Xəzər dənizi üzərində əsən küləklərin sürəti azalıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Trend-ə bildirib ki, Xəzər dənizində hava kütlələrinin hərəkətinin intensivliyini təyin edən atmosfer dövranı formalarının dəyişməsi küləyin sürətinə və istiqamətinə təsir edib. Xəzərin müxtəlif hissələrində küləyin sürətinin çoxillik (1940-2012-ci illər dövründə) analizi onda azalma trendlərinin olduğunu aşkarlayıb.
R.Məmmədov qeyd edib ki, Xəzər dənizində ən qasırğalı period 1950-1960-cı illərdə olub: “Bunun nəticəsi olaraq, sonrakı illərdə Xəzər dənizi üzərində siklonik fəaliyyət aktivliyinin azalması müşahidə edilib. Küləyin sürətinin azalması dalğa elementlərinin və onların təkrarlanmasının azalmasına səbəb olub”.
Direktor əlavə edib ki, Xəzər dənizinin Azərbaycan akvatoriyasında 1961-1990-cı illərdə havanın orta çoxillik temperaturu 14,2 dərəcə, 1991-2012-ci illərdə isə 14,7 dərəcə Selsi təşkil edib. Bu da normadan 5,5 dərəcə yüksəkdir. Temperaturun yüksəlməsi, əsasən, yaz, yay və payız fəsillərində müşahidə edilir.
R.Məmmədov bildirib ki, 1975-1998-ci illərdə Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar dənuz suyunun duzluluğu azalmışdı: “Suyun miqdarı çoxaldığından suda bir qədər durulaşma, yəni duzluluğun azalması müşahidə olundu. Duzluluğun azalması o qədər cüzi olub ki, canlı aləmə demək olar, heç bir təsir etməyib. İndi isə elə bir dəyişmə yoxdur və suyun tərkibi artıq əvvəlki kimidir”.
Son 10 ildə Xəzər dənizinin səviyyəsində azalma tendensiyasının müşahidə edildiyini və artıq səviyyənin 1 metr 20 sm endiyini deyən institut rəhbəri qeyd edib ki, Xəzər dənizinin Azərbaycan akvatoriyasında əlverişsiz ekoloji şəraitin yaratdığı problemlər də öyrənilib: “Araşdırmalara görə, Neft Daşları və Bakı arxipelaqı neft yataqları rayonlarını daha çox çirklənmiş ərazilərə aid etmək olar. Ən çox çirkləndiricilərə neft və neft məhsullarını, az miqdarda fenol, sintetik səthi-aktiv maddələr və başqa komponentləri misal göstərmək olar”.