24 Noyabr 2015 12:45
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kişinin əsas vəzifələrindən biri ev-eşik qurmaqdır"

"Övlad böyütmək, onları evləndirmək, ev tikmək kişinin əsas vəzifələrindən sayılır. Allah hər kəsə imkan versin ki, özünə, balalarına ev tikə bilsin. Mən hər kəsə ev-eşik arzulayıram. Evi olmayan adamlara istehza etmək böyük günahdır. Mən heç vaxt belə günah işlətmərəm".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin keçmiş deputatı Qalib Salahzadə qalmaqallı açıqlamasına aydınlıq gətirərkən bildirib.

Qeyd edək ki, Q.Salahzadə özünə 6 milyon manatlıq villa tikdirməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən qeyd edib ki, həqiqətən də villa onundur: "Kişinin evi olar. Burada qəbahət varmı?"

Q.Salahzadə Teleqraf.com-a bildirib ki, onun həmişə imkanı olub: "İndi Azərbaycanda iqtisadi inkişaf var. Orta imkanlı adamlar da villa tikə bilirlər. Nəinki Azərbaycanda, hətta Bilgəhdə məndən dəfələrlər varlı, imkanlı adamlar var. Onlardan fərqli olaraq mən var-dövlətimi gizlətmirəm. Tanıyanlar bilir ki, hələ sovet dövründə biz imkanlı olmuşuq. Anamın atası varlı adam olub. Sovet dövründə müdir işləmişəm. İnternatda böyməmişəm axı... Allah özü məsləhət bilir ki, kim necə dolansın. Bir gün Musa peyğəmbər qoturlu iti qoltuğuna vurub gətirir, amma yolda onu buraxır. Allah deyir ki, ya Musa əgər sən o iti yolda buraxmasaydın, sənə peyğəmbərlik verməzdim. Çünki bütün canlıları necə yaratmaq lazım olduğuna mən qərar verirəm. Sən mənim yaratdıqlarıma istehza edə, yuxarıdan aşağı baxa bilməzsən. Yəni bütün bunlar Allahın işləridir, biz onun əməllərinə qarışa bilmərik. Hacı Qalib o qədər qabiliyyətsizdir ki, kasıb adama "sən kişi deyilsən" desin? Həyatım boyu belə şeylər etmərəm".

Keçmiş deputat noyabrın 8-də ikinci dəfə Kəbə evinin içərisinə girdiyini və bunun hər adama qismət olmadığını dedi: "Bunu Allah hər adama qismət eləmir axı.. Kəbə evinin açarı oranın bələdiyyəsinin sədrindədir. Həmin bələdiyyənin illik gəliri 8 milyard dollar civarındadır. Bələdiyyə sədrinin özünün milyardları var. O, bizə elə qulluq edirdi ki, heç deməzdin, bunun milyardları var. Çox sadə, səmimi adamlardılar və dinə də sidq ürəklə inanırlar, xidmət edirlər. 63 yaşım var. Sovet vaxtı "Zavmaq" olmuşam. Həmişə pulum olub. Ailəmin də pulu olub. Babalarımdan da anama var-dövlət qalıb. Əvvəl yazırdılar ki, Hacı Qalibin 85 milyon dollarlıq villası var. İndi isə yazırlar ki, villanın qiyməti 6 milyon dollardır. Deməli, 79 milyon dollar ziyandayam. Jurnalistlər məni bu qədər ziyana salıb (gülür...). Yazırlar da.. Tanımayanlar da maraqlanır ki, görəsən, Hacı Qalib kimdir?"

Ruslan


Müəllif: