14 Yanvar 2016 18:59
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orxan Əhmədov: “Əsas məqsəd insanlara xeyir verməklə, bu işdən pul qazanmaqdır”

Bakıda fəaliyyət göstərən mağazalar müştərilərə tez-tez plastik kartlar paylayır. Bu kartlar vasitəsilə onlar endirimlərdən yararlana bilərlər. Amma kartların üstünlüyü ilə yanaşı, onların çoxluğu, kütləviliyi, harada hansı birindən istifadəni təyin etmək əlavə problemlərə yol açır.

Kartları gəzdirmək, harada hansından istifadə etməyi təyin eləmək əməlli-başlı problemə çevrilib. Ancaq üzülməyə dəyməz. Çünki bu problemi aradan qaldırmaq üçün bir layihə hazırlanıb.

Layihənin müəllifi startupçı Orxan Əhmədovdur.

Mobil cüzdan

Müsahibim 1983-cü ildə Bakıda anadan olub: “2000-2004 illərdə Qafqaz Universitetinin bank menecmenti ixtisası üzrə bakalavr təhsili aldım. Daha sonra 2004-2006 illərdə isə həmin universitetin biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistraturanı oxudum. Bir çox layihələrin müəllifi olmuşam. Onlardan biri də xərcim.az layihəsidir.

Elektron ticarət üzrə 8 illik, sadiqlik sistemləri üzrə isə 4 illik təcrübəm var. iKeebon - xərcim.az layihəsi bazarda mövcud olan sadiqlik kartlarını üstünüzdə daşımaq əvəzinə telefonda virtual əksini yaradaraq rahat istifadə imkanı verən mobil cüzdandır. Bundan əlavə, tətbiq vasitəsilə istifadəçilərimizə müxtəlif şirkətlərin və onlayn mağazaların xüsusi təkliflərini təqdim edirik. Üstəlik, şəhərdə fəaliyyət göstərən məkanlarda keçərli olan sadiqlik sistemləri və onlar vasitəsilə nə qədər qənaət etmək mümkün olduğu haqqında məlumatlandırırıq".

Bu layihəni yaratmaq qərarı ətrafında bir neçə il öncə düşünən həmsöhbətim deyir ki, əvvəllər ölkəmizdə sadiqlik sistemlərini yalnız banklar tətbiq edirdilər, lakin sonradan bu xidmətləri riteyl sahəsində çalışan demək olar ki, bütün şirkətlər tətbiq etməyə başladılar: “Sadiqlik sistemlərinin çoxalması bir tərəfdən vətəndaşlara pullarına qənaət etməyə yardım etdiyi kimi, digər tərəfdən çox sayda plastik kartları özləri ilə daşımaq məcburiyyəti yaratmış oldu.

Bundan başqa, xüsusi təkliflər hələ də köhnə metodlarla reklam olunduğu kimi, vətəndaşlar çox zaman hansı məkanda, hansı sadiqlik sisteminin işlədiyi və ya hansı birinin daha çox qənaət etmə imkanı verdiyi haqqında məlumatsız olurlar. Məhz bu problemləri aradan qaldırmaq məqsədilə biz 3-ü birində olan xərcim.az mobil tətbiqini yaratdıq və daha sonra beynəlxalq bazara çıxmağa hazırlıq ilə əlaqədar iKeebon adını tətbiq etdik".

Plastik kartların bir yerə toplanması

Bəs bu layihənin müsbət və mənfi tərəfi nədir? Orxan Əhmədov hesab edir ki, layihənin müsbət tərəfi odur ki, vətəndaşların üzərində çox sayda plastik kart daşımaqdan xilas edir, zamanına və puluna qənaət etməkdə yardımçı olur: “Layihənin üstün cəhəti plastik kartların bir yerə toplanmasıdır. Lakin bu zaman da müxtəlif problemlər yaranır. Hazırda bəzi kartları mobil telefonda daşımaq mümkün deyil. Nömrəli kartları isə rahatlıqla mobil telefonunuza köçürə və istədiyiniz yerdə ondan istifadə edə bilərsiniz. Hələ ki bank kartları buraya daxil deyil. Buna səbəb bir sıra təhlükəsizlik mülahizələridir. Gələcəkdə biz bunu da nəzərə almağı planlaşdırırıq.

Digər cəhəti odur ki, biz platforma kimi fəaliyyət göstəririk, istifadəçimiz sadiqlik kartlarını toplayaraq öz xüsusi endirimlərini bizim platformada yerləşdirə bilər. Bizim platformada hansı sistemlərin işlədiyini rahatlıqla müəyyən etmək olar və ən əsası, orada supermarketlərin və digər böyük müəssisələrin aylıq jurnallarında olan bütün endirimlər yerləşdirilir.

Real olaraq bu jurnala böyük məbləğdə pul xərclənsə də, insanlar bundan çox da istifadə etmirlər. Biz bu jurnallardakı məlumatları platformamıza yerləşdiririk.

Mənfi tərəflərindən isə bircə onu demək olar ki, bəzi hallarda mağazalarda quraşdırılmış barkod (marketlərdən aldığımız malın üstündəki etiketdə qalınlıqları fərqli şaquli cizgilər və bəzi rəqəmlər. Kassirlər bu malın etiketli tərəfini bir şüşənin üstündən keçirir və ya etiketə bir işıq tutaraq qiymətlərini avtomatik olaraq hesablayıb kassaya yazırlar) var ki, oxuyucular telefon ekranından barkodu oxuya bilmir. Bu isə sırf barkod oxuyucunun köhnə tipli olması ilə əlaqədar olsa da, bəzi hallarda istifadəçilərimiz üçün narahatlıq yaradır".

“Azərbaycan adından beynəlxalq bazarda tanıtmaqdır”

Startupçu iKeebon-Xərcim.az layihəsindən əvvəl ClubShop, MultiBon və VitalCV kimi layihələrdə də iştirakçı olub.

Onun sözlərinə görə, hazırda komandası ilə iKeebon layihəsi ilə yanaşı, ibeacon.az, pixelbum, 1net.az və digər layihələr ilə məşğul olur: “Əslində biz layihə xatirinə iş görmürük. Bunlar ilk növbədə biznesdir və əsas məqsəd insanlara xeyir verməklə yanaşı, pul qazanmaqdır. Planlarımıza gəlincə, üzərində işlədiyimiz layihələri xarici bazarlara çıxararaq, Azərbaycan adından beynəlxalq bazarda tanıtmağı düşünürük”.

Bir milyon istifadəçi smartfondan nə məqsədlə istifadə edir?

Orxan Əhmədov gələcək planlarından danışarkən dedi ki, ilk olaraq məqsədi bazara yeni texnologiyaları tanıtmaqdır: “Biz komanda şəklində fəaliyyət göstəririk. Sahə geniş, görüləcək iş çoxdur. Eyni zamanda, bu sferada müxtəlif boşluqlar var. İnsanların yeni texnologiyaya öyrəşməsi və istifadəsini anlaması zaman alır.

Statistikaya əsasən, Azərbaycanda dörd milyon smartfon var. Lakin ümumilikdə, cəmi bir milyon smatfondan istifadə edildiyini görərik. Bir milyon istifadəçinin smartfondan nə məqsədlə istifadə etməsi özü böyük sualdır. Düşünürəm ki, bu səbəbdən hələ görüləcək çox iş var".

İlhamə Əbülfət


Müəllif: