“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumat yayıb.
Publika.az-ın məlumatına görə, məlumatda deyilir ki, respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb. Dekabrın 4-də Şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.
Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.
Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib. Təqribən saat 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfəri, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb.
Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və bp şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN-in helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən təqribən 50 kilometr cənubda içərisi boş qayıq müəyyən edilib, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıb. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin başvermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilib, eyni zamanda, zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilir.
Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaq.