22 Yanvar 2016 10:49
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Washington Post” qəzetində Oksford Universitetinin doktorantı Samuel Ramaninin Azərbaycana həsr etdiyi məqaləsi dərs edilib. O, məqalədə konqresmen Kristofer Smitin Azərbaycan əleyhinə sanksiyalar üzrə qanun layihəsinin qəbul edilməyəcəyinin səbəblərini açıqlayıb. Müəllif yazır ki, Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən mühüm enerji tranziti qovşağıdır, Prezident İlham Əliyev Gürcüstan və Ukrayna da daxil olmaqla ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan terrorizmə və islam radikalizminə qarşı mübarizədə Birləşmiş Ştatlarla həmrəydir.

S.Ramani qeyd edir ki, Bakı dünyada ikinci nəhəng neft kəmərinin başlanğıcını götürdüyü, Azərbaycan neftini Gürcüstan vasitəsilə Türkiyəyə nəql edən əsas məntəqədir. Amerika şirkətləri Xəzər dənizində neft-qaz sənayesinin işlənməsinə əsaslı töhfələr veriblər, Buş və Obama administrasiyaları ABŞ-ın geosiyasi maraqlarını nəzərə alaraq regiondan enerji ehtiyatları axınını genişləndiriblər. Müəllif yazır: “2008-ci ildə Respublikaçılar partiyasından keçmiş senator və ABŞ Senatının xarici işlər komitəsinin rəhbəri Riçard Luqar Azərbaycanı Xəzər regionunda Amerikanın yeganə dostu, ABŞ-ın müttəfiqlərinə neft tədarükçüsü adlandırıb”. Əgər Türkmənistan Trans-Xəzər qaz kəmərini tikə bilsə, dünya enerji ehtiyatları ticarətində Azərbaycanın əhəmiyyəti artacaq. Bu, öz növbəsində dünyada təbii qaz ehtiyatlarına görə dördüncü yeri tutan Türkmənistanı Avropa İttifaqı ilə bağlayacaq, Bakını tranzit enerji şəbəkəsinin mərkəzi edəcək.

Azərbaycan müstəqilliyinin bütün illərində beynəlxalq hüquq normalarını dəstəkləyib. Odur ki, o, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bununla da Birləşmiş Ştatlar ilə eyni mövqe nümayiş etdirir. Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü ölkənin Dağlıq Qarabağ regionunu işğal edən Ermənistan tərəfindən pozulub.

Müəllif xüsusilə 2001-ci ildə ABŞ-a edilmiş terror hücumundan sonra Azərbaycanın terrorizmə qarşı mübarizədə mühümlüyünü qeyd edir. Azərbaycan öz hava məkanını Amerika təyyarələri üçün açıb və tranzit qovşağı kimi xidmət göstərir. Buradan Əfqanıstana Amerika ordusu üçün yükün üçdə bir hissəsi (yanacaq, ərzaq ehtiyatı və geyim daxil olmaqla) daşınır. Bundan başqa, Azərbaycan islam radikalizminə qarşı mübarizədə də mühüm tərəfdaşdır.

Sonda Ramani yazır ki, ABŞ-ın geosiyasi maraqlarına uyğun olan bütün bu səbəbləri nəzərə alaraq, konqresmen Smitin belə demək mümkünsə “Demokratiyaya dəstək aktı”nın ABŞ Konqresində müzakirə zamanı uğur qazanacağına inanmaq çətindir.


Müəllif: