11 Dekabr 2015 16:57
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 11-də Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, ötən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində Ulu Öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovetlər dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmış, daha sonra isə Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

Bildirilmişdir ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası-xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarmışdır.

Xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılmış, o cümlədən Azərbacançılıq məfkurəsi formalaşdırılmış, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olmuş, Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılmış, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülmüşdür.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın təbii ehtiyatlarından ölkənin milli maraqları naminə səmərəli istifadə edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. Azərbaycanı bütün dünyaya tanıdan bu müqavilə irimiqyaslı xarici investisiyaların ölkəyə axını üçün böyük stimul oldu, ölkəmizin dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyasının əsasını qoydu.

Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından olan prokurorluq orqanlarının yenidən formalaşması ilk növbədə, ulu öndər Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Azərbaycan Prokurorluğunun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır.

Xüsusi vurğulanmışdır ki, cənab İlham Əliyevin 2003-cü ildən etibarən Dövlət başçısı kimi fəaliyyəti Heydər Əliyev ideyalarının yaşaması və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsinin və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisinin bariz göstəricisidir. Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda hər bir bölgənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən ölkəmiz regionun aparıcı dövləti statusunu özündə saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dövlət başçısı cənab İlham Əliyevin nitqində göstərildiyi kimi, ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, bütün makroiqtisadi göstəricilər yüksək səviyyəyə çatmış, iqtisadi sahədə aparılan düşünülmüş siyasət qlobal iqtisadi maliyyə böhranı şəraitində Azərbaycan uğurlu iqtisadi inkişafını, ümumi daxili məhsulun əhəmiyyətli artımını təmin etmiş, nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir.

Həyata keçirilmiş böyük quruculuq işləri və mütərəqqi islahatların nəticəsidir ki, əldə edilmiş uğurlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilmiş, dünyanın nüfuzlu iqtisadi institutu olan Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı, MDB məkanı üzrə isə 1-ci yerdə qərarlaşmışdır.

Heydər Əliyev ideyalarının ardıcıl surətdə reallaşdırılmasının və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq ilk Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi, paytaxtımızın 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna və 2017-ci ildə daha bir möhtəşəm tədbirə - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ölkəmizin böyük uğuru kimi dəyərləndirilmişdir.

Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət: Heydər Əliyev və Dövlət quruculuğu” filmi nümayiş etdirilmişdir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər