11 Noyabr 2015 18:24
452

ABŞ-ın Texas ştatının Bakı ilə qardaşlaşmış Hyuston şəhərinin universitetinin binasında həmin universitet, Azərbaycan Mərkəzi, həmçinin Türkiyə, Yunanıstan və İtaliyanın Baş Konsulluqlarının təşkili və ARDNŞ-in dəstəyi ilə “Avropa Enerjisində Cənubi Qaz Dəhlizi” adlı böyük konfrans keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, konfransın işində enerji sahəsi üzrə ekspertlər, ABŞ dövlət orqanları və Konqresin nümayəndələri, həmçinin diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, İtaliya və Yunanıstanın Hyuston şəhərindəki baş konsulları iştirak ediblər. Ölkəmizi konfransda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ARDNŞ vitse-prezidentinin müavini Vitali Bəylərbəyov təmsil edib.

Hyuston Universitetinin prezidenti Renu Xator Bakıya səfər etdiyini qeyd edərək ölkəmiz barədə təəsüratlarla bölüşüb və konfransın məhz Hyuston Universitetində keçirilməsindən məmnun olduğunu bildirib. Bundan sonra Hyuston şəhərinin meri Anise Parker tərəfindən noyabrın 9-nun Hyustonda Cənubi Qaz Dəhlizi günü elan olunması barədə sənəd təqdim olunub.

Türkiyənin Hyustonda Baş Konsulluğunun enerji müşaviri Caner Can Türkiyənin həm enerji istehlakçısı həm də coğrafi məkanına görə “təbii tranzit” olduğunu bildirərək Cənubi Qaz Dəhlizinin ölkəsi üçün prioritet olduğunu deyib.

Yunanıstan baş konsulu Georgios Papanikolau Avropada təbii qazın ətraf mühitə zərərin dərəcəsini azaldan yeganə alternativ enerji mənbəyi olduğunu qeyd edərək bütün proqnozlara görə 2025-ci ilədək Avropanın qaz ehtiyaclarının artacağını, digər tərəfdən Avropanın Rusiyadan enerji asılılığı dərəcəsindən narahatlığını vurğulayıb. Bu səbəblərdən Avropaya təbii qaz mənbələrinin diversifikasiyasının vacibliyini qeyd edən yunan diplomat bu kontekstdə Cənubi Qaz Dəhlizinin əhəmiyyətinin danılmaz olduğunu deyib.

İtaliyanın Hyustonda baş konsulu Elena Sqarbi çıxışında Avropa İttifaqının enerji mənbələrinin diversifikasiyası üzrə strategiyasından söz açaraq Cənubi Qaz Dəhlizinin həmin strategiyaya tam cavab verdiyini və bu dəhlizin Avropa hissəsi olan TAP layihəsinin məhz bu səbəbdən İtaliya hökuməti üçün prioritet olduğunu bildirib.

Konfransda əsas məruzəçi qismində çıxış edən səfir Elin Süleymanov enerjinin regionda yeni coğrafiya müəyyən etməsi barədə fikrini səsləndirərək Bakı-Tbilisi-Ceyhan , Bakı-Tbilisi-Ərzurum kimi irimiqyaslı enerji layihələrinin həyata keçirilməsindən sonra Xəzər dənizi hövzəsi və Aralıq dənizi regionlarının arasında fiziki təmasın yarandığını nümunə kimi gətirib. Cənubi Qaz Dəhlizi regionlar arası təmasları daha da genişləndirəcəyini bildirərək bu əməkdaşlığın bütün tərəf ölkələri və bütövlükdə regionun rifahı və təhlükəsizliyinə töhvəsinin danılmaz olduğunu qeyd edib. Səfir regiondakı layihələrin uğurunu Azərbaycan rəhbərliyinin siyasi iradəsi və müdrik siyasəti nəticəsində mümkün olduğunu bildirib.

Konfransda, həmçinin Ed Hirs, Corctaun Universitetinin professoru Brenda Şaffer, Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) xarici əlaqələr direktoru Maqsud Məmməd və İstanbulda yerləşən Xəzər Strateji İnstitutunda Strateji və Siyasi Koordinator Əfqan Niftiyev çıxış ediblər.

Səxavət


Müəllif: