Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
FHN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib.
17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb. İki övladı var.
Allah rəhmət eləsin!
İLHAMƏ