125 yer uğrunda 769 nəfər mübarizə aparacaq
Sabah Azərbaycan Respublikasının Milli Məclisinə növbəti - V çağırış seçkilər keçiriləcək. Qeyd edək ki, Milli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən birpalatalı dövlət hakimiyyəti orqanı olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Qanunvericiliyə görə, Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
Prezident sərəncam verdi
Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il avqustun 28-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezident sərəncamı ilə Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib.
MSK-nın ilk tədbirləri
Sərəncamın imzalandığı günün səhəri - avqustun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edilib.
İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Komissiyanın qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.
Bundan əlavə, komissiyanın iclasında beşinci çağırış Milli Məclisə seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və MSK üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri təyin olunub.
Təqvim Planına əsasən namizədlərin irəli sürülməsi prosesi avqustun 29-dan başlanıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilmə müddəti sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək olan dövrü əhatə edib.
Seçkidə 15 siyasi partiya və bir seçki bloku iştirak edir
Qeyd edək ki, bu seçkilərdə ümumilikdə 15 siyasi partiyanı və bir seçki blokunu təmsil edən namizədlər iştirak edir. Bunlar Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müsavat Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və “AZADLIQ-2015" siyasi partiyalar blokunun nümayəndələridir.
Səsvermə 8:00-da başlayacaq, 19:00-da başa çatacaq
Səsvermə məntəqələri saat 8:00-da açılacaq. Seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumat veriləcək. Seçki məntəqələri saat 19:00-da bağlı elan olunacaq.
125 yer uğrunda 769 nəfər mübarizə aparacaq
Seçkidə 769 deputatlığa namizəd mübarizə aparacaq. Deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında verilib. Beləliklə, Milli Məclisdə 125 yer uğrunda 769 nəfər, başqa sözlə, 1 yer uğrunda 6 nəfər mübarizə aparacaq. Milli Məclisə seçkilərdə 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 477 nəfər namizədliyini geri götürüb.
5 milyon 344 min 431 seçki bülleteni çap olunub
Seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 344 min 431 ədəd seçki bülleteni çap olunub. Seçki bülletenləri çap olunduqca qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına verilib. Seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanıb. Bülletenlərin çapı prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilib.
Seçkini 66 min yerli, 501 beynəlxalq müşahidəçi izləyəcək
Təqvim Planına uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin MSK-ya təqdim edilmələri üçün ayrılan müddət oktyabrın 22-də, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət isə oktyabrın 27-də başa çatıb.
Ümumilikdə, oktyabrın 30-dək seçkilərdə müşahidə aparmaq üçün 66 min müşahidəçi qeydiyyatdan keçib. Belə ki, həmin tarixədək MSK-da ölkə üzrə seçkilərin müşahidə edilməsi ilə bağlı 2619, dairə seçki komissiyalarında dairə üzrə seçkilərin müşahidə edilməsi üçün 63 mindən çox yerli müşahidəçi qeydiyyata alınıb. Beynəlxalq müşahidəçilərin sayına gəldikdə isə 40-a yaxın beynəlxalq təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib.
Seçkiləri izləmək üçün beynəlxalq təşkilatlardan Avropa Şurası Parlament Assambleyasından, Türkdilli Ölkələrin Parlament Assambleyasından, həmçinin Rusiyadan, Latviyadan, Malayziyadan, Avstraliyadan, İsraildən və bir sıra digər ölkələrdən olan nümayəndələr artıq ölkəmizə təşrif buyurublar.
4 təşkilat “exit-poll” keçirəcək
Seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb və 4 təşkilat qeydə alınıb ki, onların da 2-si öz işlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirəcək. Bunlar “ELS Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi, ABŞ-ın ”AJF & Associates İnc." şirkəti və onun yerli tərəfdaşı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır.
Min seçki məntəqəsində veb-kamera quraşdırılıb
Seçki günü şəffaflığın təmin olunmasında digər vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə etməklə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu isə seçki məntəqələrinin ümumilikdə 20 faizi deməkdir. Veb-kamera quraşdırılan seçki məntəqələrinin 35-i Naxçıvan Muxtar Respublikasında yerləşən seçki dairələrinin məntəqələridir. Veb-kameralar sayəsində dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə etməyə imkan yaradır.
Əsasən müşahidəçilərin getməsi çətin olan ucqar, dağ kəndlərindəki məntəqələrində veb-kameralar var. Artıq xüsusi proqram yükləmədən istənilən yerdən internetə qoşulmuş kompüterlə MSK-nın rəsmi saytından veb-kameralar qoyulmuş məntəqələri izləmək olar. Kiber-hücumlardan qorunmaq üçün müvafiq işlər görülüb, hər hansı təhlükə olmayacaq. Ehtiyat enerji qurğuları da təmin olunub. Kameralar olan dairələr dizel avadanlıqlarla da təchiz edilib ki, elektrik təchizatında problem yaranarsa, dərhal aradan qaldırıla bilsin. Seçki günü optik xətlərdə hər hansı qazıntı ilə əlaqədar qırılma olmaması üçün yerli icra hakimiyyəti orqanları müvafiq işlər aparacaqlar. Rabitə qurumlarında səhər saat 6:00-dan səslər sayılana qədər növbəli iş rejimi tətbiq olunacaq".
132 müvəqqəti seçki məntəqəsi yaradılıb
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar 132 müvəqqəti seçki məntəqəsi yaradılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, daimi fəaliyyət göstərən 5415 seçki məntəqəsinin və 132 müvəqqəti seçki məntəqəsinin hər biri seçkilərə tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, müvəqqəti seçki məntəqələri seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır və ümumi seçki məntəqəsində səs verməyə gələ bilməyən seçicilər üçün nəzərdə tutulur. Seçki Məcəlləsinə görə, səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), xüsusi rejimli hərbi hissələrdə müvəqqəti seçki məntəqələri yaradıla bilər.
Bu gün seçki təşviqatı başa çatır
Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması üçün ayrılan müddət bu gün - oktyabrın 31-də başa çatıb. Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanılıb. Oktyabrın 31-də saat 8:00-da təşviqat dayandırılacaq.
Səxavət HƏMİD