Dekabrın 10-da Rusiya Federasiyasının Yessentuki şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 62-ci iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, iclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclasdan əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Gömrük Xidməti Rəhbərləri Şurasının sədrinə rəsmi məktubla müraciət edərək bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı evlərini itirmiş və qaçqın vəziyyətində yaşayırlar. Məlum olduğu kimi, işğal edilmiş Dağlıq Qarabağ regionunun və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən hələ də icra edilməməkdədir.
Ermənistan Respublikası işğal etdiyi bütün əraziləri azad etməyincə və təcavüzün nəticələrini tam aradan qaldırmayınca Şura tərəfindən qəbul edilmiş qərarların heç bir müddəası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Ermənistan Respublikasına münasibətdə qəbul edilməyəcək.
İclasda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 61-ci iclasının yekunları ilə bağlı hesabat dinlənilib, ekspertlər tərəfindən hazırlanmış təkliflərə baxılıb, eyni zamanda “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 15 aprel 1994-cü il tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə Protokol” və “Malların gömrük dəyərinin müəyyən edilməsi və nəzarəti üçün zəruri olan məlumat mübadiləsi haqqında Saziş” layihələri, eləcə də MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Portalının hazırlanıb tamamlanması və Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 6-cı nəşrinin rus dilindəki variantının qəbul edilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Bununla yanaşı, tədbir iştirakçıları MDB-nin Xarici İqtisadi Fəaliyyətin Vahid Mal Nomenklaturasına və onun şərhinə dəyişikliklər edilməsi, MDB Dövlət Başçıları Şurasının 10 fevral 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş Birliyə üzv dövlətlərin gömrük qanunvericiliklərinin əsaslarına əlavə və dəyişikliklərin edilməsi, “İnternet-ticarət üzrə gömrük əməliyyatları (gömrük rəsmiləşdirməsi) və gömrük nəzarəti ilə bağlı qaydaların təkmilləşdirilməsi üzrə MDB-yə üzv dövlətlərin gömrük xidmətləri arasında Anlaşma Memorandumu”nun və “MDB-yə üzv dövlətlərin milli tranzit sistemlərinin qarşılıqlı inteqrasiyası üçün şəraitin yaradılması üzrə MDB-yə üzv dövlətlərin gömrük xidmətləri arasında Anlaşma Memorandumu”nun layihələri, MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin və Ümumdünya Gömrük Təşkilatının hüquq mühafizə fəaliyyəti ilə bağlı MDB-yə üzv Dövlətlər üzrə Regional Əlaqələndirmə Qovşağı RİLO-Moskvanın 2016-cı il üçün İş Planlarının təsdiq edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclas öz işini başa vurduqdan sonra üzv ölkələrin nümayəndə heyəti rəhbərlərinin mətbuat konfransı keçirilib.
Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 63-cü iclasının 2016-cı ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.
Naibə QURBANOVA