3 Noyabr 2015 14:59
2 934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalstukun yaranması xorvatiyalı əsgərlərin adı ilə bağlıdır. Əsgərlərə qalstuku sevdirən isə onların doğmaları olub. Onlar doğmalarının bağışladıqları yaylıqlara baxmaqla ailələrini, sevdiklərini yada salırmışlar.

Kimin bağışlamağından asılı olmayaraq qalstuk indi də güclü cinsin nümayəndələri üçün aktual aksessuar olaraq qalır. Bu aksessuarın özündə hansısa məlumatları ehtiva etməsi isə onu maraqlı edən məqamlardandır. Öz qalstukunda peşəsini, təhsilini, yaşantısını əks etdirən ornamentləri istəyəni arzusuna çatdırmaq artıq çətin deyil.

Bu yaxınlarda Qarabağ mövzusunu özündə əks etdirən qalstuk kolleksiyasının satışa çıxarıldığı barədə məlumat aldıq. Qalstuk Italiyanın məşhur "Andrew’s Ties" brendinə məxsusdur.

Brendin Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi olan “La Cravatte İtaliana” şirkətinin təsisçisi və direktoru Yavər Məmmədovla sahibkarlıq fəaliyyəti və maraqlı ideyası barədə söhbətləşib qalstuk yenilikləri barədə məlumat aldıq.

Qeyd edək ki, Qarabağı simvolizə edən qalstuklar əslən Qarabağdan - Füzuli rayonundan olan sahibkarın şəxsi ideyası və təşəbbüsü əsasında yaradılıb.

"Rəngli qalstuk ürəkli adamların seçimidir"

Müsahibimiz deyir ki, təmsilçisi olduğu "Andrew’s Ties" brendi bu günə kimi Azərbaycanda təxminən 19 iri müəssisə, holdinq və şirkətlərin qalstuk təchizatını həyata keçirib. 2015-ci ildə isə İtaliyada istehsal edilən "Qarabağ" və "Xarı bülbül" qalstuk kolleksiyası ilə gündəmdədir: "İxtisasca iqtisadçı və maliyyəçiyəm. Uzun müddətdir ki, Dünya Bankının layihələrində maliyyə meneceri kimi çalışıram. Qalstuk biznesinə başlamağımın səbəbi də qalstuklara olan marağımdır. Dünya Bankının xətti ilə 2001-ci ildə İtaliyaya təlimlərə getməyim və sevimli brendim - "Andrew’s Ties" ilə tanışlıq məndə Bakı şəhərində gözəl bir qalstuk dükanı açmağa həvəs oyatdı.

Əslində, qalstuk mənim hobbim idi və sonradan bu həvəsim biznes həyatımın başlanğıcı oldu. 2010-cu ildən İtaliya istehsalçıları ilə əlaqə qurdum, 2013-cü ildə İtaliya səfirliyinin dəstəyi ilə Bakıda "Andrew’s Ties" mağazasının açılışını etdik. Bu, Azərbaycanda ilk peşəkar ixtisaslaşmış qalstuk dükanı oldu. Dükanı açdıqdan sonra isə korporativ sifarişlər də qəbul etdik.

Mağaza bu gün tam rentabelli işləyir desəm, yalan olar. Məni ruhlandıran yüksək çinli məmurlardan tutmuş, sənət adamlarına, ziyalılara kimi hamının bura müraciət etməsidir. Müraciət edənlər öz istəklərinə uyğun qalstuku əldə edə bilirlər. Amma işimizin gəlirlilliyini kooperativ fəaliyyətimizlə təmin edirik. Belə ki, bank, holdinq, otellərlə əməkdaşlıq edirik. Butik nəinki satış məkanı, mən deyərdim, qalstuk sevərlərin sevimli məkanına çevrilib. Çünki burada istənilən rəng, istənilən naxışda qalstuk tapmaq mümkündür".

Qalstuk rəsmi geyimi tamamlayan aksesuar sayılsa da, bu tendensiya artıq dünyada qəbul olunmur. Çünki qalstuk indi digər tərzlərlə də kombinə edilərək istifadə edilir. Müsahibimiz deyir ki, geyim, o cümlədən qalstuk əhvalı yüksəldən aksesuardır: "Ona görə çoxları artıq bu məqsədlə qalstukdan istifadə edir. İnsanın qalstuk seçimindən onun cəmiyyətdəki mövqeyi, həyata baxışı, psixoloji durumunu müəyyənləşdirmək olar.

Biz toplum olaraq çox vaxt al-əlvan rənglərdən qaçırıq, amma bu mənfi xüsusiyyətimizdir. Bəylərimiz rəngli qalstukları da qarderoblarının əsas aksesuarına çevirməlidir. Rəngli qalstuk müsbət aura yaradan səbəblərdəndir. Alıcılarımın həyatsevərliyini qalstuk seçimi ilə də hiss edə bilirəm. Seçilmək istəməyən, kompleksli adamlar daha çox klassik üsluba - tünd və diqqət çəkməyən rənglərə üstünlük verirlər. Rəngli qalstuk həyatsevər, ürəkli adamların tərzidir".

Ucuz qalstuklar sağlamlığa ziyandır

Yavər Məmmədovun sözlərinə görə, münasib qiymətə yüksək keyfiyyətli xalis ipəkdən tikilmiş, alıcının tələblərinə cavab verən qalstuk tapmaq indi daha mürəkkəbdir: “Bahalı, təbii materialdan hazırlanmış qalstuk isə hər adamın büdcəsinə uyğun gəlmir”.

Bizim alıcı kontingentimiz orta və yuxarı təbəqənin nümayəndələridir. Özüm müəllim ailəsindən olduğum üçün həmişə aşağı gəlirli təbəqəni də nəzərə alıram, satışda endirimlər edirəm. Qalstukların qiyməti 60 manatdan başlayır, amma biz endirimlər, aksiyalar edirik. 35-40 manata da qalstuklar satırıq. Bu köhnə kolleksiyanın yenisi ilə əvəz edilməsi xarakteri daşıyır.

Qeyd edim ki, çoxları bunun baha olduğunu deyə bilər, lakin ipək qalstuk hər zaman dəyərli olub. Düzdür, şəhərimizin digər geyim mağazalarında 10 manata da qalstuk var, hətta bəzi sahibkarların işçiləri üçün kilo ilə qalstuk alması xəbərləri də dolaşır. Amma onlar sağlamlığa ziyanlı materialdan - mikrofiberdən hazırlanır. Mikrofiber isə polyester ve polyamide tərkiblidir. Bunu görmək üçün qalstukun arxa ensiz quyruq hissəsinin sonunda yarlıka baxmaq lazımdır. Orada belə yazılır: “100% microfiber və micro”.

Müsahibmiz bütün sahibkarların zəif yeri olan saxta - replika məhsullardan da danışdı: "Bazarda məşhur brendlərin saxta məhsulları var, o cümlədən "Andrew’s Ties" brendinin də saxta məhsullarının satıldığına dair mənə xəbər çatır. Yadda saxlamaq lazımdır ki, saxta qalstuku heç kəs ipəkdən replika etməz, çünki ipək çox bahadır. Mikrofiberdən hazırlayırlar ki, o da bərk olur, yaxşı bağlanmır. İpək qalstukun özəlliyi, təbiiliyi ondadır ki, onu taxdıqdan sonra açıb kənara qoyduqda bir neçə saat ərzində yenidən öz formasına qayıdır. Ən əsası sağlamlıq baxımından faydalıdır".

Satış barədə də məlumat verən Yavər Məmmədov deyir ki, ay ərzində Bakıdakı butikdə təxminən 70-80 ədəd qalstuk, İtaliyada isə bundan dəfələrlə çox, gün ərzində 1000-1500 qalstuk satılır: "Andrew’s Ties"in konsepsiyası belədir ki, hamı ipək italyan qalstukları taxmaq imkanı əldə etsin".

"Qarabağ" qalstukda

Böyük marağa səbəb olan "Qarabağ" qalstuk kolleksiyası barədə məlumat verən Yavər Məmmədov ideyasının sahibkarlıqdan çox, vətəndaş mövqeyini əks etdirdiyini deyir: "Qalstuk Ermənistanın işğalında olan Azərbaycanın ayrılmaz hissəsi kimi Qarabağ regionunu simvolizə edən elementləri özündə birləşdirir. Qalstukun üzərində Qarabağ atları, dəbilqə, tar, kaman və qaval, xarı bülbül simvolları yer alıb. Zolaqlarda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarının adları əks olunub. Qalstukun arxa quyruq hissəsində isə Qarabağ xalçalarının müxtəlif elementləri yerləşdirilib.

İstərdim ki, bu kolleksiyadan olan məhsulumuz insanların üzərində daşıdığı informasiya mənbəyi olsun. Mən Qarabağlıyam. Xarici ölkələrə gedəndə fikirləşirdim ki, mütləq oradakı dostlarıma Qarabağla bağlı hədiyyələr aparmalıyam. Ancaq maraqlı və informativ hədiyyələr tapa bilmirdim. Düşündüm ki, əlimdə belə bir imkan varkən bir informativ qalstuk yaradım. Qarabağ atributlarını qalstuk üzərinə köçürdüm.

Söhbət Qarabağdan gedirsə, qalstukun üzərinə Xarı bülbülün rəsmini yerləşdirməyə bilməzdim və bunu da etdim. Qalstukların astar hissəsində ingilis dilində "Qarabağ, Azərbaycan" sözləri yazılıb. Qalstuklar 100 faiz ipək materialdan hazırlanıb, ikiqat jacquard toxunuşa malikdir, eni 8, uzunluğu 154 santimetrdir".

"Qalstukdan məlumat ötürücüsü kimi istifadə etməliyik"

Sahibkar bu məhsuldan təbliğat üçün istifadə olunmasını məqbul sayır: "Hər bir Azərbaycan vətəndaşının özü ilə xarici ölkələrə apara biləcəyi və Azərbaycanın tarixini, mədəniyyətini dünyada düzgün təbliğ edə bilən bir qalstukun yaradılmasına zərurət vardı. Təklif edirəm ki, Azərbaycanı beynəlxalq arenalarda, tədbirlərdə təmsil edən şəxslər mütləq bu qalstukdan istifadə etsinlər. Dövlət büdcəsindən vəsait alıb xaricə ezamiyyətə gedən hər bir azərbaycanlı belə bir suveniri özü ilə aparsın. Bu qalstukların qutularının içərisinə xüsusi kitabçalar yerləşdirmişik və həmin kitabçalarda ingilis və Azərbaycan dilində qalstukun üzərindəki işarələrin hər birinin açıqlaması qeyd edilib.

Həmçinin, Qarabağda ermənilərin məskunlaşdırılması siyasəti, rayonlarımızın işğal tarixləri və eləcə də Qarabağla bağlı BMT-nin qətnamələri də həmin kitabçada yerləşdirilib. Kitabça qalstukun ayrılmaz hissəsidir və ingilis dilində tərtib edilib. Bu qalstuklardan informasiya vasitəsi, məlumat ötürücüsü kimi istifadə etməliyik. Ölkəyə istər turist kimi, istərsə də işgüzar səfərə gələn hər bir qonağa hədiyyə etmək məqsədilə gözəl bir hədiyyədir”.

Xanımları "Sənəm" sevindirəcək

Yavər Məmmədov qeyd edir ki, 2014-cü ildə Qarabağ xalçasının naxışlarına uyğun qalstuklar da istehsal edilib: "Xalça və Kilim ornamentli qalstukları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırdıq. XIX əsr Qarabağ xalçasının və kiliminin ornamentləri italyan dizaynerlərinin köməyi ilə ipək üzərinə köçürüldü, yəni ipək toxundu və həmin ipəkdən qalstuk hazırladıq".

Şirkət rəsmisi Qarabağ mövzusunda xanımların zövqünü də nəzərə aldıqlarını və bu missiya ilə yaratdıqları "Sənəm" yaylıq kolleksiyası barədə də məlumat verdi: "Həmişə qadınlar kişilər üçün qalstuk hədiyyə alanda özlərinin də marağını nəzərə almağımızı xahiş edirdilər. Xanım dostlarımdan gələn təklifləri ciddiyə alaraq Qarabağı əks etdirən yaylıq istehsalını reallaşdırdıq. Yaylığın üzərində müxtəlif rakurslardan çəkilmiş 7 Xarı bülbül gülü təsvir olunub. Ölçüsü 90 sm x 90 sm ölçüdə ipək yaylıq kolleksiyasına qızımın adını vermişəm. Hesab edirəm ki, bu, uğurlu ad olmaqla yanaşı, xanımlığı da özündə daşıyır".

"Bu, bizim üçün sınaq müddətidir"

Müsahibimiz ölkə başçısının sahibkarlığın inkişafı və stimullaşdırılması ilə bağlı verdiyi fərman və sərəncamlar barədə də danışdı: "Bu qərarlar bir sahibkar kimi məni sevindirməyə bilməz. Ölkə Prezidenti bütün sahibkarları şəffaflığa və əməkdaşlığa dəvət etməklə yanaşı, dövlətin onların fəaliyyəti üçün şərait yaratmasını təmin etdiyini əməli ilə sübut edir.

Biz qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, ilk növbədə bu sahəyə investisiyaları cəlb etməliyik. Bunun üçün isə sahibkarlığın inkişafına tam şərait yaratmalıyıq, vergi ödəyicisi olan sahibkarlıq subyekləri vergiləri ödəməkdə maraqlı olmalıdırlar. Çünki ödədiyimiz vergilər dövlətimizin istisadi qüdrətinin artmasının təminatıdır. O ki, qaldı yoxlamaların 2 il müddətinə dayandırılmasına bu sahibkarları arxayın salmamalı, əvəzində onları bu müddətdə daha şəffaf işləməyə vadar eləməlidir. Biz sahibkarlar bizə dəstək olan Prezidentimizin bu etimadını əməli işimizlə doğrultmalıyıq!”

Naibə QURBANOVA


Müəllif: