Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirlikdə rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO vasitəsilə həyata keçirilən proqramlar və treninqlər çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xüsusi qeyd edib.
Müdafiə naziri dövlətlərimiz arasında strateji tərəfdaşlığın daim inkişaf etdiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və dərin tarixi köklərə malik olduğunu xatırladaraq Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və cəbhəboyu zonada gərginliyi artırmaq cəhdlərini diqqətə çatdırıb.
Sonra Azərbaycan ilə Gürcüstan müdafiə nazirlikləri arasında əlaqələrin müəyyən edilmiş istiqamətlər üzrə genişləndirilməsi, hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, Silahlı Qüvvələrin müxtəlif bölmələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsinin perspektivləri, qarşılıqlı işçi görüşlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər dekabrın 3-dək davam edəcək.
BƏXTİYAR