20 Yanvar 2016 17:55
426

Azərbaycanda verilən son iqtisadi yönümlü qərarlar ölkədə yeni iqtisadi mərhələnin başladığını göstərir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə - daha məsuliyyətli, daha işgüzar dövrünə qədəm qoyur.

O, iqtisadi sahədə aparılan islahatların son dərəcə böyük əhəmiyyətə malik olduğunu da söyləyib: “Şübhəsiz ki, dünyada gedən münasibətlərin fonunda Azərbaycanda da bulanıq sudan dadmaq istəyənlər, yaranmış ajiotaj mühitindən öz xeyri üçün faydalanmaq niyyətində olanlar vardı. Amma Prezidentin keçirdiyi müşavirədə reallığı qiymətləndirirərək ifadə etdiyi fikirlər, məncə, Azərbaycan cəmiyyətini sözün həqiqi mənasında rahatlaşdırdı. Azərbaycan o "ajiotaj dövrü"nü çox qısa müddətdə keçdi”.

İ.Həbibbəyli əlavə edib ki, hazırkı dövrdə xalqımızdan tələb olunan əsas məsələ daha məsuliyyətli olmaqdır: “Etiraf edək ki, bizim psixologiyamızda neftdən asılı olmağın arxayınçılığı, tənbəlliyi də var idi. Xalqımıza verilən mesajlar, qəbul edilən qərarlar bir daha göstərdi ki, xalqımızdan tələb olunan əsas məsələ daha çox məsuliyyətli olmaq, əvvəlkindən daha çox çalışmaqdır. Çalışmaq üçün meydan açıldı, süni yoxlamalar aradan qaldırıldı”.

Onun sözlərinə görə, ölkədə sahibkarlıq fəaliyyəti üçün yeni mühit formalaşdırılır: “Məncə, bu ağır durumda bizim məcburi olaraq atdığımız bu addımlar əslində bundan sonrakı inkişafın istiqamətlərini müəyyən etmək, xalqımızın məsuliyyətini artırmaq baxımdan son dərəcə əhəmiyyətlidir”.

AMEA-nın vitse-prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində işçilərin əməkhaqlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların da son dərəcə böyük əhəmiyyətə malik olduğunu deyib: "Neftdən asılı olan ölkələrin heç birində belə addımlar atılmayıb. Bu, Azərbaycan Prezidentinin həm xoş, həm də çətin anlarda öz xalqı ilə bir olması, xalqın rifahının onun üçün əsas olmasını göstərən konkret faktlardan biridir. Ona görə də bütün ziyalıların hamısı Azərbaycan Prezidenti İlham Əliyevə məhz belə bir məsuliyyətli anda atdığı addıma görə dərin minnətdarlığını bildirir”.


Müəllif: