7 Yanvar 2016 12:36
405

“Dərman strateji məhsuldur. Dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də, bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar”.

Bunu yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. O, bildirib ki, indiyə qədər Azərbaycanda dərman istehsalı olmayıb. Onun sözlərinə görə, ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir:

“Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Artıq hökumət bu məsələ üzərində işləyir. Tanınmış xarici şirkətlərlər birgə dərman istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Bu, çox vacib və əhəmiyyətli məsələdir. Ölkəmizdə dərman istehsalı üçün potensial var”

Naibə QURBANOVA


Müəllif: