Türkiyəli hərbçi, korgeneral Mehmet Baysan Türkiyənin İzmit şəhərindəki Azərbaycan Kültür Evini ziyarət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, M.Baysanla birgə Kocaeli Qazilər Dərnəyi İdarə Heyətinin üzvləri də Kültür Evini ziyarət edənlər sırasında olub.
M.Baysan və digər qonaqlar Kültür Evi, eləcə də burada yaradılmış Soyqırım Muzeyi, Heydər Əliyev adına kitabxana ilə tanış olub. Təşkilatın rəhbəri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar ziyarətçilərə Azərbaycan Kültür Evinin fəaliyyəti, reallaşdırdığı layihələr, həmçinin, ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı əks etdirən və hazırda muzeydə qorunan eksponatlar barədə məlumat verib.
Korgeneral M.Baysan Azərbaycan Kültür Evi ilə tanışlığın onlarda zəngin təəssürat yaratdığını, təşkilatın ofisini yenidən ziyarət edib, daha geniş məlumat alacaqlarını bildirib. O, 1993-cü ildə Azərbaycanda hərbi xidmət keçdiyini xatırladaraq, Azərbaycanın hər zaman Türkiyə üçün dost və qardaş ölkə olduğunu qeyd edib.
Sonda Bilal Dündar Azərbaycan Kültür Evinə göstərilən diqqətə və ziyarətə görə qonaqlara təşəkkür edib.
Səxavət