10 Dekabr 2015 11:41
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda jurnalist adından sui-istifadə edilməsi halları ilə bağlı cəzalar ağırlaşdırılır. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan yeni İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunacaq.

Maddənin qüvvədə olan variantına görə isə fiziki şəxslər 15 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə edilir.

Əflatun Amaşov: "Gələcəkdə daha yüksək cərimələrin tətbiqi məsələsini gündəmə gətirmək mümkündür"

Məsələyə münasibət bildirən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, burada diqqət çəkən, media ictimaiyyətini düşündürən məqam kütləvi informasiya vasitəsindən sui-istifadə ilə bağlı nəzərdə tutulmuş cərimələrdir. Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurası ötən müddətdə medianın saflaşması istiqamətində ardıcıl fəaliyyət göstərib: "Mövcud xüsusda jurnalist adından sui-istifadə hallarına qarşı mübarizə ön planda olub. Bu istiqamətdə nəzərəçarpacaq uğurlar var. Ancaq həmişə hesab etmişəm ki, əsaslı hüquqi mexanizmlərin işə salınmasına ehtiyac böyükdür. Nəzərə alaq ki, sözügedən maddənin hazırda qüvvədə olan variantında kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə oluna bilərlər".

Ə.Amaşov məcəllədəki yeniliyi cərimə məbləğinin adekvatlığı baxımından yüksək qiymətləndirir: "Gələcəkdə daha yüksək cərimələrin tətbiqi məsələsini gündəmə gətirmək mümkündür. Çünki jurnalistika spesifik sahədir. Mövcud mühitdə hər hansı spekulyasiya həm cəmiyyətin, həm də dövlətin maraqlarını zədələmək potensialına daha çox malikdir. Təcrübədə dəfələrlə belə halların şahidi olmuşuq. Hətta bəzi maraqlı qrupların lokal vəzifə mənafe və istəklərini gerçəkləşdirmək naminə müxtəlif media orqanlarını himayə etmələrinə, manipulyasiyalara əl atmalarına dair misallar da yetərincədir. Buna görə jurnalistikaya həssas yanaşma tam mənada təmin edilməlidir. Mövcud siyasətin davamlı olması mütləqdir. Cəmiyyət məhz jurnalist adına ləkə gətirənlərin hərəkətlərindən zərər görür. Hər il Mətbuat Şurasına ünvanlanan 500-dən artıq şikayətin böyük əksəriyyətinin motivini peşədən sui-istifadə müstəvisində yaranan narazılıqlar təşkil edir. Düşünürəm ki, İnzibati Xətalar Məcəlləsinin yeni variantında əks olunan müddəalar bu sahədə müsbət irəliləyişlərin əldə olunmasına təkan verəcək".

"Qanunun bir çox tələbləri pozulur"

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, jurnalist adından sui-istifadə "KİV haqqında" Qanunda öz əksini tapıb. Onun sözlərinə görə, bu həmin Qanunun 10-cu və 60-cı maddələrində ehtiva olunur: "Burada hansı halların jurnalist adından sui-istifadə ilə bağlı olması qanunda geniş şəkildə göstərilib. Bu məsələ qanunda olsa da, təəssüf ki, biz bu prinsiplərin pozulması ilə rastlaşırıq. Xüsusilə, son dövrlər onlayn media müstəvisində bu prinsiplərin tez-tez pozulmasının şahidi oluruq. Bizim ənənəvi media son günlər bu prinsipə əməl etməyə çalışır, amma bunu onlayn media haqqında deyə bilmərik. Bu kifayət qədər aktual məsələdir. Qanunda bu var, amma əməl olunmur. Bu deməkdir ki, artıq bu məsələ ilə bağlı ölçü götürülməlidir. Hesab edirəm ki, irəli sürülən ideya düzgündür və bu məsələ ilə bağlı ölçü götürülməsinin vaxtı gəlib çatıb. Ancaq cərimələrin artırılması ilə bağlı məsələ mübahisəlidir. Cərimələrlə bağlı qərar vermək millət vəkillərinin səlahiyyətində olan bir məsələdir".

M.Ələsgərli deyib ki, onlayn resursların əksəriyyəti özləri özlərini media qurumu adlandırırlar: "Əgər media qurumudurlarsa, burada mediaya aid bir çox hallar öz əksini tapmalıdır. Məsələn, onlarda istinad materialları olmalıdır. Tutaq ki, redaksiyaları harada yerləşir, əlaqə vasitələri göstərilməlidir və s. Bunlara qanunvericilikdə istinad materialları deyirlər. Çox təəssüf ki, bizim onlayn resursların əksəriyyətində bu istinad materialları yoxdur. Nə yazların müəllifi, nə redaksiyanın ünvanı göstərilir, nə də başqa bir əlaqə vasitəsi var. Biz tələb etmirik, bu qanunun tələbidir və əgər media orqanısansa, bu istinad materialları olmalıdır. Eyni zamanda, onların maliyyə mənbələri haqqında heç nə yoxdur. Qanuna görə sponsor varsa, o göstərilməlidir. Əgər yoxdursa, sən necə fəaliyyət göstərirsən? Çox təəssüf ki, qanunun bir çox tələbləri bu məqamlarda pozulur".

"Qanuna edilən dəyişikliklər öz müsbət təsirini göstərəcək"

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, İnzibati Xətalar Məcəlləsinə jurnalist adından sui-istifadəyə görə cərimələrin artırılması tam yerinə düşür. Onun sözlərinə görə, jurnalist öz peşəsinə sədaqətli olmalı, peşəsinə qeyri-ciddi yanaşmamalıdır: "Ona görə də bu dəyişikliyi təqdirəlayiq hesab edirəm. Fikrimcə, bu addım qeyri-peşəkarların, jurnalist adına ləkə gətirən insanların qarşısının alınmasında öz müsbət təsirini göstərəcək".

Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyanın üzvü deyib ki, qanuna edilən bu dəyişiklik reket jurnalistika sahəsində mübarizəyə də öz təsirini göstərəcək: "Belə hallar olacaq və düşünmürəm ki, belə bir neqativ hallar tam kökündən kəsilsin. Ancaq qanuna edilən dəyişikliklər öz müsbət təsirini göstərəcək və reket jurnalistikanın qarşısı alınacaq".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər