9 Dekabr 2015 14:20
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbs edilməsi ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, 2015-ci il noyabrın 26-da silahlı cinayətkar dəstə tərəfindən Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsi, ictimai qaydanın pozulması, terror aktları və ölümlə nəticələnən digər cinayətlər törədilməsi faktları ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Abşeron rayon sakini, hüquqi qeydiyyatdan keçməyən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün dekabrın 8-də telefon vasitəsi ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilib.

Lakin Fuad Qəhrəmanlı rəsmi çağırış vərəqi tələb edib. İdarənin əməkdaşları tərəfindən həmin tarixdə ona yaşadığı ünvanda rəsmi qaydada çağırış vərəqi təqdim olunmaqla idarəyə dəvət edilib və şahid qismində dindirilib.

Aparılmış istintaqla F.Qəhrəmanlının “facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb.

Öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.

F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib.


F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə F.Qəhrəmanlının istintaqa dəvət edilməsi və həyata keçirilən digər prosessual hərəkətlər zamanı guya hüquqlarının pozulması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. F.Qəhrəmanlı ilə bağlı həyata keçirilən bütün istintaq hərəkətləri özü tərəfindən dəvət edilməklə vəkilin iştirakı ilə aparılıb və bu zaman hər hansı qanun pozuntusu hallarına yol verilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər