4 Noyabr 2015 10:33
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirib. Tanınmış ictimai xadimlərin, millət vəkilləri və media qurumları təmsilçilərinin də qatıldığı tədbiri açıq elan edən Mərkəzin rəhbəri və “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı çıxışına Milli Məclisə 5-ci çağırış seçkilərin nəticələri barədə fikirlərlə başlayıb.

“Qadınlar özləri özlərini təsdiq etməlidirlər”

O, qeyd edib ki, bu prosesdə irəliləyiş olub və ilkin nəticələrə görə, 125 millət vəkili yerinə 21 qadın seçilib: “Azərbaycanda vəzifədə olan və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır. Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı 78-ə çatıb. Bu yaxınlarda isə İradə Gülməmmədova Abşeron rayon icra hakimiyyətinin başçısı təyin edilib.

Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb. Ötən parlament seçkilərində qadınların sayı 20 olmuşdu. Bu dəfə isə bu sayda da artım olub. Ümumiyyətlə, qadın namizədlər bu seçkidə xüsusi fəallıq göstərdilər. Qadınlar faiz etibarilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular, bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi".

Mərkəz rəhbəri hesab edir ki, qadının siyasətlə məşğul olması onun şəxsi istəyindən asılıdır: “Öz mətbəxindən bayıra çıxmaq istəməyən qadın güclü ola bilməz. Qadınlar əslində kişilərlə bərabər, çiyin-çiyinə çalışmalıdırlar. Əgər qadınların bu baxımdan problemləri varsa, bu, ilk növbədə onların təhsilsizliyindən irəli gəlir. Amma qadınların ictimai-siyasi sektorda aktivliyi tezliklə bu çatışmazlığın da geridə qalacağına işarə olduğunu göstərir”.

Tədbirdə iştirak edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov bildirib ki, cəmiyyətin bütün sahələrində qadınların rolunun artırılması, cəmiyyətin mədəni-mənəvi həyatında mövqelərinin möhkəmləndirilməsi vacibdir. O, hətta ABŞ-dan da əvvəl Şərqdə, ilk dəfə məhz Azərbaycanda qadına seçmək-seçilmək hüququ verilməsinə diqqət çəkərək bunun təsadüfi olmadığını bildirib.

“İctimai işlərdə işləyən qadınların xüsusi çəkisi artıb”

Vüqar Səlimov qeyd edib ki, Prezidentin sərəncamı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) qadınların təşkilatlanması, ictimai həyatda sistemli şəkildə iştirakı üçün vacib hadisə sayıla bilər. Natiq qadınların hüquqlarının təmin olunması məqsədilə Azərbaycanın bir sıra mühüm konvensiyalara qoşulduğunu da xatırladıb: “Ötən illərlə müqayisədə son illər vəzifədə çalışan və ictimai sektorda fəallıq nümayiş etdirən qadınların xüsusi çəkisi artıb. Bələdiyyə seçkilərində də eyni nəticəni görmək olar. Qadınların təkcə dövlət qulluğunda və ya seçkili vəzifələrdə iştirakı artmayıb. Qadınlar ölkədə elmin inkişafında da mühüm çəkiyə malikdirlər.

Azərbaycanda bütün elmi işçilərin 53,6 faizini qadınlar təşkil edir. Doktorantların 30,8 faizi qadınlardır. Son 5 ildə tədqiqat işləriylə məşğul olanlardan elmlər doktoru dərəcəsi alan qadınların sayı 25,2 faiz, fəsləfə doktoru dərəcəsi alan qadınların sayı isə 15 faiz artıb. Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, həqiqi üzvlərindən 3-ü qadındır. 2014-2015-ci tədris ilininin göstəricilərinə görə, dövlət ali təhsil müəssisələrində qadınların faiz nisbəti 49,4, kişilər isə 50, 6 faiz olub".

Vüqar Səlimov deyib ki, 2006-cı ildə gender bərabərliyinin təmini ilə bağlı qanun qəbulu qadınların ictimai-siyasi fəaliyyətində mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanda qadınların sağlamlığı da diqqət mərkəzində olub. Bununla bağlı Dövlət Proqramı da mövcuddur. Qadınlarla bağlı ölkədə 4 dəfə keçirilən qurultay isə qadın hərəkatının inkişafından xəbər verir. Cəmiyyətin hərəkətverici qüvvəsi sayılan qadınların problemləri ilə məşğul olan QHT-lərin sayı 200-dən çoxdur.

Bütün bunlar gösərir ki, Azərbaycanda qadınların intellektual potensialı hər zaman diqqət mərkəzində olub və sadalanan faktorlar Azərbaycan qadınlarının siyasi həyatda aktiv iştirakını stimullaşdırıb".

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə gender məsələsi yüksək səviyyəyə çatıb: “2000-ci ildə qadın namizədlərə dəstək üçün seçki bloku yaradılmışdı. O zaman mindən çox qadın namizəd qeydə alınmışdı. Bizdən bəzən qadın parlamentarilərin sayının niyə az olduğunu soruşurlar. Mən həmişə buna cavab olaraq bildirirəm ki, əgər namziədlərin arasında 30 faiz qadın yoxdursa, nəyə görə seçilənlərin 30 faizi qadın olmalıdır? İnanıram ki, yaxın zamanlarda bu rəqəmlər artacaq.

Azərbaycan qadını üçün ən gözəl xüsusiyyət ana olmaq, gözəl övladlar yetişdirməkdir. Bizdə qadın hər iki vəzifəni, yəni həm ana olmağı, həm də karyera qurmaq vəzifəsini layiqincə yerinə yetirirsə, ona həmişə yol açmalı, dəstək olmalıyıq".

Xanım millət vəkili bildirib ki, təmsilçisi olduğu Yeni Azərbaycan Partiyasının nizamnaməsində qadın məsələsi xüsusi yer alıb: “Mən 1998-2000-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini olmuşam. Hələ o zaman ulu öndər Heydər Əliyevin qadınlar haqqında dediyi ”Qadınlarımız dövlətimizin, müstəqilliyimizin, gələcəyimizin dayağıdır" fikrini özüm üçün hər zaman prioritet saymışam. Unutmayaq ki, Qarabağ müharibəsi zamanı da qadınlar özünəməxsus fəaliyyət göstəriblər. Şəhid qadınlarımızı da xatırlmaqla, hətta müharibə şəraitində də qadınlarımızın kişilərdən geri qalmadığını söyləyə bilərik".

Məlahət İbrahimqızı ölkənin bütün sahələrində qadınların özlərini təsdiq etmələri üçün müvafiq şərait yaradıldığını diqqətə çatdırıb: “Mən qadınlara ayrıca kvota müəyyən edilməsinin əleyhinə olmuşam, çünki qadınlar özləri özlərini təsdiq etməlidirlər. Demokratik dəyərləri tərənnüm edən bir dövlətə kvota lazım deyil.

Azərbaycan 24 illik müstəqillik tarixi olan bir dövlətdir, bizim özümüzü Skandinaviya ölkələri ilə müqayisə etməyimiz hələ tezdir. Bununla belə, idaredici strukturlarda qadınların təmsilçiliyi, parlamentdə spiker müavininin qadın olması kifayət qədər müsbət göstəricidir".

“Qadınların böyük problemi erkən nikahdır”

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikrincə, Azərbaycan qanunvericiliyində və real həyatda gender bərabərliyi qorunur. O qeyd edib ki, Azərbaycan qadını həmişə ruhən azad olub və bu, bizim genetik kodlarımızdan gələn üstünlüyümüzdür: “Qərbdə inkvizisiya dövründə qadınları odda yandırıblar. Bizim tariximizdə belə hal olmayıb. Tarixi qadın qəhrəmanlarımızın timsalında da bunu görmək olar. Əgər hazırda Azərbaycan qadını icra strukturlarında, məhkəmə sistemində, jurnalistika və digər sahələrdə fəal iştirak edirsə, bu, qadınlara dövlət siyasətində verilən əhəmiyyətdən irəli gəlir.

Meydan hərəkatında da qadınlarımız kişilərlə bərabər iştirak edirdilər. 20 Yanvar faciəsində əliyalın bizimlə bərabər mübarizə aparıblar, müharibədə, döyüşlərdə kişilərlə çiyin-çiyinə iştirak ediblər. Bununla belə, hesab edirəm ki, qadının ən böyük üstünlüyü ana olmasıdır. Cəmiyyətin təməli sağlam ailədir. Bunun əsas yükü isə qadınların üzərinə düşür.

Qadın nə qədər siyasi baxımdan aktiv olsa da, ana rolunu unutmamalıdır. Qadınların indi ən böyük problemi erkən nikah problemidir. Buna qarşı mübarizə aparmaq lazımdır. Aşağı qatlarda həyatı faciəyə dönən azyaşlı qadınlarımız var. Vətəndaş nikahından dünyaya gələn uşaqlar da faciə ilə üz-üzədir . Azərbaycanın sosial həyatında bu, böyük bəladır".

Fəzail Ağamalı deyib ki, tarixən bəzi cəmiyyətlərdə qadınlara ikinci dərəcəli nümayəndə kimi baxılsa da, Azərbaycanda qadınlar heç vaxt diskriminasiyaya məruz qalmayıblar. O, sonuncu seçki prosesində də qadınların aktiv olduğunu vurğulayıb.

“Seçib-seçilmək ənənəsini yaşatmalıyıq”

Milli Məclisin üzvü Çingiz Qənizadə isə bildirib ki, qadınlara ilk dəfə status verən, seçib-seçilmək hüququnu tanıyan dövlətik və bu ənənəni yaşatmalıyıq: “Qadınların siyasi aktivliyi şəhərdə daha çoxdur. Amma təəssüf ki, kənd yerlərində bu aktivliyi müşahidə edə bilmirik. Bu, daha çox mövhumatçılıqla bağlıdır. Bu baxımdan maariflənməyə ehtiyac var. Məişət zorakılığı da qadınların irəli getməsinə imkan vermir. Qadınlar belə hallarda hara müraciət etməli olduqlarını bilməlidirlər.

Qanunvericilikdə bəzi boşluqlar var, bu haqda da danışmaq istərdim. Vətəndaş nikahı hər kəsin öz işidir. Amma bu münasibətlərdən dünyaya gələn uşaqların hüquqları tam təmin olunmur. Vətəndaş nikahı ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var".

“Xanımların təbliğatı daha effektli olur”

Politoloq Elman Nəsirli belə tədbirlərin keçirilməsinin əhəmiyyətinə diqqət çəkərək deyib ki, qadın və kişilərin gender bərabərliyi məsələsinin gündəmə gətirilməsi vacibdir: “Bu gün bəzi ölkələrdə, o cümlədən Almaniyada, Norveçdə gender məktəbləri var. Orada uşaqlara cinsi ayrı-seçkilik qoymaq tamamilə yasaqdır. Bu, qeyri-ənənəvi yanaşmadır. Həmin məktəblərdə uşaqlara qadın-kişi paltarı seçimində azadlıq verilir. Həmin məktəblərdə tərbiyəçilər bildirirlər ki, uşaq dünyaya vətəndaş kimi gəlir, cinsi sonradan formalaşır. Fikrimcə, bu şəxsiyyətin itirilməsinə gətirib çıxarır. Bu baxımdan belə tədbirlər keçirib sağlam əsasda gender məsələlərini gündəmə gətirmək vacibdir. Hər kəs bilməlidir ki, qadın və kişi bərabər olmur, onların hüquqları bərabər olur”.

Parlament seçkilərində qələbə qazanan politoloq seçki təşviqatı taktikasında qadın seçicilərə xüsusi önəm verdiyini etiraf edib: “Mən bu seçki prosesində qadının böyük qüvvə olduğuna bir daha əmin oldum. Bir dəfə ancaq qadınlardan ibarət seçici auditoriyası ilə görüşdüm. Görüşün əhval-ruhiyyəsi, eləcə də salon gözəl idi, xanımlar isə daha böyük gözəllik gətirmişdilər. Mən onlara xitabən bunu vurğuladım və indi də hesab edirəm ki, mənim millət vəkili seçilməyimdə xanımların rolu böyük olub”.

“Real mübarizəyə ehtiyac var”

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov beynəlxalq təcrübədən danışaraq bildirib ki, Azərbaycanda qadınlara ağır iş tapşırmırlar, qadınları sevirlər. O, qeyd edib ki, biz qadınları cəmiyyət üçün mübariz insanlar kimi yetişdirməliyik: “Avropada heç vaxt qadına ”ikinci ol" demək olmaz. Qadınlar kişilərin rolunu özləri azaltmalıdırlar. Azərbaycandakı bir çox adət-ənənləri bu mövzuda test etmək olar. Bizdə qadınları ağır işlərə sövq etmirlər, cəmiyyət içində ağır söz demirlər, publikda alçatmırlar.

Amma Avropada belə deyil, onlarda qadınlar daha azaddır, kişilərdən məsləhət gözləmədən istədiklərini edirlər. Qadınların seçim kvotası deyilən bir öhdəliyi yoxdur. Onlarda qadınlar daha çox iştirakçı hüququna malikdir. Bəzən dilemma qarşısında qalırıq - qadını daha çox idarədedici qüvvəyə cəlb etməkmi, yoxsa qorumaqmı? Hesab edirəm ki, kişilər bir az feminist olmalı, qadınlar isə özləri daha mübarizliyə meyil göstərməlidir. İndi kvotaya yox, real mübarizəyə ehtiyac var. Odur ki, şərait yaratmaq lazımdır ki, onlar tədbirlərdə qadın kimi yox, dominat kişilərdən biri kimi çıxış edə bilsinlər".

“Qadınlar mümkün qədər bir-birinə dəstək verməlidir”

“Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hesab edir ki, bizə dövlət mənafeyini qoruya biləcək qadınlar lazımdır: “Siyasətdə, ictimai sferada olan qadın daha yaxşı övlad, daha yaxşı insan yetişdirir. Ana müdrik olanda, təkmil olanda tərbiyə etdiyi övladlar da layiqli vətəndaş kimi böyüyür”.

Mehriban Zeynalova qadının daha çox ana missiyası daşıdığına vurğu qoyulmasını mənfi hal kimi dəyərləndirib: “Qadının ana olmaq vəzifəsi öz yerində, fikrimcə, ictimai məsuliyyəti olan qadın daha yaxşı vətəndaş yetişdirə bilər. Odur ki, qadının analıq xüsusiyyətlərini önə çəkib, digər fəaliyyətinə kölgə salmaq olmaz. Siyasətlə məşğul olmaq isə ancaq parlamentdə təmsil olunmaq deyil.

Bizim cəmiyyətin daha bir bəlası da bir qadının digərinin uğuruna sevinə bilməməsidir. Halbuki qadınlar mümkün qədər bir-birinə dəstək verməlidir".

Tədbirdə iştirak edən müğənni Gülyanaq Məmmədova isə müəllim kimi həmişə sağlam tələbələr yetişdirməyə çalışdığını deyib: “Hansı ölkədə oluruqsa, respublikamızın musiqi mədəniyyətini çatdırmağa çalışırıq. Qadın anadırsa, gözəl övladlar tərbiyə edirsə, inanıram ki, o qadın ən güclü qadındır...”

“Avropada ailə institutu dağlıb”

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət müasir dövrdə qadınların problemlərinə diqqət çəkərək bildirib ki, “filan yerdə mütləq qadınlar çox olmalıdır, qadınlar bu vəzifələri mütləq icra etməlidir” fikrilə hərəklət eləmək düzgün deyil: “Qadınlara ailənin içində azadlıq verilməli, istədiyi təşkilatda işləyə bilməsinə imkan yaradılmalıdır. Əgər kişi qadınına güvənirsə, ona ailədə problemlər yaratmamalıdır, qadını məhdudlaşdırmamalıdır.


Avropada isə ailə institutu yoxdur və onlar bizim üçün ailə modeli ola bilməz. Qərb cəmiyyətində qadın, kişi qocalanda itlə, pişiklə yaşayıb ünsiyyət qurmalı olur. Azərbaycanda ailə institutu var, biz bunu qorumaq üçün əlimizdən gələni etməliyik. Sosial şəbəkələrdə gənc xanımlar yazırlar ki, ərim üstümə qışqırdı, boşanacam. Belə yanaşma 20 il sonranın faciələrinə başlanğıcdır.

Türk qadını əri ilə birlikdə at belində olub, döyüşə gedib. Cəmiyyətimizi milli kökündən ayırmaq üçün çox cəhdlər edirlər. Məsələn, Amerikanın şükran bayramından bizə nə dəxli var? Bizim ailə quruluşunu qorumaq üçün qadının gücündən istifadə etməliyik.

Biz qadınlarımızı parlamentdə millət vəkili kimi, nazir kimi də görmək istəyirik. Amma qadınların ailədki rolu daha da möhkəmləndirilməlidir".

“Belə dinləmələr mütləq vaxtaşırı təşkil olunmalıdr”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı qeyd edib ki, Azərbaycanda demək olar, bütün bələdiyyələrdə qadınların çalışması çox yaxşı haldır: “Azərbaycanda 1700 bələdiyyənin hər birində qadın üzvlər var. Əksəriyyətində müavin, bəzilərində sədrlər qadınlardır. Azərbaycan ailəsində ananın ailə institutunun formalaşmasında rolu var. Bizim əsas qazancımız ibtidai sinif rəhbərlərinin qadın olmasıdır. Onlar bizə analıq ediblər”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva deyib ki, bizim bir sıra problemlərimiz qız və oğlan uşağı doğulanda onlara bərabər yanaşmamağımızdan qaynaqlanır: “Ailənin, cəmiyyətin inkişafında bərabər imkanlar vacibdir. Buna görə mütləq belə dinləmələr aparılmalıdır. Ailəyə iki nəfərin ittifaqı kimi baxmamalıyıq, ailədə insanlar öz məsuliyyətini və hüququnu dərk etməsə, böyük problemlər yaşana bilər”.

Parfüm qoxulu siyasət...

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli isə çıxışına dünyaca məşhur idarəçi xanımların həyatından sitat gətirərək başlayıb: “Ana olmayıb da gözəl idarəçi olan xanımlar var. Məşhurlardan birinin deyimidir, qadının siyasətdə olması parfüm qoxulu siyasətdir. Üzümü kişilərə tutub demək istəyirəm ki, çalışın qadınlara qarşı qısqanc olmayın. Qadınlara qəlblərinizdə yer verdiyiniz kimi meydanlarda da yer verin”.

Qeyd edək ki, Qadın Konsensus Mərkəzinin “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində nəzərdə tutulduğu kimi, 5 ictimai dinləmə-seminar keçirilib.

İctimai dinləmələrdə qadın mövzusu ilə məşğul olan ekspertlər, ictimai fəal insanlar, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Bundan başqa, layihədə nəzərdə tutulduğu kimi, “Facebook” sosial şəbəkəsində “Qadınlara ədalət” adlı səhifə yaradılıb və səhifə aktiv şəkildə gender və qadın problemləri mövzusuna toxunaraq müzakirələr açır. Beş mövzu üzrə, ayda bir dəfə olmaqla ictimai dinləmə keçirilib. Bu mövzular “Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə”, “Qadınların siyasi iştirakçılığı”, “Sahibkar qadınlar”, “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyi”, “Qadın mövzusu KİV və sosial mediada” sahələrini əhatə edib.

Naibə QURBANOVA

Foto: Elçin MURAD


Müəllif: