Mən Ali Məhkəmənin ədalətli qərar çıxaracağına inanıram.
Bunu Axar.az-a həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Ali Məhkəmədə başlayan proses haqda danışan millət vəkili Aqil Abbas deyib.
Deputat Bakı Apelyasiya Məhkəməsi tərəfindən anestezioloq Firuz İbrahimov barəsində çıxarılan hökmün Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanacağına şübhə etmədiyini bildirib:
“İnsan ölümündə təqsirli bilinən həkimin cinayəti məhkəmə tərəfindən təsbit olunub. Ona görə də həkimə törətdiyi cinayətin cəzası verilib. Mən Ali Məhkəmənin bu ədalətli qərarı qüvvədə saxlamaqla bir daha hüquq-mühafizə orqanlarının həkim səhlənkarlığına qarşı iradə ortaya qoyacağına inanıram. Çünki söhbət bir insanın ziyalı, tənqidçi, alim olmasından getmir, ortada insan həyatı var. Bu gün gənc bir ana vaxtsız, bir həkimin sırf məsuliyyətsiz səhvi üzündən öz həyatını itirib, körpə övladlar anasız qalıb. Əlbəttə, onu unutmaq lazım deyil ki, həkim verilən 2,5 il cəzanı çəkib, yenidən öz ailəsinə qovuşacaq. Ancaq Elnarə xanım heç vaxt bir daha həyata qayıtmayacaq, öz körpə balalarına qovuşa bilməyəcək. Bu, çox ağır bir məsələdir və bu baxımdan, mən o cəzanı əslində simvolik hesab edirəm. Buna baxmayaraq, Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını təsdiqləməklə ən azı gələcəkdə belə hadisələrin baş verməsinin qarşısını almaq üçün mühüm addım atmış olur”.
Millət vəkilinin sözlərinə görə, bu səs-küylü hadisə səhiyyə sistemində məsuliyyətsiz həkimlərə bir mesaj verdi:
“Diqqət edirsinizsə, Bakı Apelyasiya Məhkəməsinin ədalətli qərarından və bu qərarın ictimailəşməsindən sonra həkim səhlənkarlığı nəticəsində ölüm halları ilə bağlı mediada xəbərlərin nisbətən azaldığı müşahidə edilir. Demək, bu qərar cəmiyyətə, səhiyyədə çalışanlara bir ismarıc xarakteri daşıyıb və təsiri də göz qabağındadır, Ali Məhkəmə də bu presedenti qorumalıdır”.
Qeyd edək ki, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri əsasında 2,5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbsə alınıb.
Ali Məhkəməyə göndərilən bu cinayət işi dekabrın 22-də, saat 9:40-da hakim Fərhad Kərimovun sədrliyi ilə davam edəcək.
Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.