24 Dekabr 2015 11:13
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Nəsirli: “Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası müstəqillik tariximizin ən böyük nailiyyətinə imza atıb”

Fəzail Ağamalı: “Prezidentin həyata keçirmiş olduğu xarici siyasət Azərbaycana çox böyük dividendlər və nüfuz qazandırıb”

Qərblə Şərqin kəsişməsində, zəngin neft-qaz ehtiyatlarına malik, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində başlıca amillərdən biridir.

Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq kriteriyalarından çıxış edir. 12 ildən artıqdır dövlətimizin sükanını etibarla öz əllərində saxlayan, bu gün doğum gününü qeyd edən Prezident İlham Əliyevin timsalında xarici siyasətdə yeni-yeni uğurlar qazanmaqdadır. Bu uğurların nələrdən ibarət olduğunu hər bir Azərbaycan vətəndaşı bilsə də, onları yenidən xatırlatmağı zəruri saydıq.

“Xalq öz Prezidenti ətrafında birləşib, onu müdafiə edir”

Milli Məclisin deputatı, politoloq Elman Nəsirli qəzetimiz vasitəsilə Prezident İlham Əliyevi təbrik edib: “Qəzetiniz vasitəsilə cənab Prezidenti ad günü münasibətilə ürəkdən təbrik edirəm. Cənab Prezidentin rəhbərliyi altında dövlətimiz çox sürətlə inkişaf edir və inkişaf etmiş dövlətlər sırasına daxil olmaq hədəfini seçib. Cənab Prezidentə xalqın böyük etimadı var. Bunu da ölkə Prezidenti xalqın mənafeyindən çıxış edərək müstəqil daxili və xarici siyasət kursu həyata keçirməklə əldə edib. Ona görə də bu gün Azərbaycanda siyasi sabitlik var, ölkədə milli həmrəylik hökm sürür. Xalq öz Prezidenti ətrafında birləşib, onu müdafiə edir. Prezident də xalqın, dövlətin mənafeyindən çıxış edib Azərbaycanın milli maraqlarını dünyada yüksək səviyyədə müdafiə edir və həyata keçirir. Ona görə də bu gün hər bir Azərbaycan vətəndaşı cənab Prezidenti özünün prezidenti hesab edir və prezident də hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Buna görə də bu gün xalqımız cənab Prezidentin ad gününü öz qəlbində qeyd edir və biz cənab Prezidentin milli maraqlara söykənən fəaliyyəti ilə fəxr edir, ona minnətdarlıq hissimizi ifadə edir və cənab Prezidenti bir daha ad günü münasibətilə təbrik edirik”.

“Bunlar ölkəmizin dünyada mövqelərini kifayət qədər gücləndirib”

E.Nəsirli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 2003-cü ildən bəri öz inkişafının yeni bir mərhələsini yaşamaqdadır. Onun sözlərinə görə, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu çox sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq innovativ, kreativ şəkildə davam etdirir: “Bu siyasət ilk növbədə dinamizmi ilə seçilir və hücum taktikasına söykənir. Bütün bunlar ölkəmizin dünyada mövqelərini kifayət qədər gücləndirib. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası müstəqillik tariximizin ən böyük nailiyyətinə imza atıb. Belə ki, 2011-ci ilin oktyabrın 24-də 155 ölkə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki il müddətinə qeyri-daimi üzv seçilməsinə səs verdi. Bu, möhtəşəm bir nailiyyət, müstəqillik tariximizin unudulmaz bir səhifəsi, cənab Prezidentin qeyd etdiyi kimi bizim tarixi nailiyyətimiz idi”.

“Cənab Prezident hakimiyyətə gələrkən yoxsulluq həddi 49 faiz idisə, hazırda bu rəqəm 5 faizə düşüb”
Milli Məclisin deputatı bildirib ki, Azərbaycann Prezidenti ulu öndərin əsasını qoyduğu balanslı, çoxvektorlu, tarazlaşdırılmış xarici siyasət kursunu davam etdirir və bu gün Azərbaycan dünya ölkələrinin əksəriyyətinin hörmətini qazanmış bir dövlətdir: “İndi bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Azərbaycan cənab Prezidentin rəhbərliyi altında həm iqtisadi, həm sosial, həm də beynəlxalq sferada çox böyük nailiyyətlərə imza atıb. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfədən çox inkişaf tempi nümayiş etdirib, ümumi daxili məhsulumuz bu qədər yüksəlib. Cənab Prezident hakimiyyətə gələrkən yoxsulluq həddi 49 faiz idisə, hazırda bu rəqəm 5 faizə düşüb. İşsizliyin səviyyəsi də təxminən 5 faiz səviyyəsindədir. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə də seçilir. Təsadüfi deyil ki, 2015-ci il üçün Davos İqtisadi Forumu dünyanın 140 ölkəsinin iqtisadiyyatının rəqabət qabiliyyətini müəyyən edərkən Azərbaycanı 40-cı mövqedə müəyyən etdi. Bu, çox böyük nəticədir. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları sferasında isə Azərbaycan MDB məkanında birinci yerdə dayanır”.

Müsahibimiz Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ev sahibliyi etdiyi çox böyük beynəlxalq tədbirlərdən söz açıb: “Bunlardan biri 2015-ci ildə baş verdi. Ölkəmiz Avropa qitəsində ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi etdi. Təkcə ev sahibliyi etmədi, həm də ilk Avropa Oyunlarının vətəni kimi də tarixə düşdü. Eyni zamanda idmançılarımız tarixi nailiyyətlərə imza atdılar. Təxminən 50 ölkə arasında Rusiyadan sonra ikinci yerdə qərarlaşdı. Bu da çox böyük nəticədir. Təsadüfi deyil ki, Azərbaycanı həm də dünyada çox böyük idman ənənəsi olan və idmanda nəticələri olan bir dövlət kimi qəbul edirlər”.

“Bu, tarixi hadisə idi”

Hazırda dünyanın bir sıra ölkələrində islamofobiya, irqçilik, ksenofobiya kimi çox təhlükəli tendensiyaların hökm sürdüyünü vurğulayan E.Nəsirli bu reallıq fonunda Azərbaycan dövlətinin 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı prosesi”nə start verdiyini xatırladıb: “Azərbaycan paytaxtında Avropa Şurasına daxil olan ölkələrin mədəniyyət nazirləri ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin mədəniyyət nazirlərinin tarixi görüşü oldu. Müsəlman və xristian dünyasının bir-biri ilə müzakirə etdiyi və həllini tapmağa çalışdığı məsələlər məhz Bakıda çözüldü. Bu da tarixi hadisə idi və cənab Prezidentin sözləri ilə desək, yəqin ki, hələ uzun müddət belə hadisənin qeydə alınması mümkün olmayacaq”.

2017-ci ildə ölkəmizdə İslam Həmrəylik Oyunlarının keçiriləcəyini vurğulayan müsahibimiz bunun da tarixi əhəmiyyətinin olduğunu söyləyib: “Tarixi əhəmiyyəti ondadır ki, Azərbaycan paytaxtı həm ilk Avropa Oyunlarına, həm də İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmiş olur. Bu da cənab Prezidentin yürütdüyü multikulturalizm siyasətinin birbaşa təsdiqidir. Əslində, cənab Prezidentin qeyd etdiyi kimi multikulturalizm həyat tərzi, dövlət siyasətidir, ictimai sifarişdir”.

“Hədəflərə çatmaq üçün böyük imkanlarımız, potensialımız var”

Azərbaycanın ən mühüm hədəfinin növbəti 10 il ərzində inkişaf etmiş ölkələr sırasında olmaqdan ibarət olduğunu söyləyən E.Nəsirli bunu dünya dövlətlərinin də qəbul etdiyini qeyd edib: “Təsadüfi deyil ki, bu ilin noyabr ayında ”Böyük İyirmilik"in Antalya toplantısında dünya iqtisadiyyatında ən böyük çəkiyə malik 20 dövlətlə yanaşı Azərbaycan dövləti və onun başçısı da təmsil olundu. Bunun özü artıq çox mühüm nəticədir. Beləliklə, qənaətimiz bundan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olaraq Azərbaycanı sürətlə, yüksələn xətt üzrə inkişaf etdirir və bizim qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün böyük imkanlarımız, böyük potensialımız var. Ən başlıcası isə bayaq qeyd etdiyim ki, Azərbaycan dövlətinin başçısı milli maraqlara söykənərək siyasət həyata keçirir".

“Hələlik MDB məkanında belə bir uğura başqa ölkə imza atmayıb”

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı da qəzetimiz vasitəsilə Prezident İlham Əliyevi təbrik edib: “Cənab Prezidentə şərəfli və çətin vəzifəsində yeni-yeni uğurlar arzulayıram. Bu uğurlara nail olmaq üçün ona möhkəm cansağlığı, ailə səadəti diləyirəm. 2003-cü ildən Azərbaycan xalqının etimadını qazanaraq prezident vəzifəsinə başlayan cənab İlham Əliyev ötən zaman kəsiyində özünü yüksək intellektə və idarəetmə bacarığına malik dövlət xadimi kimi göstərdi və təsdiq etdi. Ölkə Prezidentinin düşünülmüş siyasəti əlbəttə, fundamental əsaslara malikdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan dövləti İlham Əliyevin prezidentliyi zamanında daha yüksək səviyyəyə qaldırıldı. Ölkəmiz regionun lider dövlətinə çevrildi. Dinamik inkişaf edən Azərbaycanımız beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirdi. Ölkə prezidentinin həyata keçirmiş olduğu xarici siyasət Azərbaycana çox böyük dividendlər və çox böyük nüfuz qazandırdı. Təsadüfi deyil ki, Azərbaycan bir neçə il bundan öncə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçildi. Hələlik MDB məkanında belə bir uğura başqa ölkə imza atmayıb. Bu, əlbəttə, ölkə prezidentinin bəyan etdiyi xarici siyasətin nəticəsi idi”.

F.Ağamalı qeyd edib ki, Azərbaycan artıq nəinki regional, eyni zamanda qlobal xarakter, geopolitik mahiyyət daşıyan layihələrin təşəbbüskarı və onun ən fəal iştirakçısı kimi artıq ciddi imzalar atıb: “Bu gün Azərbaycan şimalla cənub, qərblə şərq arasında əhəmiyyətli tranzit ölkə kimi etibar qazanıb. Bakıda dünya səviyyəli tədbirlərin keçirilməsi də məhz İlham Əliyevin müdrik xarici siyasətinin tərkib hissəsidir və dövlətimizə olan inamın ifadə formasıdır”.

Deputat bildirib ki, ölkə prezidentinin 2003-cü ildən həyata keçirmiş olduğu düşünülmüş, olduqca praqmatik və Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edən xarici siyasəti dövlətçiliyimizin möhkəmlənməsinə və onun beynəlxalq nüfuzunun artmasına çox ciddi töhfələr verib: “Mən əminəm ki, sonra da ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilməkdə davam edəcək”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər