21 Yanvar 2016 11:28
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 20-də Azərbaycanın Koreyadakı səfirliyi tərəfindən Seul şəhərində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Koreyanın ictimai-siyasi xadimləri, yerli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının professor və müəllim heyəti, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının nümayəndələrinin iştirak etdiyi anım mərasimi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfiri Rəmzi Teymurov 20 Yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarına qısa məlumat vermişdir.

Daha sonra Səfirliyin müşaviri Vaqif Cəfərov 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri barədə məlumat vermiş, dünya ictimaiyyətinin - dövlətlər və beynəlxalq təşkilatların faciə ilə bağlı nümayiş etdirdikləri mövqeni iştirakçıların diqqətinə çatdırmışdır.

V.Cəfərov keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər olayların digər ölkələrdə də törədildiyini qeyd etmiş, miqyası və qəddarlığına görə ən dəhşətlisinin isə məhz Azərbaycanda baş verdiyini vurğulamışdır.

Tədbirin gedişində 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı video çarx və fotolar nümayiş etdirilmiş, faciə ilə əlaqədar broşür və məlumat vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.


Müəllif: