25 Noyabr 2015 19:54
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rasim Ağayev: “Rusiya Türkiyəni məhkəməyə verə bilər”

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın SU-24 təyyarəsinin vurulmasını şərh edərkən deyib. Ərdoğan qeyd edib ki, kimsə kimsəni aldatmağa çalışmasın: “Yalnız öz təhlükəsizlik hüququmuzu qoruyuruq. Münasibətləri gərginləşdirmək kimi də bir düşüncəmiz yoxdur. Bayır Bucak türkman bölgəsində İŞİD-in olduğunu bildirirlər. Bayır Bucak türkmanlarının olduğu Lazikiyedə və şimalında İŞİD terror təşkilatı yoxdur”.

Prezident Suriya xalqının dincliyi və təhlükəsizliyi üçün Türkiyənin üzərinə düşənləri etməyə davam edəcəyini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin indiki rəhbərliyi öz ölkəsində islamlaşmaya məqsədyönlü dəstək verir.

“Problem Rusiyanın SU-24 təyyarəsinin vurulması deyil. Problem daha dərindir. Türkiyənin bugünkü rəhbərliyi ölkənin islamlaşması üzrə məqsədyönlü daxili siyasət həyata keçirir. Bunu yalnız biz müşahidə etmirik, sizi inandırıram ki, bunu bütün dünyada görürlər”, - Putin qeyd edib.

Putin rusiyalıları Türkiyəyə səfərlərdən çəkinməyə çağıran Rusiya Xarici İşlər Nazirliyini də dəstəkləyib: “Axı təyyarəmizin məhv edilməsi və pilotumuzun həlak olması kimi faciəli hadisələrdən sonra nə etmək olar. Bu, məcburi ölçüdür. Xarici İşlər Nazirliyi təhlükə haqqında vətəndaşlarımızı xəbərdar etməklə düzgün edir. Rusiya vətəndaşları Türkiyədə təhlükəyə məruz qala bilərlər”.

Məsələyə münasibət bildirən politoloq Rasim Ağayevin sözlərinə görə, Putinin çıxışdan bəlli oldu ki, artıq Türkiyəyə qarşı adekvat addımlar atılacaq. Onun fikrincə, ildə 4 milyondan çox rusiyalı turist Türkiyəyə gedirdi və Rusiyanın tədbirlərindən biri məhz bu turistlərin bu ölkəyə getməməsi ilə bağlı olacaq: “Təbii ki, belə bir vəziyyətdə Türkiyədə anti-rus kampaniyası başlayacaq. İkinci tərəfdən Rusiyada Türkiyənin inşaat şirkətləri var və bu hadisədən sonra onlarla bağlı vəziyyət də gərginləşəcək. Zənnimcə, Rusiya tələb edəcək ki, baş verən bu məsələyə izahat verilsin. Çünki Rusiyanın dediyinə görə təyyarə Suriya ərazisində vurulub, Türkiyə isə deyir ki, hava məkanımızı pozub. Bu, ayırd edilməlidir. Əgər təyyarə Türkiyə ərazisinə keçibsə, necə ola bilir ki, pilotlar Suriya ərazisinə, özü də İŞİD-in əlinə düşür? Bir müddətdən sonra Türkiyə üzürxahlıq etsə, yaranmış problem yavaş-yavaş aradan götürülə bilər. Yox, əgər Türkiyə təyyarənin vurulmasında haqlı olduğunu yenidən bəyan eləsə, bu zaman ola bilsin ki, Rusiya da adekvat cavab versin. Belə olan halda iki dövlət arasında münasibətlər gərginləşəcək və vəziyyət xoşagəlməz məcraya yönələcək. Eyni zamanda Rusiya Türkiyəni məhkəməyə verə bilər. Həmçinin Rusiya beynəlxalq aləmə müraciət edərək Türkiyənin apardığı anti-rus siyasətinə qiymət verilməsini tələb edə bilər. Bu məsələnin hüquqi, siyasi və hərbi davamı xoşagəlməz olacaq”.

R.Ağayev deyib ki, Rusiya faktiki olaraq Suriyada müharibə vəziyyətindədir: “Digər tərəfdən Qərbin sanksiyaları nəticəsində izolyasiya olunmuş bir durumdadır. Fikrimcə, Rusiya-Türkiyə münasibətləri bir-iki il ərzində soyuq olacaq.

Türkiyə bu addımı Amerikanın təhriki ilə atıb və inanmıram ki, Türkiyə hərbiçiləri bunu öz tərəflərindən ediblər. Türkiyədə anti-rus tərəfdarları çox olub və bu da bu məsələdə öz təsirini göstərib. Amma bütün hallarda Türkiyə düşünüb addım atmalı idi. Çünki Amerika və Avropanın Kürdüstan dövlətinin yaradılması ilə bağlı mövcud layihəsi var. Hesab edirəm ki, bunun qığılcımları görünür və ola bilsin gələcəkdə Türkiyə bundan böyük peşmanlıq çəksin. Rusiya da bu məsələyə qoşulsa, Türkiyənin itkiləri çox ola bilər”.

Politoloq Elçin Mirzəbəyli bildirib ki, Türkiyənin hava sərhədlərini Rusiya tərəfindən pozulması birinci dəfə deyil. Onun sözlərinə görə, bu hadisədən əvvəl həm Türkiyə, həm də NATO tərəfindən Rusiyaya xəbərdarlıq edilmişdi: “Eyni zamanda Rusiyanın həyata keçirdiyi əməliyyatlar nə bölgə, nə də dünya tərəfindən birmənalı qarşılanmadı. Bu, İŞİD-ə qarşı mübarizədən daha çox Rusiyanın Yaxın Şərqdə güc nümayişidir. Həmçinin bu ölkənin Suriyaya Xəzərdən raket zərbələri də dünyaya meydan oxuması kimi dəyərləndirilir. Yaranmış vəziyyət, şübhəsiz ki, Türkiyə-Rusiya münasibətlərinə artıq xələl gətirib. Bunu təkcə Türkiyə-Rusiya münasibətləri müstəvisində deyil, bütövlükdə Qərb-NATO-Rusiya münasibətlərinin daha da kəskin fazaya qədəm qoyması istiqamətində dəyərləndirmək lazımdır. Şübhəsiz, Rusiya adekvat addımlar atmağa çalışacaq. Bu, Rusiya baş nazirinin bəyan etdiyi kimi Türkiyə inşaat şirkətlərinin Rusiyadakı fəaliyyəti, eləcə də Türkiyənin turizm sektoru ilə bağlı məsələlərdir. Nəzərə almaq lazımdır ki, əgər Rusiya belə addımlar atarsa, bu, onsuz da ciddi maliyyə problemi ilə qarşılaşan və faktiki olaraq hər tərəfdən blok edilmiş Rusiyanın özü üçün problemlərə yol aça bilər. Türkiyə Rusiyanı ərzaqla təmin edən, bu ölkənin tikinti sektoruna sərmayə qoyan bəlkə də barmaqla sayılan çox az ölkələrdən biridir. Əgər Türkiyə şirkətləri üçün bu istiqamətdə problem yaranacaqsa, ziyan çəkən daha çox Rusiya olacaq. Ona görə də bu məsələdə ortaq nəticəyə gəlinmək üçün imkanlar tanınmalıdır. İndi araşdırmalar gedir və sərhədin pozulub-pozulmaması gündəmə gələcək. Rusiya tərəfinin təyyarənin Suriyada vurulması ilə bağlı verdiyi bəyanatlara inanmıram”.

E.Mirzəbəyli deyib ki, Rusiyanın daha sərt addımlar atacağı gözlənilmir: “Bu ölkə nüvə silahından istifadə etməyəcək ki? Amma atılacaq hər bir addım bu ölkənin özünə qarşı çevriləcək. Artıq hadisələr elə bir mərhələyə çatıb ki, Rusiyanın güzəşt limiti tükənib. Atacağı ən sərt addımlar bu ölkə üçün fəlakətlə nəticələnə bilər”.

BƏXTİYAR


Müəllif: