25 Dekabr 2015 16:06
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Həsənov: “Azərbaycan mediası Azərbaycan hakimiyyətinin partnyorudur”

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yer qazanan jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə jurnalistlər, media rəhbərləri, millət vəkilləri, müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, dövlət rəsmiləri iştirak edib. Mərasimdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli jurnalistləri, tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik edib. O, bildirib ki, 2015-ci il yaddaqalan illərdən biri olub: “Bu il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ölkəmizdə I Avropa Oyunları keçirildi, bununla Azərbaycan dünyada tanındı və bir nümunə göstərdi. 2015-ci ildə mətbuat işçiləri üçün əlamətdar oldu, milli mətbuatımızın 140 illik yubileyi keçirildi. Möhtərəm Prezidentimiz bununla bağlı sərəncam imzaladı. Bu il mətbuatın 140 illiyi təntənəli şəkildə qeyd edildi. 180 jurnalistə fəxri adlar verildi, orden və medallar təqdim edildi”.

V.Səfərli qeyd edib ki, il ərzində KİVDF 34 qəzeti maliyyələşdirib: “Konsepsiyada nəzərdə tutulmuş 19 istiqamət üzrə Azərbaycanın bütün sahələrini əhatə edən yazılar yazılıb. Ədəbi dilin qorunması ilə bağlı layihələr həyata keçirilib və əməli tədbirlər görülüb. İl ərzində 11 fərdi yazı müsabiqəsi keçirilib, 600-dən artıq jurnalist bu müsabiqələrdə iştirak edib, 450-ə yaxın jurnalist mükafatlandırılıb. Bu müsabiqəyə isə 60 media orqanından 156 yazı təqdim olunub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Qiymətləndirmə nəticəsində 113 qalib müəyyənləşib”.

“İlham Əliyevi jurnalistlər adından təbrik edirik”

Sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistikanın xalqımızın mili şüurunun oyanmasında və müstəqil dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayıb: “Azərbaycan jurnalistikası kifayət qədər böyük hörmətə layiqdir. Bir məqamı qeyd edim, jurnalistlər üçün yaşayış binası tikildi və bu günlərdə jurnalistlərə mənzillərin çıxarışı verildi. Azərbaycan Prezidenti İlham Əliyevi jurnalistlər adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik”.

“Media cəmiyyətə dəstək verməlidir”

Daha sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Ə.Həsənov qeyd edib ki, 2015-ci il Azərbaycan Milli Mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olub və əlamətdar hadisələrlə yadda qalıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb, onun problemlərinə xüsusi həssaslıqla yanaşıb və kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri dəstək verib. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində insan amili, Azərbaycan vətəndaşının qayğıları, onların rolu və inkişafı, dünya dövlətləri miqyasında Azərbaycan dövlətinin maraqlarının müdafiə və mühafizəsi, dünya dövlətləri ilə tərəfdaşlıq, əməkdaşlıq istiqamətində əlaqələr dayanır. Bu işlərdə medianı yanımızda görürük və bundan sonra da görmək istəyirik. Azərbaycan mediası Azərbaycan hakimiyyətinin partnyorudur. Biz heç vaxt medianı özümüzə rəqib kimi görmürük. Qarşıdan gələn il cəmiyyətimiz üçün o qədər asan olmayacaq. Son illərdə dünyanın neft bazarındakı yaşanan proseslər, konyektura əsas neft ölkələri kimi Azərbaycanın da qarşısında müəyyən problemlər yaradıb. Amma buna baxmayaraq düşünürəm ki, biz bu vəziyyətdən də çıxacağıq. Bu vəziyyətdən çıxmaq istiqamətində mühüm dövlət proqramları mövcuddur. KİV-in bir neçə rolu var, bu rollardan biri də ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində yaşanan və gözlənən proseslərə media öz dəstəyini verməlidir, media bu proseslərdə iştirak etməli, cəmiyyətin intellektual kəsimini öz səhifəsinə, efirinə çıxarmaqla cəmiyyətin düzgün yol seçməsinə dəstək verməlidir”.

Prezidentin köməkçisi bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın dövri mətbu nəşri, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir.

“2016-cı ildə mənzillərin jurnalistlərə verilməsi planlaşdırılır”

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Prezidentinin Administrasiyasına redaksiyalardan və jurnalist təşkilatlarından KİV əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-ə yaxın təqdimat daxil olub, dövlət başçısının cari ilin iyulun 15-də verdiyi sərəncamına əsasən Azərbaycan Milli Mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar verilib: “Eyni zamanda KİVDF kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirib, 34 redaksiyaya yüksək məbləğdə maliyyə dəstəyi ayrılıb. Bundan başqa, Fond Novruz bayramı, Milli Mətbuat günü və Yenil illə əlaqədar 3, habelə ayrı-ayrı dövlət orqanları ilə 8 fərdi jurnalist yazıları müsabiqəsi keçirib, yüzlərlə jurnalist pul mükafatlarına layiq görülüb. Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilmiş 156 mənzillik binanın sənədləşdirmə işləri başa çatdırılıb və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib. Jurnalistlər üçün digər 256 mənzillik binanın tikintisi davam etdirilir və 2016-cı ildə mənzillərin jurnalistlərə verilməsi planlaşdırılır”.

Ə.Həsənov vurğulayıb ki, kütləvi informasiya vasitələrinin əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat seçilib.

Prezidentin köməkçisi bildirib ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək: “Lakin KİV-lər yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidirlər”.

Daha sonra qaliblərə diplomlar təqdim olunub. Yazı müsabiqəsində birici yer tutan jurnalistlər arasında “Teleqraf” Media Holdinqin 2 əməkdaşı da olub.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər