Milli Məclisin payız sessiyasının plenar iclası başlayıb.
Teleqraf.com-un xəbərinə görə, millət vəkilləri gündəlikdə duran 40 məsələni müzakirə edib. Gündəlik təsdiq edildikdən sonra deputatlar cari məsələləri müzakirə etməyə başlayıb.
Oqtay Əsədov ABŞ Konqresinin Helsinki Komissiyasının üzvü, Respublikaçı konqresmen Kris Smitin təqdim etdiyi layihə haqqında danışıb. O, qeyd edib ki, ABŞ Konqresində Azərbaycanın dostları, konstruktiv deputatlar var: “Məlum layihə Konqresdən keçməyəcək. Azərbaycanda insan hüquqlarına dair müsbət addımlar atılır. Bir sıra şəxslər azad edilib, dekabrın 31-də əfv olacaq. Belə layihələri ortaya qoymaqla demək istəyirlər ki, guya onların addımı təsir etdi. Mən xahiş edirəm ki, Amerika səfirinə deyin, bir açıqlama versin. Görək bu Amerikanın dövlətinin mövqeyidir, yoxsa hansısa bir konqresmenin fikirləridir.
ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də Ermənistan diasporasının üzvüdür".
O.Əsədov bildirib ki, bu məsələni o qədər də şişirtmək lazım deyil: “Bəzi jurnalistlər bunu şok hadisə kimi təqdim edirlər. Bunun nəyi şokdur? Bu adi bir komissiyadır. Məsələni bu cür şişirtmək çox böyük səhvdir”.
O.Əsədov deyib ki, Kris Smit adi bir konqresmendir. Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: “ABŞ Konqresində kifayət qədər Azərbaycanın dostları var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram”.
Nemət