14 Dekabr 2015 12:35
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər.

Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar olaraq, BANM-də TSİ-nin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, neftçi peşəsi qəhrəmanlıq tələb edən bir peşədir. O, bu sahənin ölkə iqtisadiyyatının inkişafı üçün, neft-qaz sənayesi üçün vacib bir sahə olduğunu vurğulayıb. Elmar Qasımov Azərbaycan xalqının, o cümlədən Ali Məktəbin professor-müəllim heyəti və tələbələrinin fədakar neftçilərin xatirəsini hər zaman əziz tutulacağını dedi. O, neftçi peşəsini seçən ali məktəb tələbələrinə mətin, cəsur olmağı tövsiyə edib. BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini və ildə bir dəfə audit yoxlaması keçirildiyini deyən rektor BANM-in digər modullar üzrə standartların əldə olunmasına çalışdığını vurğulayıb. O, bu istiqamətdə işlərin sürətlə aparıldığını bildirib. Elmar Qasımov TSİ nümayəndələrinə bütün strukturlarda apardıqları yoxlamalarda hərtərəfli təftiş etməyi xahiş edib və onlara uğurlar arzulayıb.

TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı çox üzüldüyünü bildirib. Azərbaycanın acısının, kədərinin Türkiyənin də acısı olduğunu deyən Səlim Çələbi qardaş Türkiyə xalqının bu üzüntülü hadisə ilə bağlı kədərləndiyini deyib. Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən Ali Məktəb olduğunu vurğulayıb. O, deyib ki, BANM bir çox ali təhsil müəssisələrinin fəaliyyəti və inkişafı üçün nümunədir. BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə edib. O, bildirib ki, yoxlamalar iki gün ərzində aparılacaq.

Xatırladaq ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olub.

Qeyd edək ki, iki gün ərzində keçirilən audit yoxlanışından sonra auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər