10 Noyabr 2015 15:55
415

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, səfir Kim Çanq-gyu fəxri qarovul dəstəsinin qarşısından keçib.

Kim Çanq-gyu etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın Koreya ilə dostluq əlaqələrini genişləndirmək niyyətində olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında inşaat və digər ənənəvi sahələrdən başqa əməkdaşlığımızın yeni istiqamətlərinin də mövcud olduğunu deyib. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu xüsusi qeyd edib. Qarşılıqlı sərmayə qoyuluşuna toxunan dövlət başçısı Azərbaycanın daha çox sayda Koreya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu vurğulayaraq investisiya qoyuluşu üçün Azərbaycanda yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev səfirin diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın yüksək nailiyyətlər əldə etməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi qeyd edən səfir Kim Çanq-gyu qazanılan uğurlar münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük ehtiramını ifadə edib. O, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı Koreya və Azərbaycan rəhbərlərinin göstərişlərinin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezin etimadnaməsini qəbul edib.

Səfir Orelia Buşez fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xanım Orelia Buşez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Fransa arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Fransa Prezidenti Fransua Ollandın bir il ərzində iki dəfə Azərbaycana, özünün isə Fransaya səfərlərinə toxunan dövlət başçısı ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Siyasi əlaqələrmizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev parlamentlər səviyyəsində də yaxşı əməkdaşlığın mövcud olduğunu vurğuladı. Ölkələrimizin arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və getdikcə daha da möhkəmlənəcəyini bildirən dövlət başçısı bunu qarşılıqlı anlaşmanın və dəstəyin çox yüksək səviyyəsi kimi dəyərləndirib.

Xanım Orelia Buşez bildirdi ki, o, Fransanın Azərbaycanda səfiri olmasından məmnundur və şərəf hissi keçirir. Azərbaycanın gözəl ölkə, Bakının isə ecazkar şəhər olduğunu vurğulayan fransalı diplomat paytaxtımızda qədim və müasir arxitekturanın uğurlu sintezinə valeh olduğunu deyib. Ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərin də onda dərin təəssürat yaratdığını deyən səfir Azərbaycandakı sabitliyi və dini tolerantlığı yüksək qiymətləndirərək bunun Avropa ölkələri üçün də nümunə ola biləcəyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həll olunması, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, investisiya qoyuluşu, yüksək texnologiyalar, kosmik sənaye, infrastruktur, nəqliyyat, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: