24 Noyabr 2015 17:53
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyətinin iclasında bir sıra məsələlərlə yanaşı Suriya türkmənlərinin ağır vəziyyəti də müzakirə olunub.

Müzakirələrdə və qəbul olunmuş qərarda qeyd edilib ki, Suriya türkmənləri bölgədə baş verən hadisələrin günahsız qurbanlarına çevrilib: “Orada baş verənlər Qarabağ hadisələrini xatırladır. Qarabağ kimi Orta Şərq, o cümlədən, Suriya və İraq türkmənlərinin yaşadığı ərazilər böyük dövlətlərin intriqa meydanına çevrilib. Rusiya, Fransa və ABŞ öz maraqlarını həyata keçirmək üçün on minlərlə insanı faciə girdabına salıb, dinc əhaliyə, o cümlədən, qadınlara, uşaqlara divan tuturlar. Rusiya, Fransa və ABŞ bu imperialist siyasətdən əl çəkməli, dinc əhalinin bombalanmasına son qoyulmalıdır. Biz həmçinin hesab edirik ki, Türkiyə və İran, bütovlükdə İslam Əməkdaşlıq Təşkilatı bu məsələ ilə bağlı daha fəal mövqe tutmalı, kütləvi insan qırğınlarının, humanitar fəlakətin qarşısını almaq üçün konkret addımlar atmalıdır. Qarabağ kimi Bayırbucaq faciəsi də bütün islam və türk dünyasının diqqət mərkəzində olmalıdır”.

Qarabağ Azadlıq Təşkilatı onu da vurğulayıb ki, Azərbaycan cəmiyyəti bu məsələdə fəal olmalıdır: “ Biz öz növbəmizdə Suriya türkmənlərinə hərtərəfli yardım göstərməyə, paltar, qida və digər yardımların toplanmasına, əzilən insanların müdafiə olunması üçün döyüşçü kimi oraya getməyə hazır olduğumuzu bildiririk”.

Qarabağ Azadlıq Təşkilatı beynəlxalq təşkilatlara, birinci növbədə Birləşmiş Millətlər Təşkilatına müraciət edir, qurumun Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını, Suriya türkmənlərinin soyqırımına yol verməmək üçün qərarlar qəbul etməsini tələb edir.

Səxavət


Müəllif: