Milli Məclis dekabrın 4-də İnzibati Xətalar Məcəlləsində dəyişiklik barədə qanun qəbul edib. Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə 51.1-1 maddəsi əlavə edilib. Həmin maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər 100 manat miqdarında cərimə ediləcək.
Qanunun tətbiqi ilə əlaqədar dekabrın 5-də Prezident fərman imzalayıb. Fərmanda orta məktəblərdə bir ayda 7 gündən çox dərs buraxan şagirdlərin valideynlərini 100 manat miqdarında cərimələyəcək orqanlar müəyyənləşdirilib.
Fərmana əsasən, bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxacaq. İnzibati cəriməni istisna edən səbəbləri müəyyən etmək isə Nazirlər Kabinetinə tapşırılıb.
Baxmayaraq ki, fərmanda qanunun icrasına dair 1 aydan 3 ayadək müddət verilib, bəzi məktəblərdə artıq cərimələnmələr başlayıb.
Bakının 217 saylı orta məktəbində iki gün dərs buraxan şagirdin valideynindən pul istənilib. Bundan başqa, sosial şəbəkələrdə belə fikirlər yayılıb ki, müəllimlər, məktəb rəhbərləri şagirdin dərs buraxmasına görə valideynin 100 manat cərimələnməsi əvəzinə 50 manatla “qayıbları ləğv etmə” əməliyyatı üçün sövdələşmələr təklif edir.
Əksər təhsil ekspertlərinin, bəzi millət vəkilləri və QHT nümayəndələrinin proqnozları özünü doğruldub. Qanun Milli Məclisdə müzakirəyə çıxarılanda onlar bildirmişdi ki, 7 gün müddətinə dərs buraxılmasına görə 100 manat cərimənin tətbiqi təhsildə rüşvət ehtimallarını gücləndirəcək. Bu halların qarşısını almaq üçün müvafiq mexanizm yaradılmalıdır.
Qeyd etdiyimiz kimi, fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, məcəllədə edilən müvafiq dəyişiklərin qəbul olunan qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb Prezidentə təqdim edilsin. Nazirlər Kabineti normativ-hüquqi aktları həmin Qanuna uyğunlaşdırıb iki ay müddətində təmin edib ölkə başçısına məlumat verməlidir.
İnzibati Xətalar Məcəlləsinin 51.1-1-ci maddəsinə uyğun olaraq 7 gündən çox dərs buraxılmasına görə inzibati cəriməni istisna edən səbəblər bir ay müddətində müəyyən edilməlidir.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirir ki, qanunun tətbiqi ilə bağlı mexanizm olmadan məsələ barədə rəy bildirmək çətindir: “Mən 5 arqumentlə əsaslandırmışdım ki, belə bir maddənin tətbiqi düzgün deyil. Təhsil ictimaiyyətinin digər nümayəndələri də analoji narahatlıqlarını bildirmişdilər. Təəssüf ki, bizim rəy Milli Məclisdə nəzərə alınmadı.
Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli efir vasitəsilə çıxış edərək qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanları dedikdə hansı qurumların təmsil olunacağını açıqladı. Dedi ki, cərimələrin toplanması mexanizmi də müəyyənləşib. İcra hakimiyyətləri nümayəndəlikləri cərimələri toplayıb banka təhvil verəcək, bankdan alınmış qəbz məktəblərə təqdim ediləcək və aydın olacaq ki, valideyn borcu ödəyib. Hazırda valideyn bilməlidir ki, konkret mexanizm müəyyənləşməyincə, valideynə rəsmi məktub verilməyincə, cərimə ödəməli deyil".
Əjdər Ağayev dedi ki, məktəblərdə dərsburaxmaya görə pul dəyərində cərimə tətbiqinə dünya praktikasında rast gəlinməyib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik hələ bu il mayın 29-da qəbul edilib. Dəyişikliyi nəzərdə tutan sənəddə qeyd edilir ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlim vəzifələri valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan lazımınca yerinə yetirilmədikdə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək cərimə olunur.
Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda isə 60 manatdan 100 manatadək cərimə edilir.
Təhsil eksperti Nadir İsrafilov bildirir ki, qanunda olan mövcud dəyişiklik indiyədək praktiki həllini tapmayıb və innən sonra tətbiq ediləcək mexanizmlərin müəyyənləşməsində təhsil ictimaiyyətinin rəyi nəzərə alınmasa, qanunun icrası dərs buraxılmasının qarşını almayacaq: “Valideyn himayəsindən məhrum olan uşaqlar üçün icra hakimiyyətlərində qəyyumluq şöbəsi var ki, onların da əksərinin fəaliyyəti formal xarakterlidir. Hesab edirəm ki, günburaxma zamanı qayıbların yazılıb-yazılmaması məktəb rəhbərinin və müəllimin səlahiyyətindən asılı olan məsələdirsə, burada yenə də subyektiv amillər rol oynayacaq. Bu qanunun tətbiqi imkanlı valideynlərə sərf edə bilər, çünki bu repetitorluq fəaliyyətinin bir növ rəsmiləşdirilməsi deməkdir. Amma bu, az qisim valideynlərdir. Əksər valideyn imkansızdır. Sual olunur, 100 manat cəriməni verməkdən imtina edən valideyn haqqında nə tədbir görüləcək?”
Nadir İsrafilov hesab edir ki, təhsildən yayınma ilə dərsburaxma fərqli anlayışlardır və bu cərimənin tətbiqi əksinə, təhsildən yayınmaya gətirib çıxaracaq: “Hər ay 100 manat cərimə verib, övladını dərsə buraxmamaq şagirdin təhsildən yayınması deyil? Bundan başqa, sinifdə saxlanma da ləğv olunub. Bu da təhsildən yayınma yaradır. Dərs buraxılması ilə təhsildən yayınma fərqlidir.
Bu gün minlərlə uşağın 7-8 yaşı var, I sinfə getmir. Yaxud 8-ci, 9-cu sinifdən çıxıblar, dini məktəblərə, yaxud başqa işlərə gediblər. 2000-ci ildə mən Bakı şəhər Təhsil İdarəsində işləyərkən Bakı şəhər məktəblərində reyd keçirdik. Məktəbə gələn və məktəbdən gedənlərin anketini hazırladıq, müqayisələr apardıq və 30 min təhsildən yayınan üzə çıxdı. Onlar arasında hətta tanınmış din adamlarının övladları da təhsildən yayınıb, dini təhsil ardınca getmişdi.
Təəssüf ki, Nazirlər Kabinetinə təqdim etdiyimiz bu məsələyə laqeydlik göstərildi, məsələ Təhsil Nazirliyinin kollegiyasına çıxarılmadı. Təhsildən yayınmanın səbəbləri öyrənilib, aradan qaldırılmalıdır, buna görə məktəb rəhbərliyi cəzalandırılmalıdır".
Təhsil eksperti dedi ki, “İctimai iştirakçılıq haqqında” qanuna görə, sözügedən məsələ ilə əlaqədar Prezident fərmanında da göstərildiyi müddətdə təkliflərin və müvafiq mexanizmin hazırlanmasında təhsil ictimaiyyətinin də rəyi nəzərə alınmalıdır.
Sabiq millət vəkili Şahlar Əsgərovun sözlərinə görə, təhsillə bağlı bütün təşəbbüslərin Təhsil Nazirliyindən gəlməsi arzuolunan haldır. Təhsil sahəsini mürəkkəb sistem hesab edən ekspertin sözlərinə görə, bu sahədə inzibati metodların tətbiqi təhsil sistemini daha da mürəkkəbləşdirir: “Təhsil mürəkkəb sistemdir, nə qədər sadə olsa, bir o qədər asan idarə olunar. Parlament vasitəsilə təhsilə müdaxilə edilir və bu da təhsil sistemini mürəkkəbləşdirir. İnanmıram ki, belə bir təşəbbüslə Təhsil Nazirliyi çıxış edər”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə sözügedən dəyişiklik müzakirəyə çıxarıldıqdan sonra Təhsil Nazirliyinə məktubla müraciət etdik. Nazirliyin bu məsləyə mövqeyini öyrənmək istədik. Amma göndərdiyimiz yazılı müraciətə bu günədək cavab almamışıq. Nazirlikdən bildirildi ki, məktub müvafiq şöbəyə ünvanlanıb, nə zaman cavab verilsə, redaksiyaya göndəriləcək.
Sevil Hilalqızı