1 Noyabr 2015 11:16
432

8 saylı Binəqədi Seçki Dairəsinin ərazisində seçki aktivliyi müşahidə edilir.

Bunu Teleqraf.com-un əməkdaşları ilə söhbətlərində məntəqə sədrləri bildiriblər.

8 saylı Binəqədi Seçki Dairəsi üzrə 6 saylı məntəqənin sədri Güləbətin Əhmədova seçkilər normal qaydada getdiyini bildirib: “Havanın nisbətən küləkli olmasına baxmayaraq seçici aktivliyi yüksəkdir. Müşahidəçilər və "exit-poll"u keçirən təşkilatın nümayəndələri üçün hər cür şərait yaradılıb. Daşınar qutulardan da istifadə olunur. Müraciət edən, yaşlı insanlar üçün xidmətlər göstəririk. Hələlik heç bir narazılıq eşitməmişik".

Məntəqədə "Els" Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” tədqiqatı həyata keçirir.
8 saylı Binəqədi Seçki Dairəsi üzrə 6 saylı məntəqənin sədri Şəmsi Qoca da bildirdi ki, seçkilər normal qaydada davam edir: "Heç bir problemlə qarşılaşmamışam. Hər kəs normal qaydada gəlib səs verir. Müşahidəçilər və “exit-poll” keçirənlər üçün hər cür şərait yaradılıb. Xarici müşahidəçilər seçkiləri izləyib, qeydlərini aparıblar".

8 saylı Binəqədi Seçki Dairəsi üzrə 8 saylı məntəqənin binası önündə də seçici aktivliyi müşahidə olunur. Səsverməyə gələn polis və hərbçilər növbə ilə məntəqə üzvlərinin əyləşdikləri masaya yaxınlaşır, kabinələrdə bülletənləri dolduraraq seçki qutularına atırlar.

“İlk dəfədir ki, səs verirəm. Səs verdiyim şəxs müstəqil namizəddir", bunu Teleqraf.com-a açıqlamasında leytenant Əkbərov bildirib. O, seçki kampaniyasının gedişini və seçki günü yaradılan şəraiti yüksək qiymətləndirir: "Şəxsən mən heç bir müdaxiləyə, təzyiqə rast gəlməmişəm. Kim kimə istəyir ona da səs verə bilir".

Ruslan


Müəllif: