğv etdiririk, məhsulu satışdan çıxarırıq".

Kərə yağının tərkibində 42 faizi bitki yağı olur

Respublika Baytarlıq Laboratoriyasının Kimya-toksikologiya şöbəsindən Lətifə Əhmədovanın sözlərinə görə, laboratoriyaya müayinə üçün kərə yağı göndərildikdə bu yağlar 5 nümunə üzrə analiz edilir: “Yağın tərkibini radioloji, ağır toksiki elementlər, mikrobioloji, biokimyəvi, ağır metallara görə öyrənirik. Mikrobioloji analizlər nadir hallarda neqativ çıxır, qalan analizlər normaya uyğun gəlir.

Kərə yağının ümumi yağlılığı 82 faiz olur, 16 faiz nəmliyi, 2,5 faiz də quru maddəsidir. Neçə illərdi təmiz kərə yağı ümumiyyətlə, çox azdır və tərkibi qismən bitki tərkibli olur. Kərə yağında 82 faiz yağlığın 42, bəzən 48 faizi bitki tərkibli ola bilir. Bitki qarışıqlı yağlar öz sertifikatında göstərilir və üzərindəki standarta uyğun analiz edilir. Qatışıqları müəyyən etmək üçün xüsusi avadanlıqlar var. İdxal mallarının texnologiyası elə olur ki, tərkibində nə qədər qatqı var, bunu ayırmaq çətindir".

Lətifə Əhmədova kərə yağlarının tərkibinə palma yağının qatılması haqqında məlumatsız olduğunu dedi: “Ölkəmizdə ixrac olunan keyfiyyətli kərə yağları olduğu halda, ac ölkələrə verilən palma yağları niyə idxal olunmalıdır? Bu yağlar hansı yollarla gətirilir? Onun mənbəyi öyrənilməli və gətirənlər ciddi şəkildə cəzalandırılmalıdır.

Bir vətəndaş kimi bu məsələ məni də narahat edir. Texniki palma yağlarının tərkibində radionikludlər, ağır metal duzlar, xərçəng törədən kimyəvi maddələr ola bilər. Bu məsələ ciddiyə alınmalıdır".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər