Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu ilə görüşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də münasibətlərin uğurla davam etdiyi vurğulanıb.
Söhbət zamanı hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Koreyalı səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
BƏXTİYAR