14 Yanvar 2016 15:49
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nin reallaşdırılması istiqamətində həyata keçirilən ən böyük tədbirlərdən biri yerli geoloji şəraitə uyğun ən yeni tunelqazma vasitələrinin istehsalata cəlb edilməsi olub.

“Bakı Metropoliteni” QSC-dən Teleqraf.com-a verilən məlumata görə, 2011-ci ildə Almaniya istehsalı olan “Herrenknecht” tunelqazma kompleksinin ölkəyə gətirilməsi ilə texnoloji inkişafa nail olunub.

Bu qurğu, eləcə də “Avtovağzal – Memar Əcəmi-2” sahəsində “Azərkörpü” ASC-nin tətbiq etdiyiABŞ istehsalı olan “Robbins” tunelqazma kompleksi müxtəlif geoloji şəraitlərdə işləmək üçün yararlıdır.

Bu vaxta qədər Bakıda ay ərzində 60-65 m tunel sahəsinin inşası rekord göstərici sayılırdısa, yeni qurğular həmin müddətdə 350-400 m tuneli tam hazır şəkilə gətirirlər. Yeni komplekslə qazıntı işi qruntun çıxarılması, tunel geyiminin quraşdırılması və onun arxasına möhkəmləndirici məhlulun vurulması ilə paralel aparılır.

“Herrenknecht” qazma kompleksinin “Bənövşəyi” xəttin “Avtovağzal” stansiyasından “Memar Əcəmi-2” stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlayıb. İndiyə kimi 4630 m yol qət edən qurğu bu gün xəttin şərti olaraq “B-4” adlanan stansiyasına daxil olub. “Herrenknecht” həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb. Metro inşaatçıları bu məqama xüsusi bir önəm verirlər.

Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. “Herrenknecht” nəinki ölkəmizdə, Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən mexaniki qazma kompleksidir. O, Almaniya müəssisəsinin bu tipli 599-cu məhsuludur. “B-5” istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək.

Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra, “Herrenknecht” yolunu “B-5” stansiyasına doğru davam etdirəcək. Yəni, növbəti stansiya “B-5”.

Naibə QURBANOVA


Müəllif: