Qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1976-cı il təvəllüdlü Astara rayon sakini Famil Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Famil Qəhrəmanov Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmənin 24 fevral 2006-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən sağlamlığa xəsarət yetirmə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinib. O, məhkəmənin hökmü ilə 6 il 2 ay müddətə azadlıqdan məhrum edilib.
Famil Qəhrəmanov 3 dekabr 2010-cu ildə Qaradağ rayon Məhkəməsinin qərarına əsasən 11 ay 17 gün vaxtından əvvəl cəzadan şərti azad edilib.
Təxminən iki il azadlıqda gəzən keçmiş məhkum yenidən cinayətə al atıb. O, 10 dekabr 2012-ci il tarixdə, saat 22 radələrində Astara rayonu, Şahağacı kəndində yerləşən aptekin arxa tərəfində Fərzi Əsədullayevlə mübahisə edib. Həmin vaxt üstündə gəzdirdiyi bıçaqla Fərzi Əsədullayevi vurub. Fərzi hadisə şahidlərin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırıldığı üçün ölümdən xilas olub.
Bu əməlinə görə Famil Qəhrəmanova Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham verilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Famil Qəhrəmanov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Məhkəmə ifadəsində Famil Qəhrəmanov bildirib ki, dekabrın 10-da, axşam saat 22 radələrində həyat yoldaşını gətirmək üçün Şahağacı kəndində yaşayan qaynanasıgilə gedərkən əvvəllər tanıdığı həmin kəndin sakinləri Ramil Əliyev, Fərzi Əsədullayev, Fərzi Həsənov və Mütəllim Dadaşovun çayxananın daş hasarı üstündə oturduqlarını görüb: “Onlar orada pivə içirdilər. Yanlarından keçəndə Ramil Əliyev mənə: ”Yeznə, pivə içirsən?" deyə səslədi. Pivə içmək istəmədiyimi dedim, yoluma davam etdim. Bu zaman Fərzi Həsənov məni: “Nəşə çəkirsən?” deyə səslədi. Ona sərt formada dedim ki, səninlə mən heç nəşə çəkmişəm, sən heç mənim nəşə çəkdiyimi görmüsən? Yoluma davam edərkən Ramil yenidən mənə müraciət elədi: “Əgər çəkmək istəmirsənsə, 2-3 manat ver, biz pivə alıb içərik”. Ramilə acıqla dedim ki, məni kimləsə səhv salmısan.
Fərzi bu zaman: “Bu kimdir, bizimlə belə danışır”,-deyə bildirdi. Sözləri xoşuma gəlmədiyi üçün aramızda mübahisə yarandı. Fərzi ilə aramızda əvvəldən pulla bağlı mübahisə olub və Tacəddinə olan borcumu ona verəcəyimi bildirib. Bu dəfə də həmin sözü deyəndə Fərziyə Tacəddinə zəng vurmasını istədim. O da Tacəddinə zəng etdi. Tacəddin isə pul borcunu özü həll edəcəyini dedi. Bu zaman Ramil mənə yaxınlaşaraq yaxamdan tutdu və məni qaranlıq yerə çəkdi".
Famil Qəhrəmanovun sözlərinə görə, sonra Fərzi onun alnının sol tərəfindən yumruqla zərbə endirib: “Təpik atsam da, ona dəyib-dəymədiyini bilmədim. Həmin vaxt başıma arxadan su butulkası ilə zərbə vuruldu. Butulka sınmadı, mən zərbədən yerə yıxıldım. Məni vurmağa başladılar. Ayağa qalxdıqdan sonra özümü qorumaq və onları qorxutmaq üçün cibimdən bıçaq çıxardım. Qarışıqlıq düşdüyü üçün bıçaq davanı aralayan Fərzinin qarnına girdi. O, məni vurmurdu. Fərzi yerə yıxıldı, bıçağı aptekin arxa tərəfində olan boş yerə tullayıb hadisə yerindən qaçaraq uzaqlaşdım”.
Apelyasiya instansiyasında həmçinin Famil Qəhrəmanovun həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsinə verdiyi ifadəsi tədqiq edilib. O, həmin ifadəsində apelyasiya instansiyasında verdiyi ifadəsindən fərqli danışıb.
Famil Qəhrəmanov istər ibtidai zamanı, istərsə də birinci məhkəmə instansiyası zamanı verdiyi ifadəsində bildirib ki, Fərzi arxadan yumruqla onun boynunun sağ nahiyəsindən iki zərbə vurub: “Fərzi əlində olan pivə butulkası ilə başımdan bir zərbə vurdu. Butulka sınmadı. Amma mən yerə yıxıldım. Ayağa qalxandan sonra cibimdə gəzdirdiyim bıçağı çıxaranda Fərzi üstümə gələrək vurmaq istədi. Özümü müdafiə etmək üçün bıçaqla Fərzinin qarından bir zərbə vurdum. Fərzi yerə yıxıldığı üçün kənara çəkildim və bıçağı aptekin arxa tərəfində olan boş yerə tulladım. Sonra oradan uzaqlaşdım”.
Zərərçəkmiş Fərzi Əsədullayevin sözlərinə görə, dekabrın 10-da, saat 22 radələrində Şahağacı kəndində yerləşən aptekin arxa tərəfində çayxananın yanında Fariz Həsənov, Ramil Əliyev, Mütəllim Dadaşovla birlikdə söhbət edən zaman Famil Qəhrəmanov onların yanından keçib: “Bu zaman Fariz Famili çağırdı və aralarında narazılıq yarandı. Farizlə Familin arasında pul mübahisəsi olduğuna görə də narazılıq mübahisəyə çevrildi, səs-küyə qonşular gəldilər. Bu vaxt Ramil Familin qolundan tutaraq qaranlıq yerə çəkdi. Familin qarşısını alarkən ona Farizlə mübahisə etməməsini bildirdim. Famillə Ramili aralaşdırmaq istədim. Bu zaman Famil cibindən bıçaq çıxararaq qarın nahiyəmdən bir zərbə vurdu. Bıçaq zərbəsindən sonra xəsarət alaraq yerə yıxıldım”.
Zərərçəkmiş qeyd edib ki, qardaşı Xəzər Əsədullayev və əmisi oğlu Nağı Əsədullayev onu Astara rayon mərkəzi xəstəxanasına aparıblar. Onun sözlərinə görə, həmin vaxt Familin bıçaqla ona təkrar zərbə vurmaq imkanı olsa da, vurmayıb və oradan uzaqlaşıb. O, ifadəsinin sonunda Famili bağışladığını, ona qarşı heç bir şikayəti olmadığını bildirib.
Sonda hakim kollegiyası Famil Qəhrəmanovun apelyasiya şikayətinin qismən təmin ediməsi barədə qərar elan edib. Qərara görə, onun cəzası 7 il 2 aya endirilib.
Hacı Zeynalov