7 Yanvar 2016 17:16
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qanun icra üçün verilir, gömrük sahəsində islahatların reallaşmaması qanunun icra olunmaması təbii ki vətəndaşı narahat edir. Demək hazırda əl yükü kimi 10 kq məhsul keçirməyə icazə verilsə də bu yük deyəsən kiməsə ağır gəlir nəticə etibarilə çəkisindən asılı olmayaraq yük yenə də sadə vətəndaşın üzərinə düşür.”

Bu sətirlər yanvarın 6-da saat 21:00-da “Azad Azərbaycan” televiziyasının efirində yayımlanan “Atv xəbər “ verilişindəki süjetdən götürülüb. Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun qarşısında çəkilən kadrlar əsasında hazırlanan süjetdə gömrük sahəsində həyata keçirilən islahatlara guya əməl olunmamasından, qanunların pozulmasından danışılır. “Ciddi xəbər” adı altında şou düzəldib ucuz reytinq dalınca qaçan bu “televiziyanın möhtəşəm süjeti” haqda daha sonra.

Son illərdə baş verən qlobal iqtisadi böhran artıq dünya ölkələrinin əksəriyyətini əhatə edib. İqtisadi tənəzzülə paralel olaraq neftin qiymətində baş verən kəskin azalma neft ixracatçısı olan digər ölkələr kimi Azərbaycan iqtisadiyyatına da təsirini göstərib. İlllər öncə ölkəmizdə neftdən asılılığı aradan qaldırmaq məqsədilə həyata keçirilən islahatlar ötən il daha da sürətlənib. Sahibkarlıq mühitinin stimullaşdırılması, yerli istehsalın inkişafı və qorunması istiqamətində mühüm addımlar atılıb , mütərəqqi islahatlar həyata keçirilib. Demək olar ki, dövlət və özəl sektorda fəaliyyət göstərən bütün qurumlar mümkün vasitələrdən istifadə etməklə milli iqtisadiyyatın qorunması istiqamətində səfərbər olunub. Bu sahədə medianın, kütləvi informasiya vasitələrinin də rolu danılmazdır. Qəbul olunan qanunların, yeniliklərin ictimaiyyətə çatdırılması, şərh olunması və təbliği sahəsində medya orqanlarının üzərinə mühüm vəzifələr düşür və ümumi mənzərə bundan ibarətdir ki, milli mətbuatımız yaxşı mənada bu sahədə öz töhfəsini verməyə çalışır.

Ancaq müşahidələr göstərir ki, bəzi medya orqanları ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək qərəz, reytinq, qeyri-peşəkarlıq vəya məlumatsızlıq nəticəsində həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlar yaymağa çalışır. Yanvarın 6-da saat 21:00-da “Azad Azərbaycan” televiziyasının efirində yayımlanan “Atv xəbər” verilişindəki süjetdə də bu qəbildən olan məlumatlar öz əksini tapıb. Süjetdə dövlət sərhədini keçdiyi ehtimal olunan və titrlərdə adı , soyadı əks olunmayan şəxslərdən alınan müsahibə əsasında verilən informasiyaya görə sözügedən gömrük postunda Gürcüstandan gələn vətəndaşlara guya 10 kq əl yükünü keçirməyə icazə verilmir və gömrük əməkdaşları “qanunlara etinasizliq göstərərək” gömrük sərhədindən istədikləri qədər yükü buraxır vəya ümumiyyətlə buraxmır. Üstəlik gömrükçülərin vətəndaşlarla davranış qaydalarına əməl etmədiyi və onlarla kobud davrandığı iddia olunur.

Sözügedən reportajın qeyri peşəkarcasına hazırlandığı göz qabağındadır. İlk növbədə 10 kq əl yükü deyildikdə nədən bəhs olunduğu ,hansı qanun vəya qaydaya əsasən bu fikirlərin səsləndirildiyi faktlarla əsaslandırılmalıydı. Bununla bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalari” nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər gömrük sərhəddindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər və gömrük keçid məntəqələrində bu qanuna tam əməl olunur.

Adları, dövlət sərhədini hansı məqsədlərlə keçdiyi belə bilinməyən şəxslərin diliylə dövlətin iqtisadi təhlükəsizliyini təmin edən qurumlarından birinin qanunları pozmaqda ittiham etmək isə absurddur. Süjeti hazırlayanların diqqətinə çatdırırıq ki, Dövlət Gömrük Komitəsi gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçidini Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə həyata keçirir , bütün gömrük postları 24 saat ərzində yüzlərlə kamera ilə izlənilir və proseslər qeydə alınır. Bu sistemin imkanlarından istifadə edərək apardığımız araşdırma zamanı məlum oldu ki, süjetdə müsahibəsi təqdim olunan qadın Azərbaycan Respublikası vətəndaşı, Qazax rayon sakini Sona İsmayılovadır. 57 yaşlı Sona İsmayılova son bir ayda dövlət sərhədini 62 dəfə keçib.

Süjetdə istədiyi qədər “əl yükünü” keçirə bilmədiyi üçün “dolana bilmədiyini” iddia edən Azərbaycan Respublikası vətəndaşı, Qazax rayon sakini 1984-cü il təvəllüdlü Tural Namazov isə ötən ilin dekabr ayının 8-dən bugünədək dövlət sərhədini 102 dəfə keçib və 07 yanvar 2016 tarixində yenidən Gürcüstan Respublikasına səyəhət edib. Maraqlısı isə odur ki, “dolana bilmədiyini” iddia edən Tural Namazov hər dəfə özü ilə 3 blok siqaret gətirib ki, bu da ümumilikdə 1530 qutu deməkdir. Yəqin ki, Tural Namazovun dilindən dövlətin strateji qurumlarından birinin fəaliyyətini şübhə altına alanlar onun bu qədər siqareti şəxsi istifadə üçün gətirdiyini iddia edə bilməzlər.

Gömrük əməkdaşlarının vətəndaşlarla kobud davranışına gəlincə isə konkret bunu iddia edən Sona İsmayılova ilə gömrükçülərin necə davrandığını aşağıdakı videodan aydın görmək olar.

Azərbaycan respublikasının mövcud qanunvericiliyinə görə hər hansı məlumat yayımlanmadan öncə aidiyyatı qurumların da rəyi öyrənilməlidir ki, sözügedən süjet hazırlanarkən Dövlət Gömrük Komitəsinin rəyi öyrənilməyib.

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını fəaliyyətləri zamanı qərəzsizliyə, peşəkarlığa, olkə qanunlarına hörmət etməyə etməyə çağırır.

Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, milyonlarla izləyicisi olan auditoriya vasitəsilə yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında məsuliyyət daşıyırlar.

Süjetin əvvəlində səslənən 10 kq yükə gəlincə isə qanunlara etinasızlığın yükü daha ağırdır. İstər qanun, istər vicdan qarşısında.


Müəllif: