13 Noyabr 2015 16:59
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrdə dünya xalqlarının mədəniyyətinin, dilinin qovuşduğu və bir-birinə inteqrasiya olunduğu bir zamanda Azərbaycan dilinin qorunması məsələsi də aktual problemə çevrilib. “Azərbaycan dilinin Qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda dilimizə və müasir Azərbaycan dilçiliyinə aid problemlər əyani şəkildə göstərilib. Proqramda ölkəmizə idxal edilən malların (dərman, məişət əşyaları və ərzaq məhsulları) adlarında və onları müşayiət edən sənədlərdə Azərbaycan dilinin verilməsi məsələsini əhatə edir.

Bu gün ölkəmizdə istifadə olunan dərman və dərman preparatlarının əksəriyyəti xarici ölkələrdən idxal edilir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zamiq Təhməzovla dərman və dərman preparatlarının dilinin səviyyəsindən danışdıq.

Onun sözlərinə görə, tibb sahəsində çalışan şəxslərin Azərbaycan dilinin qayda-qanunlarını bilməməsi dərman preparatlarının dilində problemlər və anlaşılmazlıqlar ortaya çıxarır: “Səhiyyə Nazirliyi istehlakçıların mənafeyini nəzərə alaraq həmin preparatların içliyini müvafiq şurada ana dilimizə tərcümə etdirir. Bu, özü-özlüyündə həmin sahədə irəliyə doğru atılmış bir addımdır. Ancaq bununla belə, aparılan müşahidələr və tədqiqatlar nəticəsində sözügedən sənədlərin dilində bir çox çatışmazlıqlar, o cümlədən, ədəbi dil normalarından yayınmalar üzə çıxarılıb. Araşdırmalar göstərir ki, həmin içlik vərəqələrindəki dil qüsurlarının böyük bir hissəsi həmin sənədləri tərcümə edənlərin qeyri-peşəkarlığı ilə bağlıdır. Bəlkə də, həmin şəxslər tibb sahəsini kifayət qədər yaxşı bilirlər, ancaq vərəqələrin dili isə onların Azərbaycan dilinin qayda-qanunlarına kifayət qədər bələd olmadıqlarını göstərir”.

Söhbətimizdə zamanı Zamiq Təhməzov araşdırmaya cəlb edilən bir peçə preparatın içlik vərəqində müşahidə edilən çatışmazlıqlardan söz açır: “Ayrı-ayrı dərman və dərman preparatlarının izahedici hissəsində izahatın aydın strukturu yoxdur. Məsələn, bəzi dərmanlarda (biseptol, metafom, qalazolin və sairə) farmakoloji xüsusiyyətlərdən, istifadəyə göstərişlər, əks göstərişlərdən danışıldığı halda, başqa qrup preparatlarda həmin hissələr farmakodinamika, farmakokinetika adları altında verilir”.

Şöbə işçisi bildirir ki, mövcud qaydalara görə, Azərbaycan dilində feilin şərt şəkli sadə cümlələrin müstəqil xəbəri vəzifəsində çıxış edə bilməz. Ancaq bəzi dərmanların izahedici hissəsində “-sa, -sə” ilə bitən cümlələrə rast gəlinir: “Məsələn, “Siz ürək çatışmazlığı ilə bağlı müalicə almış və ya təzəlikcə ürək tutması keçirmişsinizsə. Qan dövranında ciddi problemləriniz (məsələn: şok) və ya tənəffüs çətinliyiniz varsa”.

Həmçinin, mətnlərdə məntiqi cəhətdən düzgün qurulmayan cümlələr vardır. Məsələn, “Metafom”un izahedici hissəsində: “Əmin olun ki, mütəmadi həkim ilə əlaqə saxlayırsınız”. Əslində, “Həkiminizlə mütəmadi əlaqə saxlayın” forması doğrudur.

Cümlələrin “hansı ki”, “hansının ki” tipli formalarda başlanması doğru deyil. Məsələn, Hidroxlortiazid – tiazid diuretikdir, hansının ki, diuretik təsiri nefronun distal hissəsində natrium, xlor, kalium, maqnezium, su ionlarının reabsorbisiyasının pozulması ilə əlaqədardır”.

İzahatlarda tez-tez təkrarlara rast gəlinməsi isə yəqin ki, söz ehtiyatının azlığından irəli gəlir: “Məsələn: “NEO-ENTEROSOL” preparatının izahı zamanı 10 dəfədən çox “əgər” ifadəsi işlədilmişdir. “Belə ki” birləşməsini də ora əlavə etmək olar”.

Zamiq Təhməzov deyir ki, ən çox təsadüf edilən uyğunsuzluqlardan biri də cümlənin bitdiyi yerdə nöqtə əvəzinə vergül qoyulmasıdır: “Məsələn: Paylanma həcmi 7-12 litr arasındadır, onun əsas hissəsi toxuma və bədən mayeləri vasitəsilə yayılır, yaxud hər hansı dərman vasitəsinin qəbul edilə biləcəyinə əmin olmaq üçün həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Belə ki, Neo-Enteresol qəbul etməzdən əvvəl diareya əleyhinə preparat qəbul olunmamalıdır”.

İzah zamanı cümlələrin terminlərlə həddindən artıq yüklənməsi də məqsədəuyğun sayılmır: “Məsələn, Furosemidlə diazoksidin kombinəedilmiş şəkildə istifadəsi hiperqlikemik reaksiya törədir ki, bunun da qarşısını butamid yeritməklə almaq olar. Belə yazmaq olar: Qaraciyərdə mikrosomal oksidləşmə stimullaşdırıcıları (fenitoin, etanol, barbituratlar, trisiklik antidepresatlar), etanol və hepatotoksik dərman vasitələri hidroksilləşmiş aktiv metobalitlərin hasilini artırır (sefekon)”.

Nümunələrə əsasən, demək olar ki, Azərbaycana idxal olunan və xarici şirkət və firmaların patenti ilə ölkəmizdə istehsal edilən dərman preparatlarının xəstələr üçün olan içlik vərəqələrinin dili Azərbaycan ədəbi dilnin normalarına bir çox hallarda cavab vermir: “Dil qüsurları bəzən o həddə çatır ki, məsələnin mahiyyəti ikinci plana keçir”.

Sevinc


Müəllif: