11 Noyabr 2015 11:45
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaqub Mahmudov: "Müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər gələn il hazır olacaq"

Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.

Prezident İlham Əliyev yığıncaqda iştirak edib, müxtəlif məsələlərə dair fikirlərini Azərbaycan alimləri ilə bölüşüb. Prezident deyib: "Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər".

Dövlət başçısı bildirib ki, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olub: "Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır".

Prezident tarix elmləri ilə bağlı da fikirlərini bölüşüb və bizim öz tariximizi, bu reallıqları dünya miqyasında daha dolğun təqdim etməli olduğumuzu vurğulayıb: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. "Qarabağ", "Xankəndi" Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun "Stepanakert" adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq, təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər, biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır.

Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər".

Dövlət başçısının çıxışına münasibət bildirən professor, millət vəkili Musa Qasımlı deyib ki, AMEA-nın yaradılmasının 70 illiyinə həsr edilmiş ümumi yığıncaqda Prezident İlham Əliyevin etdiyi nitq böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, hər şeydən əvvəl, Prezidentin ümumi yığıncağa gəlməsi AMEA-ya, akademiya elminə və əməkdaşlarına verdiyi böyük diqqətin göstəricisidir: "İkincisi, nitqdə irəli sürülən müddəalar Azərbaycan dövlətinin inkişafında elmimizin hansı rolu oynaya biləcəyi baxımından prinsipial əhəmiyyət daşıyır. AMEA-nın keçdiyi yolu qiymətləndirən dövlət rəhbəri bildirdi ki, elmimiz ölkənin qarşısında duran hədəflərin yerinə yetirilməsində mühüm rol oynamalıdır. Xüsusən, ictimai və humanitar elmlər sahəsində qarşıda dayanan vəzifələrə dair cənab Prezidentin söylədikləri dərin məna daşıyır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, tarixçilər Cənubi Qafqazın ermənilər tərəfindən saxtalaşdırılan tarixini, erməni yalanlarını alt-üst edən mükəmməl əsərlər yazmalıdırlar. Azərbaycan tarixinin bir çox məsələləri tədqiq edilməlidir. Tariximiz xaricdə geniş təbliğ olunmalıdır. Cənab Prezident vurğuladı ki, gələn il Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 ili tamam olur. Buna görə də tarixçiləri 25 ildə ölkəmizin keçdiyi yola həsr edilmiş əsərlər yazmağa səslədi. Bu çağırış hər bir tarixçi və müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyur. Eyni zamanda dövlət rəhbərinin ana dilimizin saflığını qorumaq istiqamətində dedikləri təkcə alimlər deyil, bütün dövlət, hökumət və ictimai və digər qurumlar üçün ciddi bir siqnal olmalıdır".

"Cənab Prezident akademiyanın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılmasının vacibliyini qeyd etdi. Tarix İnstitutunda bununla əlaqədar olaraq işlərə başlanılıb".

Bunu isə AMEA-nın Tarix İnstitutunun direktoru, qurumun müxbir üzvü, millət vəkili Yaqub Mahmudov deyib. O bildirib ki, müstəqillik dövrünə həsr olunmuş "Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə" kitabı üzərində ciddi iş aparılır: "Cənab Prezidentin ölkəyə rəhbərlik etməsindən sonra görülən işlərlə bağlı araşdırmalar aparırıq. Artıq Moskvaya ezamiyyətlər təşkil olunub. Ölkə daxilində işlər gedir, tədqiqatlar aparılır. Güman edirəm ki, ölkə başçısının qoyduğu vaxta kimi "Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə" kitabı nəşr olunacaq və müstəqilliyimizin 25 illiyində, bayramda kitabın təqdimatı keçiriləcək".

Tarix İnstitutunun direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumda Zəngəzur tarixinin mükəmməl şəkildə işlənməsinə başlanılıb: "Biz artıq müəllif heyətini də müəyyənləşdirmişik".

Y.Mahmudov qeyd edib ki, eyni zamanda, Azərbaycanda baş verən soyqırımları tarixi illüstrasiyalı şəkildə, müxtəlif dillərdə nəşr olunacaq: "Cənab Prezident akademiyanın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda bir daha Azərbaycan tarixçilərinin gərgin əməyinə yüksək qiymət verdi. Biz ölkə başçısının tapşırığı ilə İrəvanın Azərbaycana məxsus olduğunu, İrəvan şəhərinin böyük əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu dəlillərlə sübut etdik. Azərbaycanın bütün bölgələrində baş verən soyqırımıların tarixi araşdırıldı. Qarabağ, Naxçıvan və İrəvan xanlıqları, Azərbaycanda baş verən soyqırımlarının tədqiqinin təşəbbüskarı birbaşa cənab Prezidentdir. Bu istiqamətdə araşdırmaların davam etdirilməsi ilə bağlı cənab Prezidentin tapşırıqları Tarix İnstitutunda dayanmadan yerinə yetirilir".

Səxavət HƏMİD


Müəllif: