11 Dekabr 2015 18:11
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti və Bakı Vergilər Departamenti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi 54 ünvanda yerləşən, fiziki şəxs Quliyev Emin Vahid oğlunun şirniyyat və digər un məmulatlarının istehsalı ilə məşğul olduğu, ümumi sahəsi 120 kv.m. olan obyektdə operativ nəzarət tədbirləri keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbir zamanı obyektdə üzərində vergi ödəyicisinin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirmə nömrəsi (VÖEN) və malın saxlanma müddəti barədə məlumatlar yazılmış etiketlər olan 151 ədəd müxtəlif ölçülü paketlərdə qablaşdırılmış makaron məmulatları, 233 qutu müxtəlif növ şirniyyat məhsulları, 67 kisə un, 2 kisə şəkər, 3 ədəd 5 litrlik qablarda bitki yağı və digər xammal aşkar edilib, istehsal sobalarının istifadəyə hazır vəziyyətdə olduğu müəyyən edilib.

Həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Daş karxanası ərazisində yerləşən, fiziki şəxs Əliyev Nahid Tapdıq oğlunun un məmulatlarının istehsalı ilə məşğul olduğu, ümumi sahəsi 200 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsində keçirilmiş, operativ nəzarət tədbiri zamanı obyektdə içərisində fiziki şəxsin adı və ona məxsus olmayan başqa bir VÖEN göstərilmiş etiketlər olan 864 ədəd sellofan paketdə “Ruskaya Korona” adı ilə qablaşdırılmış makaron, vermişel, əriştə məhsulları, eləcə də 63 kisə un aşkar edilərək, müvafiq qaydada rəsmiləşdirilib. Qeyd olunanlardan əlavə, vergi ödəyicisinin əmək qanunvericiliyini kobud şəkildə pozaraq, 6 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etdiyi də aşkar olunub.


N. Əliyevin 30.10.2012-ci il tarixdən, E. Quliyevin isə 17.01.2015-ci il tarixdən vergi ödəyicisi kimi fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalarına baxmayaraq, aparılan araşdırmalar zamanı hər iki şəxsin faktiki olaraq sahibkarlıq fəaliyyətini davam etdirərək ilə məşğul olduğu, gəlir əldə etdiyi, vergi orqanına bəyannamə təqdim etmədiyi və dövlət büdcəsinə vergi ödəmədiyi müəyyən olunub.

Aşkar edilmiş vergi hüquqpozmaları ilə yanaşı, sözügedən istehsal sahələrində sanitar-gigiyenik normalara da riayət olunmadığı, obyektlərin hər yerində antisanitariya şəraitinin hökm sürdüyü müşahidə olunub. Hər iki vergi ödəyicisinin istehsal və satış dövriyyəsini müəyyənləşdirmək üçün əhəmiyyət kəsb edən bir sıra qara mühasibatlıq sənədləri aşkar edilərək maddi sübut qismində götürülüb.

Paralel olaraq, həmin şəxslərin istehsal etdikləri malları müntəzəm olaraq alan bir qrup vergi ödəyicilərində də müvafiq tədbirlər keçirilib, adları yuxarıda göstərilən vergi ödəyicilərinə aid obyektlərdə istehsal olunub satışa verilmiş mallar nümunə kimi götürülüb və onlar arasında mal dövriyyəsinin həcmi müəyyən edilib.

Tədbir zamanı aşkarlanmış qanun pozuntuları müvafiq qaydada rəsmiləşdirilib, barələrində mövcud qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər