21 Dekabr 2015 20:40
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, valyuta bazarına və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin sürətlə aşağı düşməsi deyil, hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz.

AMB sədri bildirib ki, ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin artmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirildi. İqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olundu. Lakin yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətləri ilə uyğunlaşmasını zəruri edir. Bundan əlavə, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən bu gün üzən məzənnə rejiminə keçid barədə qərar qəbul olunub: "Üzən məzənnə nədir? Fundamental olaraq, bütövlükdə valyutada əmtəədir, ona tələb və təklif var, dünya bazarlarında onun qiyməti tələb və təklif arasında formalaşır. Buna idarə olunan üzən məzənnə deyirlər. Fevral devalvasiyasından sonra mühüm məsələni qeyd etmişdim ki, bütünlükdə manatın məzənnəsi daxili iqtisadiyyatdan çox, xaricdə müəyyənləşir. Neft faktoru var, müəyyən dərəcədə neft ölkələri öz valyutalarının kursunu neftin qiymətinə də bağlayırlar və onu izləyirlər. O zaman ekspertlərə, biznesmenlərə tövsiyə etmişdim ki, yeni devlvasiya təhlükəsini hiss etmək istəyirlərsə, neftin qiymətini daim izləsinlər. Digər tərəfdən isə 2016-cı ilin büdcə layihəsi parlamentdə müzakirə olunanda tribunadan Mərkəzi Bankın üzən valyuta məzənnəsi rejiminə keçməsi məsələsini diqqətlə öyrəndiyi mesajını da vermişdim. Üzən məzənnəyə keçid o deməkdir ki, Azərbaycan iqtisadiyyatında da bütövlükdə manatın məzənnəsi bazar prinsiplərinin, tələb və təklifin təsiri altında baş verəcək. Burada xüsusi məqamları qeyd etmək istəyirəm. Bu, xüsusi əmtəədir, elə bir əmtəədir ki, başqa əmtəələrin də qiymətlərini o müəyyənləşdirir. Tələb və təklif faktorların çox mühüm beynəlxalq amillər - neftin qiyməti, tərəfdaş ölkələrimizdə valyuta kurslarının dinamikası, o cümlədən Azərbaycan iqtisadiyanın özünün inkişaf indikatorları - iqtisadi artım, məşğulluq, inflyasiya məsələləri ciddi təsir göstərir. Lakin dünyada xalis üzən məzənnə rejimində çalışan bazarlar olduqca azdır. Xüsusən inkişaf etmiş ökələrdə, inkişaf etməkdə olan ölkələrdə, bizim kimi iqtisadiyyatı formalaşmaqda olan ölkələrdə üzən məzənnəyə idarə olunan üzən məzənnə deyirlər".

E.Rüstəmov əlavə edib: "Bu, o demkdir ki, Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə əhəmiyyətli dərəcədə üzməsinə imkan verməyəcək: "Biz bunu idarə edəcəyik, çünki bugünkü məzənnədən əhəmiyyətli kənarlaşma bazar üçün çox ciddi çaşqınlıq yarada bilər. Biz bazardayıq, bu gün ilk auksionumuzu təşkil etdik, yəni biz həm də məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik, lakin bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcəyik və buna tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacağıq. Bütövlükdə, hesab edirik ki, manatın məzənnəsi banklararası bazarda bankların bir-birinə alqı-satqısı yolu ilə formalaşan qiymətdən də əhəmiyyətli dərəcədə asılı olacaq".

O bildirib ki, üzən məzənnə rejimi uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması baxımından mühüm önəm kəsb edən sistemdir".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər