"Azəristiliktəchizat" ASC ilə "Azəriqaz" İstehsalat Birliyi arasında borc anlaşmasından sonra əhalinin istilik təminatı ilə bağlı narazılıqları səngidi. Amma elə binalar var ki, istilik sistemləri tamamilə sıradan çıxıb. Həmin binaların sakinləri qış aylarında soyuqdan əziyyət çəkirlər.
Yeni yaşayış binalarının da əksəriyyəti soyuq aylarda "Azəristiliktəchizat"ın xidmətindən yararlana bilmir. Mənzillərin elektrik enerjisi, yaxud təbii qaz vasitəsilə qızdırılması isə sakinlərə baha başa gəlir ki, bu cür istilik təminatı xüsusən imkansız ailələr üçün böyük çətinliklər yaradır.
Qış aylarında əlverişli istilik təminatına ehtiyacı olan əhali üçün "Azəristiliktəchizat"ın xidmətindən yararlanmaq yalnız arzu olaraq qalır. Sakinlər arasında bir neçə il öncədən müraciət edənlər var ki, onların da mənzillərinin istilik batareyası ilə təmin olunması, istilik xəttinin çəkilməsi problemi hələ həll olunmayıb. Məsələn, Hövsan qəsəbə Füzuli Bayramov küçəsi 3-cü və 26-cı binanın qış sakinləri redaksiyaya yazmışdılar ki, "Azəristiliktəchizat"dan onlara ötən il etdikləri müraciətə cavab olaraq bildirilib ki, 2015-ci ildə onların istilik təminatına baxılacaq. Amma il başa çatmaq üzrədir, istilik təminatından əsər-əlamət yoxdur.
"Azəristiliktəchizat" soyuq suyu 1 manata alıb, isti suyu 40 qəpiyə satır
"Azəristiliktəchizat" ASC gəlirlə işləyən təşkilat olmadığından soyuq havalarda insanların ən çox yada saldığı bu qurumun nəinki əlavə istilik təchizatına, hətta özünü maliyyələşdirməsində problemlər var.
ASC-nin sədr müavini İlham Mirzəliyev bu günlərdə mətbuata açıqlamasında bildirdi ki, müəssisənin zərərlə işləməsinin səbəblərindən biri mövcud tariflərin "Azəristiliktəchizat"ın xərclərini bağlaya bilməməsidir. ASC soyuq suyun 1 kubmetrini 1 manata alır, amma istehsal olunan isti su 40 qəpiyə satılır. Tariflər arasındakı disbalans əlavə xərclərə gətirib çıxarır.
Sədr müavini digər bir səbəbi əhali qrupu üçün yaşayış sahəsinə görə 15 qəpik xidməthaqqı müəyyən edildiyi halda, mənzillərinin sahəsini artırıb, bu sahəni qanuniləşdirməkdə görür. Məsələn, 80 kvadrat metr ümumi sahəsi olan mənzilin sahibi faktiki 40 kvadrat metrə görə pul ödəyir, qurum isə onun mənzilinin 80 kvadratmetrini qızdırır.
Sadalanan bu problemlərdən isə çox hallarda əziyyət çəkən əhalinin aztəminatlı təbəqəsi olur. Probleminin həlli üçün "Azəristiliktəchizat" ASC nə təkliflər verir?
Hazırda ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə 43 milyon manat məbləğində borcu olduğu bildirilir. Əhalidən yığılan pul hesabına bu borcu ödəmək mümkündürmü? Yaxud "Azəristiliktəchizat"ın qazanxanalarını işlək vəziyyətə gətirməsi üçün daha əlverişli və ucuz yanacaq vasitəsindən istifadə etmək imkanı yoxdurmu?
XXI əsrin qazanxanaları ekoloji normalara cavab verməlidir
Suallarımıza "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevdən cavab aldıq.
Rafiq Əliyev bildirdi ki, müstəqillik dövründən əvvəl Azərbaycanda qazanxanalar əsasən mazut və dizel yanacağı ilə işləyirdi, XXI əsrdə yaşadığımız halda mazut qazanxanalarının işləməsi ekoloji normalara cavab vermir: "İndi elə sosial obyektlər var ki, istilik təminatı qazanxanalar vasitəsilə deyil, daş-kömürlə, oduncaqla qızdırılır. Halbuki istilik təminatında ən əlverişli vasitə müasir tipli qazanxanalar vasitəsilə mümkündür.
Ekoloji normaların qorunmasına daha çox ehtiyac olduğu bir vaxtda qazanxanaların da mazutla, dizel yanacaqla işlənməsi yolverilməzdir. Hətta dizellə işləyən qazanxanalarımızın əksəriyyətini modernləşdirib təbii qazla işləyən qazanxanalara keçirmişik".
"Azəristiliktəchizat"ın zərərlə işləməsinin qarşısının alınması üçün hökumətə müvafiq təkliflər verildiyini deyən qurum rəsmisinin sözlərinə görə, iki dövlət qurumu arasında borc anlaşması olsa da, bu təkliflərin nəzərdən keçirilməsi və problemin həll yolları gözlənilir: "Təkcə soyuq suyu qızdırılmasına görə 60 qəpik ziyanla işləmirik, üstəlik, suyun qızdırılmasına qaz, elektrik enerjisi işlənir, işçilərin əmək haqqı da burda nəzərə alınmalıdır. Bu məsələlər hansısa bir şəkildə həllini gözləyir".
ASC-nin gəlirlərinin yalnız əhalidən toplanan xidmət haqqı ilə təmin olunduğunu deyən xidmət rəsmisi onu da vurğuladı ki, əhalinin 95 faizi olan borcunu ödəyib.
Ödənişhaqqı üçün abonentə kod verilir
Xidməthaqqının toplanması üçün əhali bəzən hara müraciət edəcəyini bilmir.
Rafiq Əliyev dedi ki, qurumun əməkdaşları təkcə abonentlərin qapısını döyüb, göstərilən xidmətin haqqını istəmir, abonentlərə kod verilib, onlar istənilən bank və poçt vasitəsilə və ya internet üzərindən hesab.az, kassam.az və sair saytlar vasitəsilə onlayn üsulla ödəmə apara bilərlər: "Yaxud ödəmə üçün posterminallardan da istifadə edilə bilər. Sakinlər azeristilk.gov.az saytından, eləcə də 950 çağrı mərkəzinə müraciət edib istənilən məlumatı ala bilər. 480-14-45 telefonlara zəng etməklə abonent kodlarını öyrənə bilərlər".
"Azəristiliktəchizat"dan bildirlib ki, hazırda 535 qazanxana işlək vəziyyətdədir, bütün ölkə üzrə bu qədər qazanxanalar az deyilmi? Yeni yaşayış binalarının istilik təminatı necə həll edilə bilər? Yaxud sovetlər dönəmindən mənzillərdən sökülən istilik batareyalarına görə əziyyət çəkən sakinlərin çıxış yolu nədədir? Məsələn, quruma müraciət edən Hövsan sakinlərinin problemi həll edilibmi?
540 qazanxanadan 200-ü regionlardadır
Rafiq Əliyev dedi ki, ölkə üzrə bu payız-qış mövsümündə işlənməsi nəzərdə tutulan qazanxana sayı 540-dır və onlardan da 200-ü regionlarda fəaliyyət göstərir. Ümumilikdə isə qazanxana sayı çoxdur: "Yeni yaşayış binalarının istilik təminatına gəlincə, mənzil-tikinti kooperativlərinin sahibkarları bu barədə zəhmət çəkib düşünsünlər. Hansısa sahibkar qazanc əldə edəcək, onun istilik xərcini niyə dövlət çəkməlidir?
Bina tikiləndə necə ki, qaz, işıq, su üzrə tikinti layihələndirilməsi aparılır, eləcə də istilik sistemi üzrə də aparılsın. Vətəndaşlarımız bu binalardan mənzil alarkən maraqlansınlar ki, bu binanın mərkəzləşmiş istilik sistemi, yaxud fərdi qazanxana olacaq, ya yox. Tikinti kooperativləri bizim qurumdan texniki şərt istəyəndə biz öz şərtlərimiz onların nəzərinə çatdırırıq. 5 və 9 mərtəbənin istilik təminatı ilə 16 və 20 mərtəbəninki eyni deyil.
Yüksək mərtəbəli binaların istilik təminatı üçün yüksəldici nasoslar, müvafiq istilik mübadilə aparatları quraşdırılmalıdır. O binalardan bizim quruma müraciət olunanda biz o binanın ya mərkəzi istilik sisteminə qoşulmasını təklif edirik, ya da fərdi qazanxana tikintisini tövsiyə edirik. Hazırda yeni yaşayış binalarından 30-40-ı təşkilatımızdan istilik alır. Bir hissəsi fərdi qazanxanalardan istifadə edir, bir hissəsi isə layihələndirməyib".
İşin icrası maliyyədən asılıdır
Rəisin sözlərinə görə, paytaxtda köhnə binalarda əhalinin istilik təminatı ilə bağlı problemlər fərdidir: "Məsələn, Hövsan qəsəbəsində 90 faiz istilik təminatı var. Səhv etmirəmsə, qəsəbədə 9 bina qalıb ki, istilik təminatı yoxdur. O binalar vaxtilə keçmiş Konserv zavodunun balansında olub, qazanxanaları istismara yararsızdır. Biz "Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf planı"nda təklif vermişdik ki, o qazanxana modernləşsin. Tədbirlər planında nəzərdə tutulsa da maliyyə təminatından asılı olaraq bu işin icrası ləngiyir".
Ölkənin bütövlükdə istilik təminatı üçün dövlət proqramının qəbuluna ehtiyac yoxdurmu?
Rafiq Əliyevin fikrincə, ümumi dövlət proqramına ehtiyac yoxdur, çünki Bakı və qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair tədbirlər planında istilik təminatı da nəzərdə tutulub: "Məlumdur ki, 2005-ci ildən - bizim qurum fəaliyyətə başlayandan ayrıca istilik təchizatı ilə bağlı əsaslı tədbirlər görülməsinə başlanıb. 2005-ci ilədək 1969-cu ildən yaradılan istilik təchizatı sistemi, demək olar ki, dağıdılmışdı".
Ayrılan vəsait "Azəriqaz"a borc üçün deyil
Redaksiyaya daxil olan məlumata görə, "Azəristiliktəchizat"ın fəaliyyəti üçün ötən il 11 milyon, bu il isə 7 milyon manat vəsait ayrılıb. Məlumat doğrudursa, dövlət büdcəsindən ödəmələr niyə azaldılıb?
Səslənən rəqəmlərin yanlış olduğunu deyən rəisin sözlərinə görə, yenidənqurma işləri, investisiya üçün ayrılan vəsaitlər var ki, bu vəsaitlər nəzərdə tutulan yeni layihələrin maliyyələşdirilməsinə yönləndirilir: "Bayaq qeyd etdiyim dövlət proqramlarının icrası üçün vəsait ayrılırsa, bizə icazə verilməz ki, "Azəriqaz"a olan borca ödəyək".
Sədr müavini İlham Mirzəliyevin 15 qəpik ödənişlə bir kvadratmetrdən artıq sahənin qızdırılması ilə bağlı səsləndirdiyi fikrə gəlincə, Rafiq Əliyev dedi ki, bu problemin qarşısını almaq üçün ASC-nin səmərəli fəaliyyətə keçməsi haqda hökumətə müvafiq təkliflər verilib: "Bizim əsas təklifimiz odur ki, istilik haqları yaşayış sahəsinə görə yox, mənzilin ümumi sahəsinə tətbiq edilsin. Biz hər il "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəli təklifi ilə bağlı hökumətə təkliflər veririk. Bu dəfə də belə təkliflər verilib. Yəqin ki, aidiyyəti nazirliklərlə müzakirələr aparılıb, müvafiq qərarlar veriləcək.
Təkliflərdə səsləndirilib ki, zərərlə işləyən təşkilatdan gəlirlə işləyən təşkilata çevrilməsi üçün ASC-nin istilik təchizat sistemi tam modernləşdirilsin. Çünki köhnə qazanxanalarla modernləşmiş qazanxanalar arasında müqayisə aparsaq, 1 kilokalori enerji istehsalında 30 faiz fərq var. SSRİ vaxtında qurulan qazanxanaların çoxu həm fiziki, həm də mənəvi aşınmaya məruz qalıb. İri rayon qazanxanaları var ki, ərazisində 200-dən çox yaşayış binası, məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi yerləşir. O sahələrdəki magistral istilik xətlərində kifayət qədər enerji itkisinə yol verilir.
Biz təklif etmişik ki, iri rayon qazanxanalarının qidalanan istilik məntəqələri hansı ki, istiliyi mənzillərə ötürür, bu məntəqələri modrenləşdirib məhəlli qazanxanalarla əvəzlənsin. Çünki bir binada problem yarandıqda bütövlükdə magistral istilik xəttini bağlayıb ərazidə 200-dək sosial obyekti istiliksiz qoymaqdansa, məhəlli qazanxananın fəaliyyətini müvəqqəti dayandırmaq daha əlverişlidir".
Sevil Hilalqızı