28 Noyabr 2015 21:24
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda ittiham olunan Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Fəqan Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, o, ötən il noyabrın 10-da Tünzalə Rəsulovanı oğlu Kənan Rəsulov üçün sürücülük vəsiqəsi düzəltmək adı ilə aldadıb. Qadının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki evinə gedərək, ondan 1100 dollar alıb. Amma vədinə əməl etməyib.

Fəqan Tağıyev növbəti dəfə də Tünzalə Rəsulovaya qarşı dələduzluq edib. Əvvəlcə qadına oğlu üçün sürücülük vəsiqəsi düzəltmək adıyla yalan satan Fəqan sonra da maşın almaq adı ilə aldadıb. Fəqan Tağıyev həmin ilin noyabrın 15-də Tünzalənin oğlu Kənan Rəsulova "VAZ-21074" markalı avtomobil almaq adı ilə 2000 dollarını alaraq qaytarmayıb.

Fəqan Tağıyev Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fəqan Tağıyev apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Pulu qaytaracağıma vəd etdim"

Təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan Tağıyev elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. Onun sözlərinə görə, ev və avtomobil alqı-satqısı ilə məşğul olub: "Bunun üçün şəxsi ofisim var və vergi ödəyicisi kimi rəsmi qeydiyyatdan keçmişəm. İş üzrə zərərçəkmiş Tünzalə Rəsulovanı bir neçə aydır tanıyıram. O, ofisimə gələrək ev almaq istədiyini bildirdi. Ev almasında ona köməklik göstərdim, onun üçün 27 min dollara Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivindən ev aldım. Bununla da aramızda münasibət başladı".

Fəqan Tağıyevin sözlərinə görə, 2014-cü ilin noyabrında Tünzalə Rəsulova oğlu Kənana sürücülük vəsiqəsi almaq 1100 dollar verib: "Bir müddət sonra həmin pulu Tünzaləyə tam şəkildə qaytararaq sürücülük vəsiqəsi ala bilməyəcəyimi bildirdim.

Daha sonra Tünzalə Rəsulova oğlu Kənana "Vaz-21074" markalı avtomobil almaq üçün mənə 2100 min dollar verdi. Kənana bir neçə avtomobil göstərdim, ancaq gah qiyməti razılaşa bilmədilər, gah da avtomobil Kənanın xoşuna gəlmədi. Buna görə avtomobil axtarışına davam etdim.

Yol qəzası törətdiyim üçün pula ehtiyacım yarandı, Tünzalə Rəsulovadan aldığım 2100 dolları şəxsi ehtiyaclarım üçün xərclədim. Bir neçə gün sonra Tünzalə məndən pulu geri istədi. Mən də 2100 dollardan 1100 dolları ona qaytardım. Qalan məbləği isə ödəyəcəyimi vəd etdim".

Təqsirləndirilən şəxs bildirib ki, Tünzalə Rəsulova onun vədinə inanmayıb və Abşeron Rayon Polis Şöbəsinə müraciət edib, pulu ondan tələb edib: "Barəmdə iş üzrə ibtidai istintaq mərhələsində Tünzalə Rəsulovaya qalan borcumu da ödədim, onunla barışıq əldə etdim".

"Sürücülük vəsiqəsi almağını istədim"

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Tünzalə Rəsulova qeyd edib ki, makler kimi tanıdığı Fəqan Tağıyevə ev almaq üçün müraciət edib: "Fəqan Tağıyev ucuz ev almağımda mənə köməklik göstərəcəyini bildirdi. Bir neçə gündən sonra mənə "Quşçuluq" yaşayış massivindən ev tapdı. 5 noyabr 2014-cü il tarixdə evi aldıqdan sonra Fəqanla aramızda münasibət yarandı. Münasibət əsnasında Fəqan mənə həm də avtomobil alveri ilə məşğul olduğunu bildirdi. Buna görə də noyabrın 10-da Fəqana zəng etdim. Bildirdim ki, əgər tanışın varsa, oğlum Kənan üçün sürücülük vəsiqəsi almağa köməklik göstər.


Fəqan həmin gün bizə gələrək tanışı olduğunu və "BC" kateqoriyalı sürücülük vəsiqəsini 800 manata düzəldə biləcəyini bildirdi. Oğlumun evdə olmadığını və oğlum evə gəldikdən sonra onunla əlaqə saxlayacağımı dedim. Fəqan Kənana zəng edərək, onu evə çağırdı. Kənanla bu barədə danışdıqdan sonra Fəqan Tağıyevə 1100 dollar verdim, oğluma sürücülük vəsiqəsi almağını istədim.

Daha sonra Fəqan Kənanla birlikdə sürücülük vəsiqəsi üçün şəkil çəkdirməyə getdi. Bir neçə saatdan sonra birlikdə evə gəldikdə Fəqandan sürücülük vəsiqəsinin nə vaxt hazır olacağını soruşdum. O bir ay müddətində sürücülük vəsiqəsinin hazır olacağını bildirdi. Söhbət zamanı sürücülük vəsiqəsi alandan sonra Kənana ucuz avtomobil də almaq istədiyini dedi".

"Pulu geri qaytarmaqdan boyun qaçırdı"

Tünzalə Rəsulovanın sözlərinə görə, noyabrın 15-də Fəqan onlara gələrək, Kənan üçün 2500 dollara "VAZ 2107" markalı avtomobil tapdığını deyib: "Fəqana cəmi 2000 dollarım olduğunu bildirdim. O isə narahat olmamağımı, həmin avtomobili Kənan üçün 2000 dollara alacağını, əgər həmin avtomobili ala bilməsə, həmin pula başqa avtomobil tapacağını izah etdi.

Fəqanın sözlərinə inanaraq 2000 dollar məbləğində pulu ona verdim. Axşam Fəqan həmin avtomobilin satıldığını deyəndə verdiyim pulu geri istədim. O isə sabah yenidən maşın bazarına gedəcəyini və Kənan üçün həmin qiymətə avtomobil tapacağını bildirdi.

Sabahı gün və ondan sonra 2015-ci ilin yanvar ayına kimi Fəqan müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan boyun qaçırdı. Həmçinin oğlum üçün nə sürücülük vəsiqəsi düzəltdi, nə də həmin məqsədlə vəd verərək aldığı 1100 dolları geri qaytardı".

Zərərçəkmiş qeyd edib ki, 2015-ci ilin yanvar ayında yenidən Fəqana zəng edib və pulu geri istəyib: "Sürücülük vəsiqəsi və avtomobil almaq üçün götürdüyü 3100 dolları göndərəcəyini dedi. Bu söhbətdən bir neçə saat sonra tanımadığım bir nəfər şəxs evimə gələrək Fəqanın pul göndərdiyini dedi və kağıza bükülü pulu mənə verdi.

Pulu saydıqda orada 1000 dollar olduğunu gördüm və yenidən Fəqana zəng edərək soruşdum ki, bəs deyirdin, pulun hamısını göndərəcəksən? Fəqan isə 1000 dolları borc alaraq göndərdiyini, qalan 2100 dolları bir neçə günə verəcəyini söylədi.

Sonra bir neçə dəfə də onunla danışdım. Hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayındığını gördüm. Buna görə də aldadıldığımı başa düşdüm və məcbur qalaraq polisə müraciət etdim. Abşeron Rayon Polis Şöbəsində müraciətim araşdırılan müddətdə Fəqan pulumu tam şəkildə ödədi. Buna görə də ondan heç bir şikayətim yoxdur".

Təqsirləndirilən şəxsin müdafiəçisi Gülmayə Quliyeva çıxış edərək, Abşeron Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Fəqan Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Məhkəmə həbs qətimkan tədbirini ləğv edib və onu məhkəmə zalından azadlığa buraxıb.

Hacı Zeynalov


Müəllif: