13 Noyabr 2015 13:13
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Əmək bazarında gənclərin məşğulluğu üçün stimullaşdırıcı tədbirlər görülməlidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti il üçün əmək bazarı üzrə proqnozları açıqlayıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, 2016-ci ildə ölkədə həyata keçirilməsi nəzərdə tutulmuş yeni infrastruktur layihələrinin icrası, planlaşdırılan istehsal sahələrinin, xidmət obyektlərinin tikintisi işləri, dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlər hesabına yeni yaradılan iş yerləri işaxtaran vətəndaşların iş yerləri ilə təmin olunmasına imkan verəcək.

Digər tərəfdən, əmək bazarının iştirakçıları arasında gəncləşmə meyillərinin artması, gənc mütəxəssislərin məşğul əhali sıralarına daxil olması prosesinin sürətlənməsi gözlənilir.

Elman Babayev deyib ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişlənməsi də gələn il bu sahələr üzrə əmək bazarında işçi qüvvəsinə tələbin artmasına səbəb olacaq.

Gənclərin regionlarda qalması üçün...

Kənd təsərrüfatı mütəxəssis Vahid Məhərrəmov isə bildirir ki, qeyri-neft sektorunda ən böyük əmək ehtiyatı kənd təsərrüfatı sahəsindədir. Sahibkarlığın inkişafına dair dövlət dəstəyi, aparılan son islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət dəyişikliklərə gətirib çıxaracaq. Bu halda kənd əhalisinin məşğulluğu da diqqətə alınmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Elmi-Tədqiqat Mərkəzində əmək bazarı və məşğulluq problemləri üzrə şöbənin müdiri Mətləb Mahmudovun sözlərinə görə, kənd təsərrüfatında məşğulluq çox zaman mövsümi xarakter daşıdığından, bu sahədə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var: “Vaxtilə bu fasiləni doldurulması üçün müəyyən tədbirlər görülürdü. Sovet dövründə işsiz gənclər Rusiyaya mövsümü iş dalınca gedir, çox vaxt da geri qayıtmırdılar.

İndi də belə hallar olur, bölgələrdə enerjili gənclər 3 ay qışı paytaxta, yaxud başqa ölkəyə üz tutub, əsasən tikinti sahəsində çalışırlar. Biz bölgələrdə əmək məşğulluğu üzrə monitorinqlər aparanda gənclər ən çox asudə vaxtlarının təşkilinin çox aşağı səviyyədə olmasından narazılıq edirlər. Nəinki kənd yerlərində, heç rayon mərkəzlərində də onların asudə vaxtı ilə bağlı planlı tədbirlər reallaşmır.

İldə-ayda bir dəfə rəsmi bayramlarda dövlət səviyyəsində keçirilən tədbirlərdən başqa onlar heç nəyin şahidi olmurlar. Mədəniyyət evlərinin də yerlərdəki fəaliyyəti məlumdur. Ona görə də bu sahədəki boşluq aradan qaldırılmalıdır ki, bölgələrdə gənclərin məşğulluğu faydalı istiqamətə yönəlsin. Elə bir mexanizm tapılmalıdır ki, gənclərə stimul versin və onlar o məşğulluqdan zövq alsınlar. Bunun üçün tək dövlət dəstəyi ilə bu məsələlər həll oluna bilməz, qeyri sahələr də təşəbbüskar olmalı, fəaliyyət göstərməlidirlər".

Nazirliklərin birgə əməkdaşlığı müsbət effekt verir

Mətləb Mahmudov bildirdi ki, bir necə il öncə bölgələrdə kənd investisiya layihələri həyata keçirilib ki, bu istiqamətdə görülən işlər müsbət effekt verib. ƏƏSMN-nin, Dünya Bankının, kənd təsərrüfatı, iqtisadiyyat və sənaye nazirlikləri və digər aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər görülüb: “Biz monitorinq apardıq və nəticələrdən məlum oldu ki, bu cür layihə gənclərin rayonlarda qalmasına müsbət təsir edir. Kənd investisiya layihələri əsasında kənd təsərrüfatı sahəsində işlər bitəndə yol infrastrukturunun, su xətlərinin abadlaşdırılmasında gənclər işə cəlb olunurdu. Hazırda Dünya Bankı maliyyə ayırmadığından bu layihə dayanıb. Ona görə də gənclərin Rusiya və Ukraynaya iş dalınca getməsi hallarının artma ehtimalına görə yenidən müvafiq tədbirlərin görülməsi məqsədəuyğundur. Bu baxımdan nazirliklərin də, aidiyyəti qurumların əlaqəli fəaliyyəti çox yaxşı olardı”.

Ekspert təəssüflə qeyd etdi ki, əmək məşğulluğu ilə bağlı digər nazirliklər bəzi hallarda ƏƏSMN-lə əməkdaşlığa laqeydlik göstərir: “Elə nazirliklər var, əmək məşğulluğu ilə bağlı tədbir keçirir, ancaq bizim nazirliyi çağırmır. Gənclər və İdman Nazirliyi əmək məşğulluğu və sosial məsələlərlə bağlı beynəlxalq sammit təşkil etmişdi, dəvət almadığımız üçün bizim nazirliyin nümayəndəsi tədbirə qatılmadı. Halbuki bu tədbirdə bizim mütəxəssislər çox əlverişli təkliflər verə bilərdi və bu tədbir praktiki baxımdan böyük effekt doğurardı”.

Fəhləyə günə 500 dollar verən şirkət var

Nazirlik rəsmisinin sözlərinə görə, əmək bazarında yüksək əməkhaqqı ən böyük stimulverici amildir. Onun sözlərinə görə, əmək yarmarkalarına adətən aşağı əməkhaqqı olan vəzifələr çıxarılsa da, yüksək maaşlı yerlərə dəvətlər olur: “Məsələn, neft şirkətləri var ki, sualtı qaynaq işini bacaran fəhlə axtarır. Həmin fəhləyə günə 500 dollar əməkhaqqı verilir. Bizim gənclərsə bu işi öyrənmək istəmirlər. Halbuki fəhlə 2 saat ərzində suyun altında işini başa çatdırıb, bir gün dincəlir. Yəni bu işin incəliklərini öyrəndikdən sonra həyat üçün heç bir təhlükə olmur. Bizdə belə kadrlar yoxdu deyə məcbur qalıb xaricdən - İsveçdən, Norveçdən, Almaniyadan mütəxəssis dəvət edirlər”.

Mətləb Mahmudovun fikrincə, istehsalat və xidmət sahələri stimullaşdırılaraq əmək yarmarkalarına çıxarılsa, işsizlərin sayı minimuma enər: “Bəzən gənclərimiz elə iş yeri axtarırlar ki, az işləyib yaxşı maaş alsınlar. Cəmiyyətdə hələ də belə neqativ tendensiya var. Rüşvət verib işə düzəlmək, sonra da verdikləri məbləği zəhmətlə yox, qeyri yollarla, havayı zəhməthaqqı almaqla toplamağa çalışırlar. Hüquq-mühafizə, bank sektorlarına bu səbəbdən meyil çoxdur, çünki kənar qazanc üsulları bu sahələrdə hələ də qalmaqdadır. Xidmət və istehsal sahələri stimullaşdırılmalıdır ki, əmək bazarı həmin sahələrdə inkişaf etsin. Belə olsa dövlət də fayda götürər, o sahədə çalışanlar da”.

İstehsalatın inkişafı bazardan asılıdırsa...

Mətləb Mahmudovun fikrincə, hazırda kənd yerlərində gənclərin məşğulluğunu təmin etmək üçün sahibkarlığın inkişafı aktualdır. Bölgələrdə açılan gənclər mərkəzlərinin fəallığını artırmaq üçün praktiki tədbirlər görülməlidir: “Bu günlərdə bir qurum efir vasitəsilə nümayiş etdirdi ki, həmin mərkəzlərdə biznes inkubatorlar açır. Biz İmişliyə monitorinqlərə gedəndə maraqlanırıq ki, sahibkarlığın inkişafı ilə bağlı biznes inkubatorlar fəaliyyət göstərirmi? Bildirirlər ki, yox, çünki rayonlarda sahibkar bilmir istehsal etdiyi məhsulu hara satsın.

Ona görə də kompleks tədbirlər görülməlidir. Bir nazirlik belə bir işə start verəndə bizim mütəxəssislərlə əməkdaşlıq etməlidir ki, əmək bazarında hansı sahənin inkişafı daha çox uğur gətirər, yaxud digər bir qurum istehsal olunan məhsulun bazarını müəyyənləşdirmək üçün menecer fəaliyyətini təmin etməlidir və sair.

Layihə xarakterli yox, daimi xarakter alması üçün bu işlər kompleks şəkildə görülməlidir. Biz 7 ildir təklif edirik ki, Azərbaycanda əmək bazarı və məşğulluğun monitorinqi agentliyi yaradılsın. Bu monitorinqlərin nəticələri təhlil olunub dövlət başçısına təqdim olunsun. Bu halda sahibkarlara qayğı daha yüksək səmərə verər".

Sevil Hilalqızı


Müəllif: