ABŞ-ın Merilend ştatının ən böyük şəhərlərindən olan Baltimorda yerləşən Dünya Ticarət Mərkəzində baş tutmuş şərab sərgisində Azərbaycan şərabları nümayiş etdirilib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Dünya Ticarət Mərkəzi İnstitutu tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanla yanaşı, dünyaca məşhur şərab istehsalçıları kimi tanınan Fransa, İtaliya və Argentinanın məhsulları təmsil olunub. Bundan əlavə, Braziliya, Bolqarıstan və yerli Merilend şərabları sərgilənib.
Tədbirdə 200-dən çox nümayəndə, o cümlədən Merilend ştatının nəqliyyat, kommersiya və kənd təsərrüfatı departamentlərinin rəsmiləri, ABŞ-da akkreditə olunmuş diplomatik missiya təmsilçiləri, eləcə də şərabçılıq məmulatları üzrə ekspertlər, distributorlar, beynəlxalq ticarət üzrə mütəxəssislər iştirak ediblər. Azərbaycan stendinin qonaqları ölkəmizin istehsalı olan şərablara böyük maraq göstərib və onlara layiqincə qiymət veriblər. Bu sərgi Azərbaycan şərablarına amerikan istehlakçıları arasında artan marağın növbəti nümayişi olub.
Qonaqlara həmçinin Azərbaycanın iqtisadi potensialı, o cümlədən ölkəmizdən keçən beynəlxalq nəqliyyat şəbəkəsi, genişlənən turizm imkanları və eləcə də milli mətbəximizə dair arayış təqdim edilib və broşürlər paylanılıb.
Səxavət