Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, spiker ali qonağı səmimi salamlayaraq, belə bir inamı ifadə etdi ki, bu cür görüşlər ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsi işinə xidmət edir. Qeyd edildi ki, biz Əfqanıstanla əlaqələrimizin bugünkü səviyyəsindən məmnunuq. Heç şübhəsiz, Əfqanıstan nümayəndə heyətinin bu səfəri əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar açacaqdır.
Sədr bildirdi ki, əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. Spiker əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsi üçün ölkələrimiz arasında yeni sənədlərin imzalanmasının əhəmiyyətini vurğuladı. Qeyd edildi ki, gələcəkdə imzalanacaq sənədlər münasibətlərimizin daha da dərinləşməsi üçün geniş imkanlar yaradacaqdır.
Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı qeyd edildi. Bildirildi ki, yeni seçilmiş Milli Məclisdə Əfqanıstan parlamenti ilə dostluq qrupu formalaşdıqdan sonra parlamentlər səviyyəsindəki əlaqələrimiz daha intensiv xarakter alacaqdır.
Spiker Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz xəttinin çəkilişi ilə bağlı razılığın əldə olunmasını yüksək dəyərləndirdi. Bildirildi ki, Azərbaycan Əfqanıstana tranzit yüklərin daşınmasında əhəmiyyətli rol oynayır. Ölkəmiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz layihələrinin reallaşmasına nail olmuş və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişində fəal iştirak edir. Gələcəkdə reallaşacaq TAP və TANAP kimi qaz layihələri isə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi yeni mühüm töhfə olacaqdır.
Sədr iqtisadi sahədə əlaqələrimizi dərinləşdirmək üçün mövcud olan imkanlardan söz açaraq, Əfqanıstanda ildə 500 ton xam neft emal edən zavodun inşasında azərbaycanlı iş adamlarının iştirakını təqdir etdi.
Spiker Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Əfqanıstanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını ifadə edərək, əfqan xalqına sülh və əmin-amanlıq arzuladı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirdi. Siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığımızı təqdir edən qonaq iqtisadi sahədə də uğurlar qazanmaq üçün geniş imkanlar olduğunu bildirdi. O, Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan tərəfinə öz təşəkkürünü çatdırdı.
Qonaq əməkdaşlığın daha da dərinləşməsində parlamentlərin roluna diqqət çəkərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini və deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda səmərəli fəaliyyətini əhəmiyyətli hesab etdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədri Səməd Seyidov, deputat Mahir Aslanov və digər rəsmi şəxslər iştirak edirdilər.
Nemət