31 Oktyabr 2015 11:56
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya təcrübəsi göstərir ki, seçki kimi mühüm ictimai-siyasi proseslərdə mətbuatın aktiv iştirakı mühüm əhəmiyyət kəsb edir. İnkişaf etmiş ölkələrdə mətbuat seçki prosesinin bütün mərhələlərində iştirak edərək şəffaflıq və aşkarlığın təmin olunmasında önəmli rol oynayır.

Azərbaycanın müasir seçki tarixinə nəzər yetirdikdə mətbuatın ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edən bu prosesdə rolunun heç də arzuolunan səviyyədə olmadığını görmək mümkündür. Teleqraf.com-un xəbərinə görə, Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Məclis sеçkiləri üçün müşаhidəçilərin hazırlanması və müşahidəçilik hüquqları ilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində apardığımız araşdırma göstərib ki, mətbu orqanlarda çalışan media nümayəndələrinin böyük əksəriyyətinin qanunvericiliyin KİV-in seçki prosesində iştirakını tənzimləyən tələblərindən məlumatı ya səthidir, ya da ümumiyyətlə, yoxdur.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarının iclaslarını işıqlandıra, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolları və qərarları ilə tanış ola bilər, habelə müvafiq seçki komissiyasının qərarının, protokolunun və onlara qoşulan digər sənədlərin surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxara və ya ala bilər, əlavə nüsxələri isə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə ala bilərlər.
Bundan əlavə, kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə seçki komissiyası qərarların, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların surətləri seçki komissiyası tərəfindən təsdiq olunmalıdır. Eyni zamanda seçki komissiyalarının iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etmək hüququ vardır.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən, səsvermə günündə məntəqədə olan KİV təmsilçisinin üzərində MSk-nın müəyyənləşdirdiyi formada lövhəcik olmalıdır. Lakin MSK “KİV haqqında” qanuna istinad edərək yerli KİV-in sərbəsr informasiya hazırlamaq azadlığını tanıyıb və qurumun təlimatına görə, seçki günü məntəqədə olmaq, müşahidə aparmaq üçün akkreditasiyaya ehtiyac yoxdur. Bundan əlavə, MSK nəzdində xüsusi mətbuat qrupu olmalıdır. Qrupun işi bilavasitə seçkiqabağı təşviqat mərhələsini monitorinq etməli, qanunvericiliyin seçkiqabağı təşviqatla bağlı tələblərinin pozulmasına dair şikayətləri araşdırmalıdır. Adətən bu qrupa Vəkillər Kollegiyasının üzvü Azər Tağıyev rəhbərlik edir. Lakin bu il adıçəkilən qrupun fəaliyyəti nəzərə çarpmadı. Bəzi ekspertlər bunu seçkiqabağı təşviqatın aktiv olmaması, namizədlərə pulsuz efir vaxtının verilməməsi ilə izah edirlər. Lakin bizimlə söhbətində 2013-cü il prezident seçkiləri zamanı qrupun tərkibində iştirak edən jurnalistlər bildirdilər ki, qrupu fəaliyyətsizliyi nəticəsində seçkiqabağı təşviqat mərhələsindəbir çox namizədlər qanun pozuntusuna yol veriblər: “Qanunvericiliyə əsasən seçki təşviqatına qoşulan KİV mütləq əvvəlcədən MSK-nı məlumatlandırmalıdır. Bu il bir neçə KİV-dən başqa, heç bir mətbu orqan MSK-ya belə xəbərdarlıq etməyib. Lakin buna baxmayaraq, bir sıra iqtidar KİV-ləri də daxil olmaqla, əksər mətbu orqanlarda təşviqat materialları yerləşdirilir. Bundan əlavə, bir çox namizədlərin dərc etdirib payladıqları təşviqat materiallarında nüsxə sayı, çap edən qurum və sair məlumatlar əksini tapmayıb. Bütün bunlar göstərir ki, KİV-in aktiv nəzarəti seçki qanunvericiliyinin tələblərinə riayət olunması baxımından çox mühümdür.”

Qeyd edək ki, MSK ictimaiyyətlə əlaqələr qurumu seçkiyə qədər pozuntularla bağlı mətbuatda gedən materialları toplayaraqrəhbərliyə məruzə edir. Səsvermə günü isə mətbuat nümayəndələri üçün yaradılmış qaynar xəttə gələn müraciətlər araşdırılır.

Yazını hazırlayarkən bilavasitə siyasi mövzularda yazan, seçki proseslərini aktiv işıqlandıran jurnalistlərlə söhbət etdik. Məlum oldu ki, onların bir çoxu seçki günü məntəqələrdə müşahidə aparıblar. Və müşahidənin nəticələri barədə işlədikləri KİV-də material dərc etməklə kifayətləniblər.

“Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanın verdiyi məlumata görə, bu mətbu orqanın əməkdaşları seçki günü məntəqələrdə müşahidə aparır: “Onlar məntəqələrdə müşahidə etdikləri kənaraçıxmalar, qanunsuzluq faktları barədə material hazırlayırlar. Həmin materialları biz “Yeni Müsavat” qəzeti və musavat.com saytı vasitəsilə ictimailəşdiririk. Eyni zamanda bizim bir əməkdaşımız MSK-da akkreditasiya olunub. Həmin əməkdaş daim MSK-nın iclaslarını izləyir, məlumat alır. Seçki günü də MSK-nın mətbuat mərkəzində olaraq, oradan xəbərlər hazırlayır. Seçkidən sonra da fəaliyyətimiz yönəlir seçki pozuntularına dair ayrı-ayrı namizədlərin topladığı faktları işıqlandırmağa.

Əməkdaşlarımızın qeydə aldığı pozuntularla bağlı əksər hallarda elə həmin gün qaynar xətt vasitəsilə MSK-ya məlumat verilir. Qeyd edim ki, bir çox hallarda bu məlumatlara operativ reaksiya verilib, faktlar yerindəcə araşdırılıb, qanunsuzluq aradan qaldırılıb. Bundan əlavə, ictimailəşdirdiyimiz konkret faktlarla bağlı da sonradan araşdırılaraq açıqlamalar verilib.”

Müsahibimiz olan digər KİV nümayəndələri qeyd edirlər ki, mətbuatın vəzifəsi qeydə aldığı pozuntuları işıqlandırmaq, ictimailəşdirməkdir. Mətbuatda yer alan faktları araşdırmaq və ölçü götürmək isə MSK və digər əlaqədar qurumların vəzifəsidir. Lakin ortada elə də uzaq olmayan keçmişin təcrübəsi var və həmin təcrübə göstərir ki, KİV bütün proseslərdə olduğu kimi, seçkilərdə də şəffaflığın təmin olunmasında mühüm rol oynaya bilər.


Müəllif:

Oxşar xəbərlər