20 Noyabr 2015 14:56
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kimin kimdən xoşu gəlmirsə, onu işdən azad olunan nazirlərlə əlaqədə suçlayır. Kim kimdən pul qoparmaq istəyirsə, bu cür ucuz yollara əl atır".

Bunu Teleqraf.com-a açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı fikirlərinə münasibət bildirərkən qeyd edib.

İ.Quliyev bildirdi ki, son illər Azərbaycanda KİV-lərin inkişafı üçün sistemli tədbirlər həyata keçirilməkdədir: "Bu tədbirlərin nəticəsi olaraq ciddi mətbuat orqanlarının xəbər siyasətində ciddilik, dəqiqlik elementləri artıbdır. Əksər yazılı mətbuat orqanları, ciddi xəbər agentlikləri təsdiqlənməmiş, şayiə tipli xəbərlərə ehtiyatla yanaşır, xəbərin dəqiqliyini yoxlamadan onu yaymırlar. Amma təəssüf ki, yeni yaranan, ictimai rəyə ciddi təsir imkanları olmayan bəzi KİV-lər yalan məlumatlar yayılmaqdadır. Bu proses son günlərdə xüsusilə qabarıq şəkildə hiss olunmağa başlayıbdır. Bir nəfərdən ibarət olan bu cür saytlarda hər gün ən müxtəlif dəqiqləşdirilməmiş məlumatlar yer almaqdadır. Müxtəlif dövlət strukturları, onların rəhbərləri haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır. Kimin kimdən xoşu gəlmirsə, onu işdən azad olunan nazirlərlə əlaqədə suçlayır. Kim kimdən pul qoparmaq istəyirsə, bu cür ucuz yollara əl atır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli Əli Həsənovun mövzu ilə bağlı açıqlaması media ictimaiyyətinin, ümumilikdə cəmiyyətin maraqlarını ifadə edir".

İ.Quliyev bildirdi ki, Azərbaycanda internet medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı problemlər kifayət qədər qabarıqdır və bunun üçün ictimai müzakirələrə, konkret addımların atılmasına ehtiyac var: "Eyni zamanda, hüquqi müstəvidə də addımlar atılmalıdır. Qanunvericilikdə boşluqlar varsa, bu məsələ də həllini tapmalıdır. Heç bir halda, heç kim, o cümlədən də media təmsilçiləri yaradılan şəraitdən sui-istifadə etməməlidirlər. Özünü media təmsilçisi kimi qələmə verən hər bir kəs Əli müəllimin açıqlamasından nəticə çıxarmalıdır".

Ayxan


Müəllif: